Memarlar İttifaqında Heydər Əliyevin xatirəsi anılıb

Memarlar İttifaqında Heydər Əliyevin xatirəsi anılıb
  12 May 2018    Oxunub:4050
Azərbaycan Memarlar İttifaqının İdarə heyəti 12 may 2018-ci il tarixində Ümummilli lider Heydər Əliyevin 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş Plenum keçirib.
AzVision.az xəbər verir ki, əvvəlcə Memarlar İttifaqının İdarə heyətinin üzvləri Fəxri Xiyabanı ziyarət edərək Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarları üzərinə əklillər və gül dəstələri qoyublar. Sonra Plenum iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edib “Əbədi məşəl” xatirə abidəsinin önünə əklil qoyublar. Plenumu salamlama sözü ilə açan Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə Heydər Əliyevin memarlıq sənətinin təbliğində və inkişafında böyük rolunu qeyd edib, Ümummilli liderin memarlıq sənətinə olan münasibəti və sənətin incəliklərini dərindən bildiyi barədə danışdı.



Elbay Qasımzadə son illərdə şəhər və qəsəbələrimizin abadlaşdırılması, onların memarlıq simasının zənginləşdirilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında görülən işləri qeyd etdi. Eyni zamanda o, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin tarixi və memarlıq irsinin qorunması və bərpası işinə böyük diqqət ayırdığını vurğuladı.



Sonra Azərbaycan Memarlar İttifaqının üzvlərinə milli memarlıq sənətinin inkişafında xüsusi xidmətlərinə görə "Mikayıl Useynov" xatirə medalı və "Ustad Memar" Peşəkarlıq Şəhadətnaməsi təqdim olundu. Daha sonra “Heydər Əliyev və milli mədəni irsin qorunması” mövzusunda “Azərbərpa” Elmi-Tədqiqat Layihə institutunun direktoru, Respublikanın Əməkdar mühəndisi Telman Kərimlinin məruzəsi dinlənildi. Məruzə, Ümummilli liderin memarlıq sənətinə göstərdiyi diqqət və qayğını əks etdirən slaydlarla müşayiət olundu.



“Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” mövzusunda çıxış edən Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin üzvü Yusif İbrahimli öz məruzəsində AXC-nin yaranma tarixi və qısa fəaliyyəti ərzində gördüyü işlər barədə ətraflı danışdı. Çıxışlardan sonra Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə bu ilin mart ayında Bakıda keçirilmiş Beynəlxalq Memarlar İttifaqının Büro iclasının yekunları barədə məlumat verdi və bunun nəticəsi olaraq 2019-cu ildə Bakıda Beynəlxalq Memarlıq Forumunun və BMİ-nin Baş Assambleyasının keçirilməsinin qərara alındığını elan etdi.



Sədr, bu tədbirin ölkəmizin inkişafında prioritet istiqamətlərdən olan tarixi irsin qorunub saxlanılması və turizmin inkişafı üçün mühüm əhəmiyyət daşıdığını vurğuladı. Sonda Plenumun Qətnaməsi oxunuldu və qəbul olundu.





AzVision.az


Teqlər: Memarlar-İttifaqı  





Xəbər lenti