“Heydər Əliyev imkan verməzdi ki, Qarabağ münaqişəsi başlasın” - Prezident

“Heydər Əliyev imkan verməzdi ki, Qarabağ münaqişəsi başlasın” - Prezident
  11 May 2018    Oxunub:3743
"Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verməzdi ki, separatçı meyillər baş qaldırsın və Dağlıq Qarabağ münaqişəsi başlasın"
AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxışında deyib.

Dövlətimizin başçısı bildirib ki, Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət edib.

"Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olmuşdur".

Prezident qeyd edib ki, sovet dövründə Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə Azərbaycan uğurla, sürətlə inkişaf edib: "1969-cu ildə o, Azərbaycan Respublikasının rəhbəri seçiləndə Azərbaycan sovet məkanında ən geridə qalmış respublikalardan biri idi. Bunu sosial-iqtisadi göstəricilər də təsdiq edir. On üç il ərzində yorulmaz fəaliyyət nəticəsində Azərbaycan sovet məkanında ən qabaqcıl respublikalardan birinə çevrilmişdir. Əgər sovet dövründə - 1980-ci illərdə iki donor respublika var idisə, onlardan biri Azərbaycan idi. Azərbaycan ümumittifaq xəzinəsinə daha çox vəsait verirdi, nəinki alırdı. Məhz o illərdə Azərbaycanda sənaye inkişafı böyük templərlə təmin olunurdu. Yüngül sənayedə, ağır sənayedə, neft sənayesində böyük işlər görülmüşdür. O vaxt yaradılmış infrastruktur bu gün müstəqil Azərbaycanın inkişafına xidmət göstərir. Kənd təsərrüfatına böyük diqqət göstərilirdi. Azərbaycan böyük tikinti meydançasına çevrilmişdi. Yəni, 1982-ci ilin sosial-iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, doğrudan da Heydər Əliyevin rəhbərliyi ilə 13 il ərzində böyük işlər görülmüşdür və Azərbaycan, qeyd etdiyim kimi, qabaqcıl yerlərdə idi.

Onun gördüyü işlər, prinsipiallığı, şəxsi keyfiyyətləri, əlbəttə ki, sovet rəhbərliyində də yüksək qiymətləndirilirdi. 1982-ci ildə Leonid Brejnev vəfat edəndən və Yuri Andropov hakimiyyətə gələndən sonra onun ilk təyinatı məhz Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Heydər Əliyevi Moskvaya dəvət etmiş və ona yüksək vəzifə təklif etmişdir - Nazirlər Soveti sədrinin birinci müavini və Siyasi Büronun üzvü vəzifələrini.

Mən yaxşı xatırlayıram, atam bir neçə gün tərəddüd edirdi, Azərbaycandan getmək istəmirdi. Onun gördüyü işlər, əlbəttə ki, Azərbaycanı böyük dərəcədə inkişaf etdirmişdi və Azərbaycanın gələcək inkişafı ilə bağlı böyük planları var idi. Ancaq o vaxt təbii ki, güclü nizam-intizam var idi və eyni zamanda, sovet dövləti qarşısında yeni vəzifələr durmuşdu və o, bu yüksək məsuliyyəti öz üzərinə götürmüşdü. 1982-1987-ci illərdə o, bir çox önəmli sahələrə rəhbərlik edərək sovet dövlətinin uğurlu inkişafına öz töhfəsini vermişdir. Onun bilavasitə rəhbərliyi ilə böyük infrastruktur layihəsi olan Baykal-Amur dəmir yolu uğurla inşa edilmişdir, onun tikintisi tamamlanmışdır. Eyni zamanda, daim Azərbaycana böyük diqqət, kömək göstərirdi. Əlbəttə, onun burada gördüyü işlər və fəaliyyəti imkan verirdi ki, o, Azərbaycanı tərk edəndən sonra da Azərbaycan inkişaf etsin. Ancaq buna baxmayaraq respublikada sosial-iqtisadi göstəricilər getdikcə aşağı düşürdü, vəziyyət tənəzzülə uğrayırdı. Nəticədə 1980-ci illərin sonlarında - 1990-cı illərin əvvəllərində Azərbaycan böyük fəlakətlə üz-üzə qalmışdır".

Prezident əlavə edib: "Bir sözlə, o dövrdə Ulu Öndər çox böyük işlər görmüşdür və sovet məkanında onun xatirəsinə bu gün çox böyük hörmət və ehtiram var. Mənim onunla bərabər işləyən şəxslərlə çoxsaylı görüşlərim deməyə əsas verir ki, o, sözün əsl mənasında, böyük hörmətə layiq olan insan idi.

