“Əlillik dərəcələri düzgün verilməyib” - YAP-çı deputat

“Əlillik dərəcələri düzgün verilməyib” - YAP-çı deputat
  31 May 2018    Oxunub:1280
“İllərdir ki, əlilliyin müəyyənləşməsi ilə bağlı atılan addımlar parlamentdə müzakirə olunub. Hesab edirəm ki, hazırda buna yeni nəzərlərlə baxmalıyıq. Əlilliyin verilməsi ədalət prinsiplərinə əsaslanmalıdır”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsinin müzakirəsi zamanı hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, elə şəxslər var ki, onların haqqı çatmasa da, əlillik ala bilir: “Elələri də var ki, haqqı çatır, amma ala bilmir. Azərbaycanda əlillərin sayı dünya ölkələri ilə müqayisədə çox yüksəkdir. Ayrı- ayrı strukturlar tərəfindən əlillik dərəcələri düzgün şəkildə verilməyib. Əgər bu say düzgün olarsa, o zaman onların pensiya və məvaciblərinin artırılması məsələsi gündəmə gələ bilər”.

Komitə sədrinin fikrincə, elə əlillər var ki, onlar işləyə bilərlər: “Əlilləri cəmiyyətdən təcrid etmək deyil, onları cəmiyyətin aktiv üzvü kimi fəaliyyətə cəlb etmək olar. Elə əlillər var ki, onlar oturaq şəkildə çalışa bilərlər. Azərbaycan qanunvericliyinə görə, hər hansı təşkilat bağlandıqda orada ən son əlillər, müharibə veteranları işdən uzaqlaşdırılmalıdır. Bu insanların iş axtarması digərlərindən daha çətindir. Qanunda təsdiq olunsa da, bəzi strukturlar buna nəzarət etmirlər. Bu məsələ ciddi nəzarətdə olmalıdır. Deputat həmkarlarıma kifayət qədər şikayətlər gəlir. Aidiyyatı strukturlar buna ciddi nəzarət etməlidirlər ki, bu cür insanların hüquqları daim qorunsun”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Siyavuş-Novruzov   Əlillik  





Xəbər lenti