“Mühacir elitası”nda çaxnaşma: Kərimlinin işə yaramayan məktubları

“Mühacir elitası”nda çaxnaşma: Kərimlinin işə yaramayan məktubları
  01 İyun 2018    Oxunub:2538
Azərbaycanda əsasən özünü müxalifət elan edərək “mühacir biznesi”nin mərkəzinə çevrilən qüvvələrin işi iflasa uğrayır. Artıq siyasi müxalif, ictimai fəal kimi adlarla verilən dəstək məktublarının ünvanlandığı Almaniyanın müvafiq idarələri işlərini daha ehtiyatlı tutmağa başlayıblar.
Nəticə göz qabağındadır. Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin məlumatına görə, 2018-ci ilin yanvar ayının 1-dən aprel ayının 30-na kimi olan müddətdə müxtəlif vaxtlarda Azərbaycan Respublikasının vətəndaşı kimi qaçqın statusu almaq üçün müraciət edən 1564 nəfərin müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib.

857 nəfərə yol göründü

“Legat” hüquq mərkəzinin məlumatına görə, onlardan 857 nəfərinin müraciətinə rədd cavabı verilib. 121 nəfər haqqında müsbət qərar qəbul edilib (onlardan 7 nəfərinə 16-cı paraqrafa əsasən ailə birləşməsi ilə yaşamaq üçün icazə verilib, 61 nəfərin sığınacaq hüququ tanınıb, 17 nəfərin 41-ci paraqrafa əsasən köməkci müdafiə hüququ tanınıb, 36 nəfərə dözümlü yanaşılıb və ölkədən çıxarılması mümkünsüz hesab edilib). 586 nəfər haqqında isə digər prosedurlara uyğun qərar qəbul edilmişdir. Bunlar da əsasən “Dublin” sazişinə uyğun qəbul edilən qərarlardır. “Dublin” sazişinə uyğun olaraq, şəxsin viza aldığı və ya ilk gəldiyi ölkəyə qaytarılması nəzərdə tutulur.

4 ayda 764 nəfər...

Həmçinin təşkilatın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsindən əldə etdiyi rəsmi məlumata görə 01.01.2018-ci ildən 30.04.2018-ci ilə kimi olan müddətdə 764 nəfər Azərbaycan vətəndaşı qaçqın statusu almaq üçün müraciət edib. Onlardan 617 nəfəri ilk dəfə, 147 nəfəri isə təkrar olaraq qaçqın statusu almaq üçün müraciət edənlərdi. Azərbaycanlıların sayında ciddi azalma hiss olunmasa da, əhalisi Azərbaycan vətəndaşları ilə müqayisədə az olan qonşu Gürcüstan və Ermənistandan gələnlərə nisbətdə çox deyil. Belə ki, həmin müddətdə Ermənistan Respublikasından müraciət edənlərin sayı 820 nəfər, Gürcüstan Respublikasından müraciət edənlərin sayı isə 2264 nəfər olub. Müraciət edənlərin sayına görə Gürcüstan Respublikası hələ də ilk onluqda qalmaqda davam edir.

4 ay ərzində qaçqın statusu üçün müraciət edənlərin sayına görə ilk onluğa daxil olan ölkələr:

1. Suriya- 14926 nəfər
2. İraq -6348 nəfər
3. Əfqanıstan- 4059 nəfər
4. Nigeriya-4035 nəfər
5. İran İslam Respublikası-3223 nəfər
6. Türkiyə-2675 nəfər
7. Eritreya-2658 nəfər
8. Somali-2272 nəfər
9. Gürcüstan-2264 nəfər
10. Rusiya-1782 nəfər

Azərbaycan onluqda yoxdur, amma...