1987-ci ildə heç bir əsas olmadan ovaxtkı sovet rəhbərliyi tərəfindən Heydər Əliyev bütün vəzifələrdən uzaqlaşdırıldı. Bunun heç bir əsası yox idi. Çünki onun peşəkarlığı, gördüyü işlərin nəticələri, əlbəttə ki, ona qarşı edilən ədalətsizliyə uyğun gəlmirdi. Ancaq o vaxt sovet rəhbərliyində olan adamlar, sovet dövlətinin rəhbəri ona qarşı çox mənfi münasibət göstərirdi. Heydər Əliyev çox prinsipial, sözünü deyən insan idi. O görürdü ki, ölkədə vəziyyət pisləşməyə doğru gedir. O görürdü ki, real islahat əvəzinə, boşboğazlıq, populizm hökm sürür. O görürdü ki, qəbul edilmiş qərarlar sovet dövlətinin zəifləməsinə xidmət göstərir. Eyni zamanda, 1985-ci ildən başlayaraq, Sovet İttifaqında milli münasibətlər sahəsində çox böyük pozuntulara yol verilmişdir. Sovet dövlətini vahid bir dövlət kimi saxlayan, ilk növbədə, milli münasibətlərin tənzimlənməsi idi. 1985-ci ilə qədər bu münasibətlər demək olar ki, sağlam zəmində qurulmuşdur. Bütün xalqlar rahat inkişaf edə, öz mədəniyyətini qoruya bilirdilər.

Ona görə bütün bu xoşagəlməz meyillərə qarşı Heydər Əliyev biganə qala bilməzdi, öz səsini ucaldırdı və əlbəttə ki, bu, sovet rəhbərliyinin xoşuna gəlmirdi. Heç bir əsas olmadan bütün vəzifələrdən uzaqlaşdırılandan sonra Azərbaycan böyük dayağı itirmiş oldu. Bizim mənfur qonşularımız dərhal bundan istifadə etdilər, onun istefasından iki həftə keçməmiş erməni separatçıları və onların mərkəzdəki havadarları məsələ qaldırdılar ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilsin. Yəni, Heydər Əliyev amili, güclü şəxsiyyətin dövlətin mərkəzində olması imkan vermirdi ki, belə separatçı meyillər baş qaldırsın. Baxmayaraq ki, 1969-cu ilə qədər belə meyillər var idi. Ancaq Heydər Əliyev Azərbaycana rəhbər vəzifəsinə gələndən sonra bütün bu meyillərin qarşısı alınmışdır".

Dövlət başçısı vurğulayıb ki, o vaxtdan xalqımıza, respublikamıza qarşı çox böyük ədalətsizliklər edilib. Bunun nəticəsində Azərbaycan böyük fəlakətlə üzləşib:

"Tam əminliklə deyə bilərəm ki, əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, Azərbaycan rəhbəri kimi heç vaxt imkan verməzdi ki, separatçı meyillər baş qaldırsın və Dağlıq Qarabağ münaqişəsi başlasın. Çünki onun qətiyyəti, cəsarəti, nüfuzu heç vaxt imkan verməzdi ki, belə meyillər mövcud olsun. Ancaq ondan sonrakı rəhbərlər, əfsuslar olsun ki, zəiflik göstərmişlər, prinsipiallıq göstərməmişlər və onlar üçün öz şəxsi karyerası xalqın mənafeyindən qat-qat böyük əhəmiyyət kəsb edirdi.

1990-cı ilə qədər Heydər Əliyev pensiyaçı kimi yaşayırdı. Baxmayaraq ki, Heydər Əliyevə qarşı mərkəzdə təşkil edilmiş qarayaxma kampaniyaları aparılırdı, ancaq Azərbaycan xalqı ona olan hörmətini daim öz qəlbində yaşadırdı. 1990-cı ilin faciəvi günlərində Heydər Əliyev əsl lider kimi yenə də öz xalqının yanında yer tutdu, xalqa yol göstərdi. Mən o dəhşətli günləri yaxşı xatırlayıram, sovet hökuməti, sovet rəhbəri tərəfindən Azərbaycan xalqına qarşı böyük cinayət törədilmişdi. Qanlı Yanvar faciəsi böyük cinayətdir, öz xalqına qarşı böyük cinayətdir. Yüzdən çox günahsız insan vəhşicəsinə qətlə yetirilmişdir, yüzlərlə insan yaralanmışdır və itkin düşmüşdür. Heydər Əliyev dərhal bu ədalətsizliyə qarşı öz səsini ucaltdı. Yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək, - mən də onun yanında idim, - orada sovet rəhbərliyini, bu vəhşi aktı pislədi və Azərbaycan xalqına öz həmrəyliyini ifadə etdi. Bu, böyük cəsarət tələb edən addım idi. Çünki o vaxt Heydər Əliyev sovet təbliğatında çox böyük təzyiqlərə, böyük kampaniyalara məruz qalırdı. Ancaq xalqın ona olan sevgisini bu çirkin əməllər söndürə bilməzdi. Əksinə, xalq görürdü ki, öz liderinə qarşı böyük ədalətsizlik törədilir və onun ətrafında daha da sıx birləşməyə cəhd göstərirdi. 1990-cı il yanvarın 21-də Heydər Əliyevin Moskvada daimi nümayəndəlikdə keçirilmiş mətbuat konfransındakı çıxışı dəfələrlə dərc edilib, televiziyada göstərilib. Yenə də deyirəm, bu, böyük cəsarət tələb edən addım idi. Bu addım bir daha göstərirdi ki, Azərbaycan xalqının problemləri, mənafeyi, dərdi onun üçün hər şeydən üstündür, hər şeydən əzizdir və ağır günlərdə o, mütləq öz xalqının yanında olmalı idi. Onu da qeyd etməliyəm ki, o vaxt sovet hakimiyyəti hələ möhkəm idi, Sovet İttifaqının dağılmasına hələ iki il vaxt qalırdı. Heç kimin ağlına gələ bilməzdi ki, nə vaxtsa sovet dövləti dağılacaq.

