Fuad Ələsgərov: `DTİHB seçkini hansısa başqa ölkədə müşahidə edib`

Fuad Ələsgərov: `DTİHB seçkini hansısa başqa ölkədə müşahidə edib`
  14 Oktyabr 2013    Oxunub:1178
AzVsion.az Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovla müsahibəni təqdim edir.

- Dünən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Müşahidə Missiyası Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı kifayət qədər tənqidi ilkin hesabat açıqlayıb. Həmin sənədə münasibətiniz?


- Hesabatda göstərilənlər tənqid deyil, siyasi sifariş xarakterli yalanlardır. Hesabat bugünkü Azərbaycanın reallıqlarını danan, hətta adi məntiqə zidd olan bir sənəddir.

Keçirilmiş seçkilərin həqiqətləri nədən ibrətdir? Seçki prosesini 1300-ə yaxın beynəlxalq müşahidəçi, o cümlədən Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatların müşahidəçiləri, 50 mindən artıq yerli müşahidəçi izləmiş, xarici və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri işıqlandırıb. Onların təqdim etdiyi hesabatlara və bəyanatlara görə seçkilər yüksək səviyyədə təşkil edilib, onların nəticələrinə təsir edə biləcək hər hansı ciddi hüquq pozuntusu aşkar edilməyib, seçkilər xalqın iradəsini dəqiq əks etdirib və beynəlxalq standartlara cavab verib.

Bir neçə beynəlxalq və yerli təşkilat müstəqil sorğular - exit pollar keçirib. Ayrı-ayrı təşkilatlar tərəfindən bir-birindən müstəqil şəkildə aparılmış exit-polların nəticələri həm bir-birinə münasibətdə, həm də Mərkəzi Seçki Komissiyasının açıqladığı son nəticələrlə demək olar ki, eyni olub. Bu nəticələr birmənalı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük fərqlə seçkilərdə şəksiz qalib gəldiyini göstərib.

Xalqımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi dəstəkləməklə sabitliyə, əmin-amanlığa və davamlı sosial inkişafa səs verib. Cənab Prezident seçkilərin ilkin nəticələri açıqlandıqdan sonra xalqa müraciətində qeyd etdi ki, Azərbaycan demokratik dövlət kimi bundan sonra da uğurla inkişaf edəcək.

Diqqət edin. Hətta Azərbaycana kifayət qədər tənqidi mövqeyi ilə seçilən Avropa Şurası Parlament Assambleyasının müşahidəçiləri və son bir neçə il ərzində Azərbaycanla bağlı bir-birindən sərt olan qətnamələr qəbul etmiş Avropa Parlamentinin nümayəndələri Azərbaycan xalqını Prezident seçkilərinin dinc, azad, ədalətli və şəffaf keçirilməsi münasibəti ilə təbrik ediblər. Azərbaycan xalqını ATƏT-in hazırkı sədri Leonid Kojara da təbrik etmiş və Azərbaycanda seçkilər gedişində nümayiş etdirilmiş demokratiyanın inkişafındakı tərəqqini alqışlayıb. Aİ-nın Genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle və Aİ-nın xarici və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi Ketrin Eşton Azərbaycanın demokratik prosesə sadiqliyini qeyd ediblər.

Bütün bunların fonunda DTİHB-nin hazırladığı hesabatda Azərbaycandakı seçkilərlə bağlı heç bir müsbət məqam yoxdur, yalnız neqativ fikirlərdir. Elə təəssürat yaranır ki, sanki bu qurum hansısa başqa ölkədə seçkiləri müşahidə edib.

Belə kəskin fərqin izahı isə çox sadədir. Bizdə olan səhih məlumata görə hesabatın layihəsi seçkidən əvvəl DTİHB-ın Varşava ofisində yazılaraq hazır göndərilmişdir. Azərbaycanda olan missiya isə sadəcə gur fəaliyyət görüntüsü yaratmışdır. Bu DTİHB-nin çoxdan məlum olan iş prinsipidir. Biz təşkilatın Azərbaycanla bağlı əvvəlki hesabatlarında da eyni dəsti xətti görmüşük. Maraqlıdır ki, müşahidə missiyası rəhbərliyinə əsasən bizim ölkədə baş verən proseslərdən tamamilə xəbərsiz olan, ya da Azərbaycana və xalqımıza açıq şəkildə qərəzli mövqeyi ilə seçilən insanlar təyin edilir. Hazırki uzunmüddətli müşahidə missiyasının rəhbəri Tana de Zulueta da məhz belə şəxslərdəndir. Bu dəfə sifarişli hesabatı bəyat etmək üzrə həmin xanımın üzərinə qoyulmuş “missiya” onun ölkəmizə bəslədiyi mənfi münasibətlə üst-üstə düşüb.

Təəsüf ki, DTİHB tərəfindən monitorinqə cəlb olunmuş bir çox müşahidəçilər onların iradəsindən asılı olmayaraq Azərbaycana qarşı yönəlmiş siyasi oyun alətinə çevriliblər. Müşahidəmilərin əksəriyyəti hesabatın müddəaları ilə üst-üstə düşməyən fikirlər səsləndirmiş, onların üzünü belə görmədikləri, ən azından qərəzli hesab etdikləri sənədə həmmüəllif edilməsi cəhdlərinə açıq şəkildə etiraz ediblər.

