Pekində Azərbaycan mədəniyyəti günü keçirilib

Pekində Azərbaycan mədəniyyəti günü keçirilib
  22 May 2018    Oxunub:1112
Heydər Əliyev Fondu, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Azərbaycanın Çindəki səfirliyinin birgə təşkilatçılığı ilə ŞƏT-in Pekindəki mənzil qərargahında Azərbaycan mədəniyyəti günü keçirilib.
Heydər Əliyev Fondundan AzVision.az-a verilən məlumata görə, tədbir çərçivəsində “Azərbaycan mirvarisi” adlı sərgi təşkil olunub.

Sərgidə Azərbaycanın müxtəlif bölgələrinə aid xalçalar, milli musiqi alətləri, misgərlik sənəti nümunələri, milli geyimlərimiz, gənc rəssam Fidan Kimin Azərbaycan və Çin ornamentlərini özündə əks etdirən əsərləri nümayiş olunub. Bundan başqa, tədbir iştirakçıları Azərbaycan xalqının xalça toxuma və şəbəkə sənəti ilə yaxından tanış olmaq imkanı qazanıblar. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinə, musiqisinə, ədəbiyyatına, xalçaçılıq sənətinə, mətbəxinə aid müxtəlif nəşrləri paylanılıb.

Qonaqlar ŞƏT-in mənzil qərargahının həyətində Azərbaycanın mədəniyyətini, tarixi və mədəni abidələrini, müasir memarlıq incilərini əks etdirən fotokompozisiyalardan ibarət, habelə Bakının 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi üçün namizədliyinə dair stendlərlə tanış olublar.

ŞƏT-in baş katibi Rəşid Əlimov belə tədbirlərin Təşkilatda təmsil olunan ölkələrin mədəni əlaqələrinin dərinləşməsi, dövlətlər arasında ənənəvi dostluğun və əməkdaşlığın genişlənməsinə xidmət etdiyini deyib. R. Əlimov bu gün qəlbləri oxşayan musiqi, alovlu rəqs, lirik poeziya vasitəsilə əfsanələr yurdu, zəngin və bərəkətli Azərbaycanın qədim, rəngarəng və fərqli mədəniyyəti ilə tanış olmaq imkanı yarandığını qeyd edib.

Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində sürətlə inkişaf edən Azərbaycanın fəal xarici siyasət yürütdüyünü diqqətə çatdırıb. Səfir Azərbaycanın öz nüfuzu ilə seçilən Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, qurumun işinə daha çox töhfə verə bilmək məqsədilə təşkilatdakı mövcud statusunu yüksəltmək istəyində olduğunu vurğulayıb.

Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkisində baş katib R. Əlimovun rəhbərlik etdiyi ŞƏT nümayəndə heyətinin müşahidəçilik missiyasını uğurla yerinə yetirdiyini diqqətə çatdıran Ə. Zeynallı missiyanın fəaliyyətinin və yekun bəyanatının Azərbaycan hökuməti və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini deyib.

Səfir Ə. Zeynallı Heydər Əliyev Fondunun tədbirin ərsəyə gəlməsində göstərdiyi böyük dəstəyi vurğulayaraq, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun fəaliyyəti nəticəsində Azərbaycan mədəniyyətinin bütün dünyada layiqincə təqdim və təbliğ olunduğunu diqqətə çatdırıb.

Sonra “Mirvari” rəqs ansamblının ifasında Azərbaycan rəqsləri təqdim olunub. Solist Ülkər Əliyeva, tarzən Şərhiyar İmanov və onun qrupunun ifasında mahnı və etno-caz kompozisiyaları tamaşaçıların marağına səbəb olub. Azərbaycanın xalq artisti Alim Qasımov və sənətkarın qızı, Əməkdar artist Fərqanə Qasımova muğam dəsgahlarını ifa ediblər.

Azərbaycan musiqisinin valehedici təsirinə düşən qonaqlar rəqqaslarımızla birgə “Yallı” gediblər.

Konsert proqramı boyunca səhnədə Azərbaycana, onun tarixinə, görməli yerlərinə, müasir inkişafına, mədəniyyətinə, memarlığına, Azərbaycanda təşkil olunmuş beynəlxalq tədbirlərə, Heydər Əliyev Fondunun ölkəmizdə və xaricdə Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində keçirdiyi tədbirlərə, Azərbaycanın tolerant və multikultural dəyərlərinə aid video-çarxlar təqdim olunub.

AzVision.az


Teqlər: Çin   Pekin   Heydər-Əliyev-Fondu  





Xəbər lenti