Cəmil Həsənli Qarabağı satmağa hazırlaşırdı

Cəmil Həsənli Qarabağı satmağa hazırlaşırdı
  10 Oktyabr 2013    Oxunub:1232
Cəmil Həsənli ` Guardian`dakı yazısında Qarabağı Azərbaycandan ayırıb

Britaniyanın aparıcı “Guardian” qəzeti iki gün öncə Azərbaycandakı preizdent seçkisilə bağlı məqalə dərc edib. Yazının müəllifi, nə qədər qəribə də olsa, prezidentliyə artıq keçmiş namizəd Cəmil Həsənlidir. O, məqaləsində təzə heç nə deməyib, uzaqbaşı debatda dediklərini ingilis dilində təkrarlayıb. Ki, Azərbaycana dünyanın gözündə daha çox qara yaxsın. Biz seçkiqabağı təbliğat sükutunu pozmamaq üçün həmin yazıya indi toxunuruq.

Amma bütün bunları bəlkə də bağışlamaq olardı. Di gəl, Cəmil Həsənli qərbli oxucuya Qarabağ düyününü necə açmağa hazırlaşması barədə məlumat verib. O, Azərbaycanla Ermənistanla açıq sülh prosesinə qoşulmağa çağırıb. Lakin bu da hələ hamısı deyil. Müxalifətin vahid namizədi yazısının növbəti abzasında Dağlıq Qarabağı nə az, nə çox - birbaşa “MÜBAHİSƏLİ ƏRAZİ” adlandırıb!!!

Xahiş olunur ki, diqqətlə oxuyasınız. Mətni “Guardian”da getdiyi kimi, orijinalda necə varsa elə veririk ki, sonra tənqidçilərin mümkün spekulyasiya bəhanələri də olmasın: “The problem of the DİSPUTED Karabakh region remains unresolved and hundreds of thousands of Azerbaijanis are unable to return to their homes”.

Maraqlıdır ki, “Azadlıq” qəzetində təkrarən dərc olunmuş mətndə isə C.Həsənlinin həmin ifadəsinə rast gəlinmir. Qəzet onu kəsərək çıxarıb. Görünür, müxalifət özü də başa düşüb ki, onun prezidentliyə namizədi nə edib. Qəzetin bu mövqeyi isə belə qənaətə gəlməyə əsas verir: əgər siyasi maraqlar bunu tələb edirsə, jurnalistika qanunlarını da pozmaq olar.

Beləliklə, müxalifətin vahid namizədi Dağlıq Qarabağı “mübahisəli ərazi” adlandırmaqla Azərbaycanın ərazi bütövlüyü ideyasının özünü şübhə altına salır. Belə deyilmi? Bu isə birbaşa səsvermə ərəfəsində baş verib. Cəmil Həsənli yaxasını bu sitatdan kənara çəkə və onu tərcüməçinin səhvi kimi qələmə verə bilməz. Çünki bu yazı müsahibə deyil, professorun özü tərəfindən qələmə alınmış müəllif yazısıdır.

Bundan əlavə, C.Həsənli ingilis dilini mükəmməl bilir. O, uzun illər Nyu-Yorkda işləyib, kitablar, monoqrafiyalar yazıb, ABŞ arxivlərində araşdırmalar aparıb. Buna heç kim inanmaz ki, bu qədər müddət ərzində ABŞ-da işləyən alim ingilis dilini bilməsin. O, hamını buna inandırmaq istəsə də bundan bir şey alınmaz.

Burada daha bir sitatı yada salmağa lüzum var. Bu cümlələr sizə tanış gəlirmi: Onlar belədir: “Ermənistanda hesab edirlər ki, Qarabağ onların torpağıdır, bizsə hesb edirik ki, bizim. Bu məsələ müzakirələrin, danışıqların, elmi araşdırmaların predmetidir”. Yadınıza salaq. Bu fikirləri bu il aprelin 4-də müxalifətin prezidentliyə ilk vahid namizədi olmuş Rüstəm İbrahimbəyov söyləmişdi. Və budur, yarım ildən sonra,- təkrar edirik, ən maraqlısı da budur ki, seçkiyə bir gün qalmış!- İbrahimbəyovun sələfi, faktiki olaraq onun dublyoru olan professor öz xələfinin Qarabağ konsepsiyasını sözbəsöz təkrarlayır. Bu, doğrudanmı sırf təsadüfdür? Amma axı, necə deyərlər, bir güllə bir qarğaya iki dəfə eyni yerdən dəymir.

Gəlin belə fərz edək ki, o zaman jurnalistlər İbrahimbəyovun fikirlərini təhrif etmişdilər. Amma həmin fikirlər bu dəfə Cəmil Həsənlinin öz qələmindən çıxıb axı! C.Həsənlinin Azərbaycana və Əliyevə nifrətinin şiddətindən özünü sadəcə saxlaya bilməyib ölkəmizin ərazi bütövlüyünü, Qarabağın Azərbaycana məxsus olması faktını şübhə altına alması variantı da inandırıcı deyil. Daha dərindən düşünmək lazımdır... Buradan ortaya çıxan məntiqi nəticə odur ki, R.İbrahimbəyov kimi C.Həsənli də Milli Şuranın Qarabağ konsepsiyasını ifadə ediblər. Bu konsepsiya beynəlxalq ictimai rəyə hesablanıb. O, London və Moskvadakı “lazımi və nüfuzlu dairələr” üçündür.

Bundan başqa, C.Həsənli oktyabrın 7-də beynəlxalq müşahidəçilərlə görüşündə “İlham Əliyevin ermənilərə münasibətdəki aqressiv ritorikasını” tənqid edib. Bunlar eyni bir məntiq zəncirinin ayrı-ayrı həlqələri deyilmi? Belə çıxır ki, Həsənli və onun ideoloqları Qarabağ problemini Azərbaycanın maraqlarına zidd şəkildə həll etməkdə maraqlı olan qüvvələrlə bu məsələdə gizli sövdələşməyə getməyə hazırdırlar. Və bu məxfi saziş Bakıda siyasi hakimiyyət uğrunda gedən mübarizədə “beynəlxalq güclər”in dəstəyini təmin etməlidir. Belə deyilsə, onda C.Həsənli bu tezislə niyə məhz seçki ərəfəsində çıxış etməyə belə tələsdi? O, bununla nə demək istədi?

Hər halda, görünən budur ki, İlham Əliyevə və onun ailə üzvlərinə münasibətdəki aqressiyaya və Qarabağın mübahisəli ərazi adlandırılması faktına yalnız erməni mətbuatında, bir də bizim müxalifət liderlərinin, o cümlədən İbrahimbəyovla Həsənlinin danışığında, çıxış və açıqlamalarında rast gəlinir. Erməni saytlarında gedən və analitik yazı adına iddia edən məqalələri oxuyun və onları Azərbaycan müxalifətinin prezidentliyə namizədi olmuş İbrahimbəyovun və onun dublyorunun açıq bəyanatları ilə müqayisə edin. Sözbəsöz eyni mətnlər, eyni ritorikadır! Eyni fikir, vahid proqramdır! Bu, sui-qəsddir, yoxsa milli təhlükəsizliyin sarsıdılması cəhdi?


Teqlər:  





Xəbər lenti