Goethe-İnstitutunun Baş katibinin Bakıya ilk rəsmi səfəri

Goethe-İnstitutunun Baş katibinin Bakıya ilk rəsmi səfəri
  30 May 2018    Oxunub:1333
Goethe-Zentrum Bakının rəsmi açılışı ilə əlaqədar və mərkəzin yay proqramı çərçivəsində keçiriləcək sərgi və musiqi tədbirlərində iştirak etmək üçün Goethe-İnstitutunun Baş katibi cənab Johannes Ebert Azərbaycana rəsmi səfər edəcəkdir.
Goethe-Zentrum Bakı – Goethe-İnstitutunun bir hissəsi olaraq-şöbələri dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Almaniya Federativ Respublikasının mədəniyyət müəssisəsidir. Təşkilatın fəaliyyəti Alman dilinin xaricdə yayılması və mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönəlmişdir.

Goethe-Zentrum Bakı yalnız alman mədəniyyətinin təbliğini təklif etmir, həmçinin Alman-Azərbaycan Mədəniyyət Birliyinin binasında-Kapellhausda sərgilər, təqdimatlar, rəssamlarla görüşlər, mühazirələr, ədəbiyyat oxuları, konsertlər, film nümayişləri və bir çox başqa tədbirlər təşkil edərək mədəni diplomatiya yolu ilə Azərbaycan və Almaniya arasında körpülər qurur. Mədəniyyət və Turizm Nazirliyi, İçərişəhər İdarəsi və Yarat kimi müxtəlif yerli təşkilatlarla əməkdaşlıq edir.

Goethe-Zentrum Bakının yay proqramına “Unsound Dislocation” beynəlxalq eksperimental texno-musiqi festivalının keçirilməsi daxildir:

Əsli Səmədovanın “Dialoq” sərgi layihəsi və Goethe-Zentrum Bakının direktoru cənab Alfons Huqun kuratorluq etdiyi “Art & Football” sərgisi və həmçinin iyun, iyul aylarında keçiriləcək konsertlər. Goethe-Zentrum Bakı yüksəksəviyyəli mədəniyyət tədbirlərini tamamilə pulsuz keçirir və bütün tədbirlərini ictimaiyyət üçün açıq edir.


Goethe-Zentrum Bakı yay sərgi proqramını "Dialoq" layihəsi ilə başlayır. Bu layihədə əvvəlcədən dini məqsədlər üçün nəzərdə tutulmuş binalar sərgi məkanları kimi istifadə olunur: belə ki, misirli sənətkar Youssef Limoudun “Məqam. Xərabatın vəsfi” instalyasiyası-neoqotik Kapellhausda, Mişa Kuballın “Beş günəş / Galileo” əsəri isə Şirvanşahlar sarayının XV əsrə aid Şah məscidində nümayiş etdirilir. Sərginin açılışı 2 iyun, saat 17:00.

Ərəb dilində “məqam” sözünün çoxmənalığı Limoudun əsərlərinin interpretasiyasına geniş spektr ayırır. “Məqam” ev adlandırıla biləcək elə bir məkandır ki, orada ixtiyarsız olaraq nastalgiyaya qapılırsan. Digər bir interpretasiya şərq musiqisi ilə əlaqəni nəzərdə tutur: "məqam" həm səs sırasının yerini, həm də muğam kimi mətnli musiqi kompozisiyasını ifadə edən çoxmənalı termindir. “Məqam. Xərabatın vəsfi” sərgisi Azərbaycan muğam ifaçıları xanəndə Zabitə Əliyeva və Sərxan Bünyadzadənin muğamları ilə Elçin Şirinovun caz musiqisinin sintezindən ibarət “Şövq və Həsrət “ adlı konsert proqramı ilə müşayiət olunacaqdır. Bu layihə xüsusi olaraq Almaniyada Azərbaycan Mədəniyyət ili proqramı üçün hazırlanmış, 2008- ci il 25 iyulda Münxen İncəsənət Akademiyasında böyük uğurla nümayiş etdirilmiş və həmin vaxtdan etibarən heç bir yerdə təqdim olunmamışdır.

Həsrət, üzgünlük (bu sözə avropa dilləri arasında mənaca bir qədər alman sözü “Sehnsucht” yaxındır) ənənəvi mistik Şərq poeziyasının daimi mövzusu olan sufizm əqidəsi ilə aşiqlərin birləşməsi imkanını nəzərdə tutmayan ilahi sevgiyə yönəlir. İki muğam ifaçısı–gənc oğlan və qız–səhnədə bu musiqili əhvalatın əsas qəhrəmanları kimi çıxış edirlər. Caz pianoçusu muğamla eklektik qarışıq yaratmağa cəhd göstərməyərək müntəzəm olaraq muğam pyeslərinin arasında ifa edir.

Konsert 2 iyun tarixində,saat 19:30-da Kamera və Orqan musiqisi zalında (Alman kilsəsi) keçiriləcəkdir. Ünvan: 28 may,41. Giriş sərbəstdir. Konsertin tamaşaçılarına "Məqam" sərgisi ilə tanış olmaq imkanı veriləcəkdir.

“Məqam. Xərabatın vəsfi” sərgisi Kapellhausda hər gün 3 iyun tarixindən 12 iyun tarixinə qədər, saat 14:00-dan 20:00-qədər açıqdır. Ünvan: 28 may küçəsi, 35. Giriş sərbəstdir.

AzVision.az


Teqlər:





Xəbər lenti