İş o yerə çatmışdır ki, dünənki mətbuat konfransında çıxış edən ATƏT-in xüsusi koordinatoru Mişel Vuazan sonradan ayrıca bəyanatla çıxış etmək məcburiyyətində qalıb. O, qısamüddətli müşahidəçilərin qeyd etdiyi müsbət məqamların hesabatda əks olunmadığını bildirib. Onun fikrincə, seçkilər heç bir mübahisə doğurmayan şəksiz qalibi müəyyən etmiş və seçki kampaniyası ölkədə demokratiya sahəsində əldə edilmiş tərəqqini göstərib. Bu tərəqqi namizədlərin sayında, televiziya debatları vasitəsilə bərabər təşviqat aparmaq imkanlarında, seçicilərin yüksək aktivliyində və MSK-nın seçkiləri yaxşı təşkil etməsində əks olunub. ATƏT koordinatorunun bəyanatında daha sonra deyilir ki, seçkilər azad, şəffaf və ədalətli keçirilib və o, Avropa Şurası Parlament Assambleyasının və Avropa Parlamentinin rəyini tamamilə bölüşür.

Dünənki mətbuat konfransında DTİHB Müşahidə Missiyasının rəhbəri hesabatın qeyri-obyektivliyi və Avropa Parlamenti, AŞPA missiyasının hesabatından kəskin fərqi ilə bağlı haqlı iradlara cavab olaraq dedi ki, digər təşkilatlar uzunmüddətli müşahidəçiləri dəvət etmir, ona görə də bütün seçki prosesini əhatə edə bilmirlər.

Lakin DTİHB-in hesabatı digər hesabatlarda səsvermə günü ilə bağlı göstərilən müddəalarla da ziddiyyət təşkil edir. Halbuki, bu mərhələni müşahidə missiyaları göndərən bütün beynəlxalq təşkilatların nümayəndələri izləyiblər. Bundan əlavə, Azərbaycan Avropa Şurasının üzvü kimi 2000-ci ildən bu təşkilatın monitorinqi altındadır. Həmin təşkilatın ölkəmizdəki cari vəziyyət barədə çox müfəssəl məlumatı var. Ona görə də DTİHB missiyasının bu cür absurd bəyanatı onların hesabatının siyasi sifariş xarakterini gizlədə bilməz.

- Qəribədir ki, ATƏT/DTİHB-nun hesabatı Milli Şuranın və onun prezident seçkilərində olan namizədinin bəyanatları ilə səsləşir.

- Bu, ona görə baş verir ki, hər iki halda oxşar metodlar tətbiq olunur. Öz namizədinin perspektivsizliyini, xalq tərəfindən dəstəyinin olmadığını anlayan və onun katastrofik məğlubiyyətini proqnozlaşdıran Milli Şura deyilən qurum elə əvvəldən seçkilər gedişində saxtakarlığın olması barədə yalançı təbliğat kampaniyasını aparmaq taktikasını seçib.

Atalar sözündə deyildiyi kimi, hamıdan çox oğru “oğrunu tut” qışqırır. Hələ seçki kampaniyası gedişində Milli Şuranın namizədinin dəfələrlə saxtakarlıqları aşkar olunub. Səsvermə zamanı seçkiləri gözdən salmaq üçün onun tərəfdarlarının hazırladığı çoxsaylı saxtakarlıqlar ifşa olunub. Hətta onlar elə tələsmişlər ki, “səsvermə günü olan pozuntular” barədə videoroliklər internetə oktyabrın 8-də yerləşdirilib.

Saxtalaşdırma xalqla tamamilə əlaqəni itirmiş, normal seçkilər vasitəsilə xalqın dəstəyini ala bilməyən və şübhəsiz ki, seçkidə katastrofik məğlubiyyətindən sonra tarixə gedəcək radikal müxalifətin metodudur.

Eyni saxtalaşdırma metodu DTİNB missiyası tərəfindən tapşırılmış siyasi sifarişi yerinə yetirmək üçün istifadə olunur. Bu zaman Milli Şuranın bir ovuc üzvü və DTİHB-nun hesabat müəlliflərindən başqa heç kim seçkidə ciddi pozuntu aşkar etməyib.

- Bir neçə gündən sonra ATƏT/DTİHB adətən bu təşkilatın tövsiyyələrini nəzərdə tutan yekun hesabatını çap edəcək. Həmin tövsiyələr necə nəzərə alınacaq?

- Özünün ilkin hesabatı ilə DTİHB bir daha göstərdi ki, həmin təşkilatın mandatının tələb etdiyi kimi Azərbaycanda seçki prosesini obyektiv əks etdirmək onun maraq dairəsinə daxil deyil. Missiyanın hesabatı yenə də ölkəmizə qarşı siyasi təzyiq vasitəsi kimi çıxış edir. Sadəcə bu dəfə sənədin absurdluğu o dərəcədə aşkardır ki, ona ciddi yanaşmaq mümkün deyil. Deməli belə hesabat əsasında hazırlanmış tövsiyyələri də ciddi qəbul etmək olmaz.

Azərbaycan hər zaman beynəlxalq təşkilatlar, o cümlədən ATƏT/DTİHB qarşısında götürdüyü öhdəliklərə sadiq olub. Lakin əgər tərəflərdən biri bu öhdəliklərdən digər tərəfə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edirsə, onda zənnimcə fikirləşməliyik, DTİHB ilə əməkdaşlığı davam etdirmək bizə lazımdırmı?


Teqlər:  





Xəbər lenti