Ondan sonra Heydər Əliyev uzun illər xidmət etdiyi Kommunist Partiyasının sıralarından çıxdı. Çox ciddi bəyanat vermişdi və təbii ki, ona qarşı bundan sonra da təzyiqlər, təqiblər daha da geniş vüsət almışdı, hətta tam dəqiq məlumata görə, onun həbsi məsələsi də qoyulmuşdu. Moskvada qalmaq mümkün deyildi, onun bütün ailə üzvlərinə qarşı da çox ciddi addımlar atılmışdı. Bütün ailə üzvləri tutduqları vəzifələrdən, - vəzifələr o qədər də böyük vəzifələr deyildi, adi vəzifələr idi, - çıxarılmışdı. Demək olar ki, sovet hakimiyyətinin repressiya maşınının nəticələrini biz o vaxt görmüşük və hiss etmişik.

Heydər Əliyev doğma Vətənə üz tutur və Bakıya gəlir. Əfsuslar olsun ki, Bakıda da ona yaşamağa imkan vermədilər və Naxçıvana - doğulduğu yerə gedib orada yaşamağa məcbur olur və Azərbaycan xalqı onun ətrafında birləşməyə başlayır. Azərbaycan xalqı açıq-aydın görürdü ki, bu ağır vəziyyətdən xalqı ancaq Heydər Əliyev çıxara bilər, xalqı ancaq o xilas edə bilər. Naxçıvanlılar onun ətrafında sıx birləşərək Heydər Əliyevi Ali Məclisin Sədri vəzifəsinə seçdilər və o, Naxçıvanı işğaldan qorudu. Çünki o vaxt Ermənistan Naxçıvanı da işğal etmək istəyirdi. Ancaq Heydər Əliyev buna imkan vermədi. Orada böyük səfərbərlik işləri görülmüşdür, özünümüdafiə dəstələri yaradılmışdır və Naxçıvanın işğalına imkan verilməmişdir. Naxçıvanlılar da Heydər Əliyevi qorudular. Çünki o vaxt - 1992-ci ildə hakimiyyəti qanunsuz, dövlət çevrilişi nəticəsində zəbt etmiş AXC-Müsavat hakimiyyəti Heydər Əliyevə qarşı işlərə başlamışdı və Naxçıvanda da çevriliş etmək fikirləri var idi. Hətta o vaxt Daxili İşlər Nazirliyinin daxili qoşunlarının bir dəstəsini Naxçıvana desant göndərmək istəmişlər, naxçıvanlıları, Heydər Əliyevi hədələmişdilər, ancaq sonra bu çirkin əməllərdən əl çəkməli oldular. Çünki gördülər ki, onları çox ciddi müqavimət gözləyir və bu, avantüra onlara çox baha başa gələ bilər və yenə də, - sonra da bunu dəfələrlə göstərəcəklər, - qorxaqlıq göstərərək öz çirkin niyyətlərindən əl çəkməli oldular".

Prezident bildirib ki, Naxçıvan dövrü çox yaddaqalan dövrdür: "Mən o dövrü çox yaxşı xatırlayıram. Mən dəfələrlə Naxçıvana atamın yanına getmişəm, onunla bərabər olmuşam. Çox ağır vəziyyətdə Naxçıvanın qorunması, Naxçıvanın yaşaması üçün çox böyük işlər görülmüşdür. Müstəqilliyimiz üçün də çox böyük işlər görülmüşdür. Çünki uzun fasilədən - 1920-ci ildən sonra ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə Ali Məclisin sessiyasında rəsmi dövlət bayrağı kimi təsdiq olundu. Bu, müstəqilliyə gedən yolun başlanğıcı idi.

