10 milyon olmağımıza az qaldı - Əhalinin sayı açıqlandı
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, əhalinin 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşmış, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,1 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 114 oğlan düşür (bioloji norma 105-107 təşkil edir). Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.
Cari ilin birinci rübündə ölkədə 15403 ölüm halı qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,6-dan 6,4-ə qədər azalıb.
2018-ci ilin ilk üç ayı ərzində qeydiyyat şöbələri tərəfindən 12932 nikah və 3556 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,5 olub.
Cari ilin yanvar-mart ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1010 nəfər Azərbaycana gələn, 301 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 709 nəfər təşkil edib.
AzVision.az
Teqlər: Statistika Əhali