Göründüyü kimi, Azərbaycanın adı ilk onluqda yoxdur və MDB məkanından Gürcüstandan gələnlərin sayı artmaqda davam edir. Bunu eksperlər daha çox Gürcüstanla Avropa İttifaqı arasında olan vizasız rejimin olması ilə əlaqələndirirlər. Hətta ehtimallara görə qaçqın sayının artması Avropanı Gürcüstanla vizasız rejim məsələsinə yenidən baxmağa vadar edə bilər.Bunlar təbii ki, məsələnin digər tərəfləridir.Azərbaycanla da vizasız rejimin tətbiqi mühacir sayına təsir göstərə bilər və bu, əslində bir çox ölkələrdə təkralanan haldır. İndiki halda isə Azərbaycandan son illər gedənlər bir çox hallarda heç bir siyasi keçmişə, ictimai fəaliyyətə malik olmayanlardır ki, burada da dəstəyi ilk növbədə pul qarşılığında mühacir biznesi şəbəkəsindən alırlar. Bu şəbəkənin Azərbaycandakı rəhbərləri, Avropa ölkələrindəki qolları haqqında dəfələrlə yazılıb, ortada konkret ittihamlar, adlar var, ancaq təbii ki, qanunsuz fəaliyyətlə məşğul olan digər şəbəkələr kimi mühacir biznesi şəbəkəsi də ittihamlara susmaqla cavab verir.

“Yurd” sədrinin biznesinə zərbə

Sənədlər isə başqa şeydən xəbər verir. Müəyyən məbləğ qarşılığında məsələn, “Yurd” sədri Əli Kərimlinin imzasyla alınan dəstək məktublarının şəxsin status almasındakı rolu hələ də qalmaqdadır. Almaniya tərəfi daha çox əvvəlki dönəmlərdə bu sənədləri diqqətə alıb və qərar verilməsində möhürlü arayışların rolu olub. Ancaq son 3 ildə mühacirlərin sayının kəskin artması, siyasi fəaliyyətlə məşğul olanların yerini hətta şəxsi səbəblərdən və ya macəra axtarışına çıxanların tutması, mühacir biznesi ilə bağlı çoxsaylı məlumatlar, üstəlik də “Yurd” sədri Əli Kərimlinin artıq möhürlü arayış yox, ancaq dəstək məktubu imzalamaqla kifayətlənməli olması (AXCP adına iddia etdiyi halda möhürün onda olmaması səbəbi ilə- müəllif), Müsavat Partiyası ətrafında bu partiyanın üzvü kimi mühacirət edən Ləman Talıbova ətrafında kifayət qədər böyüyən qalmaqal (partiya üzvləri bu xanımı tanımadıqlarını bildirir və onun arayışı başqa yollarla əldə etdiyini vurğulayırdılar- müəllif) Almaniya müvafiq idarələrində araşdırmaları ciddiləşdirib. Bunun nəticəsidir ki, Almaniyaya gədənlərin sayı əvvəlki illərlə müqayisədə azalmadığı halda rədd cavabı alanların sayı çoxalıb. Bu isə təbii ki, “Yurd” sədri Əli Kərimli və mühacir biznesi şəbəkəsinin qazancının müəyyən qədər azalması ilə nəticələnəcək.

“Mühacir biznesi” şəbəkəsi çökdürülür


Təbii ki, bu, hələ şəbəkənin bütünlüklə çökdürülməsi demək deyil, amma bununla belə Almaniyada Angela Merkel hökumətinin miqrasiya siyasətinin hətta istefaya apara biləcək səviyyədə kəskin tənqid edilməsinin (xanım kanslerlə bağlı hətta məhkəməyə də ümraciət edilib- müəllif) də müəyyən təsir göstərdiyi müvafiq araşdırmaların daha ciddi istiqamətdə aparılmasını təmin etmiş olub. Vəziyyət belə davam edəcəyi halda Azərbaycanda özünü siyasi müxalifət elan edib “ana müxalifət” adına iddialı olan qurum və onun sədrinin də adının hallandırıldığı və heç bir təkzibin ortaya qoyulmadığı mühacir biznesindən əldə edilən vəsait kifayət qədər azalacaq. Pul müqabilində alınan dəstək məktublarının işə yaramaması barədə xəbərlər artıq “mühacir elitası” arasında sürətlə yayılmaqdadır. Bu məktubların, “Məhsul” stadionunda çəkilən “selfie”lərin, sosial şəbkələrdə başqa adla yazılan tənqid statuslarının status almaq üçün yetərli olmadığı ortadadır. Mühacir biznesi”nin dayaqları laxladılıb və ən maraqlısı bunu Almaniyadan ediblər. Amma hələ sonun gəlməsi üçün uzun zaman tələb edilir, əlində “Yurd” sədrindən dəstək məktubu saxlayan neçə-neçə azərbaycanlı düşərgələrdə növbə gözləyir...(Cebhe.info)

AzVision.az


Teqlər: Əli-Kərimli   AXCP  





Xəbər lenti