Tanınmışlar hansı verilişlərə baxırlar? - SORĞU

 Tanınmışlar hansı verilişlərə baxırlar? - SORĞU
  10 Oktyabr 2013    Oxunub:1789
Televiziya həyatımızın ayrılmaz hisəssidir. Gündəlik informasiyadan tutmuş, mətbəx proqramlarında nəyi necə bişirəcəyimizə qədər hər bir məlumatı ondan öyrənməyə çalışırıq. Təbii ki, onlar arasında reytinqi yüksək olub tamaşaçıların böyük qismini cəlb edən və ya sadəcə sıradan olan verlişlər var. Bəs maraqlıdır tanınmışlarımızın diqqətini Azərbaycan teleməkanında hansı verlişlər çəkir? Və ya hansı televizya proqramı onların maraq dairələrinə uyğun gəlir.

Elə ilk olaraq verlişlərin hazırlanmasında böyük rolu olan teleaparıcılardan başlayaq.

Anar Cəfərov (teleaparıcı):

- Daha çox intelektual verilişləri izləyirəm. İctimai kanalda “Xəmsə”, AzTv-də “Breyn Rinq” və “Nə? Harda? Nə vaxt?”. Rusların “RenTv”-sindən isə sənədli filmlərə baxıram, vəssalam.

Nəsimi Nəbizadə (teleaparıcı):

- Vaxt olduqca bütün futbol reportajlarına baxmağa çalışıram. Günümün çox hissəsi isə internetdə keçir.

Şəbnəm Xeyrulla (teleaparıcı):

- Nə qədər "qeyri-adi" səslənsə də, ANS-ə baxıram. Əlbəttə ki, informasiya proqramları və aparıcısı olduğum "Alın yazısı" və "Keçmişə salam" verilişlərinə baxıram.

Aydın Mirzəzadə (deputat):

- Müxtəlif yönümlü proqramlara marağım var. Bu, daha çox cəmiyyətdə gedən prosesləri başa düməyə imkan verir.

Vasif Ismayıl (həkim):

- Yerli kanallardan demək olar ki, heç bir proqramı izləmirəm. Bir vaxtlar “Zorxana” var idi, bax, onu izləyirdim. Bir də “Bozbash Pictures”-i saya bilərsiniz.

Murad Arif (teleaparıcı):

- Bir mahnının tarixçəsi, ötən əsrin nəğmələri, “İç xəbər”, İradə İsakın proqramları, Murad Dadaşovun layihələrini izləyirəm.

Bəxtiyar Hacıyev (gənc fəal):

- Ən azı son 1 ildə yerli telekanalları izləmirəm. Yalnız hər hansı bir xəbər və ya ictimai maraq doğuran müzakirənin video yazısına baxıram.

Aytən Tağıyeva (teleaparıcı):

- Arada şoulara baxıram. Zehni inkişaf etdirəcək verliş yoxdur. ATV və ANS-də xəbərlərə baxıram.

Samirə Rüstəmova (jurnalist):

- Mənim ən çox üstünlük verdiyim intellektual, maarifləndirici proqramlardır. Şou xarakterli, maqazin verilişlərinə o qədər də marağım yoxdur. Çünki şou-biznesdən uzağam. Əsasən Atv-nin xəbərlər proqramını maraqla izləyirəm. Daha sonra “Euronews”, “TNT” və “STS” kanallarının daimi izləyicisi sayıla bilərəm.

İradə Tuncay (Ədalət qəzetinin baş redaktoru):

- Demək olar ki, baxmıram. Hərdən çox az hallarda və ya təsadüfən ola bilər.

Elnarə Xəlilova (müğənni):

- Mən, ümumiyyətlə, heç tv-yə baxmıram.

