Tereza Mey: Azərbaycanla güclü əlaqələr qurulub

Tereza Mey: Azərbaycanla güclü əlaqələr qurulub
  29 May 2018    Oxunub:1620
Biz tərəfdaşlığımızı daha da genişləndirmək istəyirik. Məhz buna görə mən aprelin 26-da Prezident İlham Əliyevi Dauninq Stritdə qarşılamaqdan böyük məmnuniyyət hissi keçirdim. Bizim iştirakımızla BP və SOCAR arasında hasilatın pay bölgüsü üzrə altıncı Saziş imzalandı. Bu Saziş son iyirmi beş il ərzində iki şirkət arasında qurulmuş möhtəşəm tərəfdaşlığın təcəssümüdür.
Bu fikirlər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Tereza Meyin “Xəzər Neft-Qaz 2018” sərgi və konfransı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.

Baş nazir qeyd edir ki, Birləşmiş Krallıq və Azərbaycan energetika sahəsindən başqa bir çox digər sahələri də əhatə edən güclü və ikitərəfli faydalı əlaqələr qurublar. O, ümidvar olduğunu bildirir ki, bu əlaqələr qarşıdakı illərdə də yüksələn xətlə inkişaf edəcək.

“Neft və qaz sənayesindən əldə olunan gəlirlər Azərbaycanın müasir və müstəqil ölkəyə çevrilməsinə kömək etmişdir. BP-nin Azərbaycanın iqtisadi inkişafında belə mühüm rol oynaması sevindirici haldır. 1994-cü ildə imzalanmış “Azəri-Çıraq-Günəşli” müqaviləsi Azərbaycanın neft tarixində, eləcə də ikitərəfli əlaqələrimizdə yeni bir dövrün başlanğıcını qoyan tarixi dönüş nöqtəsi idi. O vaxtdan bəri Britaniya şirkətləri Azərbaycanın neft və qaz sektorunu bütün dünyanın qibtə edəcəyi müasir texnologiya və dünya səviyyəli istehsalat müəssisələri vasitəsilə inkişaf etdirmək üçün on milyardlarla funt-sterlinq investisiya yatırıb”, - Tereza Mey məktubunda belə yazır .

AzVision.az


Teqlər: Tereza-Mey   İlham-Əliyev  





Xəbər lenti