“Paşinyana gücümüzü göstərməliyik...” - Politoloqdan müharibə çağırışı

“Paşinyana gücümüzü göstərməliyik...” - Politoloqdan müharibə çağırışı
  22 May 2018    Oxunub:11902
Ermənistanda hakimiyyətin Nikol Paşinyanın əlinə keçməsi Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni situasiya yaradıb. Düşmən bir tərəfdən cəbhədə təxribata əl atır, digər tərəfdən danışıqlara qatılmaq üçün şərtlər irəli sürür. Bu isə onu deməyə əsas verir ki, Paşinyanın rəhbərlik etdiyi Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. Elə isə nə etməli?
Politoloq Qabil Hüseynli AzVision.az-a bildirib ki, Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi təhlükə altındadır. Onun fikrincə, Paşinyan separatçı çıxışlarla Azərbaycanda psixoloji təsir göstərmək istəyir:

"Serj Sarkisyan dövründə qeyd-şərtsiz danışıqlar baş tuturdu. Paşinyan danışıqlar prosesinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın da cəlb edilməsi şərtini irəli sürür. Beləliklə, o, danışıqlar prosesini ciddi təhlükə altına qoyur. Üstəlik Dağlıq Qarabağ problemi ətrafında müxtəlif bəyanatlar verir. Məsələn, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, dünyada tanıdılması və.s bu kimi danışıqlar prosesinə əngəl törədən təkliflər, şərtlər irəli sürür. Görünür Dağlıq Qarabağ məsələsində Paşinyan Sarkisyandan da sərt mövqe nümayiş etdirməyə başlayıb və bununla sanki Azərbaycana psixoloji təzyiq göstərmək və danışıqlar prosesini ciddi təhlükə altına qoymaq istəyir”.

Politoloq qeyd edib ki, artıq Azərbaycan tərəfi bu istiqamətdə ilk addımlarını atıb: “Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cenevrədə ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşdü və Azərbaycanın danışıqlar prosesini irəlilətmək üçün təkliflərini, Ermənistanda baş verən hadisələrdən sonra işğalçı ölkənin danışıqlar prosesindəki mövqeyini onlara bəyan etdi. Yəni yaranmış vəziyyət bir il əvvəlki ilə eyni deyil. Erməni tərəfi daha destruktiv mövqe tutmağa başlayıb və məqsədləri danışıqlar prosesini pozmaq, Paşinyana daha cəsarətli lider obrazı yaratmaqdan ibarətdir. Danışıqların yenilənməsi prosesi kifayət qədər problemli görünür”.

Q.Hüseynli bildirib ki, Azərbaycan danışıqlara gəlməyən Ermənistanla hərbi dillə danışmalıdır: “Azərbaycan təcavüzə məruz qalmış ölkədir və xeyli itkilər verib. Azərbaycan vətəndaşı qisası almaq üçün həmişə nələrisə etməli olacağını düşünməlidir. Azərbaycan dövlətinin isə danışıqlara gəlməyən və işğal edilmiş torpaqlarda məskunlaşdırma aparan Ermənistanla hərbi dillə danışmaqdan başqa yolu yoxdur. Rusiya, Qərb və ya başqları nə edəcək fikrinə varmadan bunu etməliyik. Azərbaycan ilk növbədə ölkəni səfərbər etməli, hazırlamalı və müharibənin başladığını bəyan etməlidir. Eyni zamanda Dağlıq Qarabağla sərhəd bölgələrində düşmənə lokal zərbələr endirmək yolu ilə ciddi təzyiqlər göstərməlidir. Yəni, danışıq yolu ilə münaqişənin həll olunmamasının nələrə gətirib çıxara biləcəyini düşmənə bir daha başa salmalıdır. Paşinyana gücümüzü göstərməyin zamanı çatıb”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Paşinyan   Qarabağ   Qabil-Hüseynli  





Xəbər lenti