Günel Hümbətova (teleaparıcı):

- Vaxtımın azlığından televiziyaya çox da baxa bilmirəm. Mənə lazım olan informasiyaların hamısını demək olar ki, internetdən izləyirəm. Həmçinin yeni filmlərə də internetdən baxıram. Hərdən bəziləri deyir ki, mən yerli telekanalları izləmirəm, ancaq xarici kanallara baxıram. Bu fikirlə də razılaşmıram. Çünki yerli kanallarda da maraqlı nəsə tapıb izləmək olar. Mən, sadəcə, vaxt azlığından ümumiyyətlə, televiziya izləyə bilmirəm.

Əliyev Tarix (prodüsser):

- Mən, demək olar ki, evdə yalnız səhər oluram və gecə gəlirəm. Baxdığım səhər verlişləri “Gün keçir”, “Günəbaxan” axşamlar isə “Səni axtarıram” proqramlarıdır. Ən əsası isə `Evronews` kanalına baxıram.

Hacıbəy Heydərli (“azxber.com” saytının baş redaktoru):
- Yerli telekanallarda daha çox ictimai-siyasi və gənclərlə bağlı olan verilişləri izləməyə çalışıram. Ancaq çox təəsüf ki, bu tipli verilişlər ölkə teleməkanında azlıq təşkil edir.
Təbii və anlaşılandır ki, telekanallar reytinq xətrinə daha çox şou verilişlərinə üstünlük verir. Ancaq mən düşünürəm ki, əgər peşəkarlardan ibarət komanda olsa, ictimai-siyasi verilişlər də reytinq rekordu qıra bilər. Ancaq faktdır ki, bu gün televiziyalarda peşəkar qıtlığı yaşanır. Bu gün ANS Televiziyasında “Açıq söhbət, “Günəbaxan”, “Alın yazısı”, Lider TV-də Mövqe, Seçim, Xəzər tv-də “İmza Mən”, “Yolçu” verilişlərini qeyd edə bilərəm. Hiss olunur ki, bu verilişlər peşəkarlar tərəfindən hazırlanır və bu səbəbdən ortaya keyfiyyətli iş qoyulur. “Lider TV”də yayılanan `Mövqe` verilişini isə Azərbaycan teleməkanında yayımlanan ictimai-siyasi verilişlər arasında ən ciddisi və xalqa ən yaxını hesab edirəm.

Aytən Səfərova (teleaparıcı):

- Mən, demək olar ki, yerli telekanallara baxmıram. “Ellen Degeneres show”, “Jay Leno”, “İvan Urgant” və sair belə verilişləri izləyirəm.

Cavid Osmanov (radio aparıcısı):

- Azərbaycan kanallarında problem çoxdur. Əsas problem kadr problemidir. Mənim çobanlara çox böyük hörmətim var. Babam ferma müdürü olub və bizə həmişə çobanlara nəyə görə hörmət etməyimizi izah edirdi. Amma çobanlar gəlib veriliş aparanda bir qədər adam pis olur. Nəyə görəsə xəbər aparıcıları hər xəbərə öz rəylərini bildirməyi özünə borc bilirlər. Halbuki, xəbər aparıcısı xəbərin əsas prinsiplərini unudur: “Vicdanli, dəqiq və qərəzsiz”. Bu prinsipləri ANS fikirləşməyib, bu, dünya praktikasıdır. Bizimkilər isə nəyisə axıra qədər öryənməmiş, ona yiyələnib hamıya göstərməyə çalışırlar. Prioritet xəbərlərin seçimində problemlər yaşayırıq.

Şou tipli verilişlərə bir şey deyə bilmərəm. Bizimkilər istənilən xırda bir şeydən şou düzəltməyə can atır. Yəni əslində dərdimiz böyükdür, sadəcə olaraq, gələcəyə inanmalıylq ki, hər şey düzələcək. Şəxsən mənə gəldikdə, bəyəndiyim verilişə baxmaq üçün görək onu özüm düzəldim.

Səbinə Məmmədova
AzVision.az üçün




Teqlər:  





Xəbər lenti