Azərbaycanda vəziyyət getdikcə gərginləşirdi, torpaqlarımız erməni işğalı altına düşürdü. Ovaxtkı AXC-Müsavat hakimiyyəti xalqın ümidlərini doğrulda bilmədi, öz yarıtmaz, xəyanətkar siyasəti ilə Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə böyük zərbələr vurdu və demək olar ki, ölkəni idarəolunmaz vəziyyətə gətirdi. Xaos, anarxiya, talançılıq, özbaşınalıq, siyasi, iqtisadi, hərbi böhran hökm sürürdü, torpaqlarımız işğal altına düşürdü. Azərbaycanın ovaxtkı iqtidarı isə öz laxlayan hakimiyyətini qorumaq üçün cinayətlərə, vətəndaş müharibəsinə əl atmışdır. Biz o günləri, o illəri yaxşı xatırlayırıq. Öz hakimiyyətini saxlamaq üçün Gəncəni bombalamağa qərar vermişdi və Gəncənin dağılmış binalarının o mənzərəsi bu gün bizim gözümüzün qabağındadır. Azərbaycan xalqı o anti-milli hakimiyyətə yox demişdir, cəmi bir il ona dözə bilmişdir və öz lideri ətrafında birləşmişdir. Hələ 1992-ci ildə Azərbaycanın qabaqcıl ziyalıları, tanınmış insanlar, ictimai xadimlər Heydər Əliyevə müraciət edərək partiyanın yaradılması ilə bağlı təkliflər irəli sürmüşlər və 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Bu da gənc dövlətin siyasi sisteminin yaradılması demək idi. Çünki o günə qədər Azərbaycanda siyasi sistem yox idi, siyasi münasibətlər, ümumiyyətlə, mövcud deyildi. 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyev Bakıya gəlmişdir. Ovaxtkı AXC-Müsavat hakimiyyəti yenə də qorxaqlıq göstərərək kənara çəkilmiş, ölkə, demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. O ağır, çətin vəziyyətdə xalq bu tarixi missiyanı Heydər Əliyevə həvalə etmişdir".

Ölkə başçısı deyib ki, 1993-cü ildən başlayaraq Azərbaycan bu günə qədər uğurlu inkişaf yolu ilə gedir: "Baxmayaraq, 1994-cü və 1995-ci illərdə iki dəfə dövlət çevrilişinə cəhd göstərilmişdir, ancaq Azərbaycan xalqı imkan vermədi ki, cinayətkar ünsürlər hakimiyyəti bir daha qanunsuz zəbt etsinlər. Əlbəttə ki, Heydər Əliyevin nüfuzu, onun cəsarəti, onun siyasəti imkan vermədi ki, kimsə hakimiyyəti qanunsuz yollarla zəbt etsin.

Ondan sonra Azərbaycanda sabitlik dövrü başlamışdır və bu dövr bu gün də davam edir. Ölkəmiz üçün çox önəmli qərarlar qəbul edilmişdir, siyasi islahatlara start verilmişdir. Məhz o illərdə bizim inkişafımızla bağlı strateji seçimlər edilmişdir ki, Azərbaycan müasir, demokratik ölkə kimi inkişaf etməlidir. İqtisadi islahatlara start verilmiş, bazar iqtisadiyyatı prinsipləri əsas prinsiplər kimi tətbiq olunmağa başlamışdır. Azərbaycan beynəlxalq aləmlə münasibətləri qura bilmişdir və demək olar ki, müstəqilliyimizin ilk illərində mövcud olan beynəlxalq təcriddən də çıxa bilmişdir. Ölkəmiz üçün lazım olan beynəlxalq əlaqələr Azərbaycana investisiya cəlb edilməsinə gətirib çıxarmışdır. 1994-cü ildə “Əsrin kontraktı” imzalanmışdır. Bu kontraktın bizim tariximizdə, iqtisadi inkişafımızda müstəsna rolu vardır. 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edilmişdir. Eyni zamanda, 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət verilmişdir. Əfsuslar olsun ki, ondan əvvəlki hakimiyyət bu məsələyə biganə qalmışdır. Azərbaycan uğurla inkişaf etməyə başlamışdır. 1993-2003-cü illərdə ölkə qarşısında duran vəzifələr uğurla icra edilmişdir. Ordu quruculuğu işində böyük addımlar atılmışdır, uğurlu Horadiz əməliyyatı keçirilmişdir və torpaqlarımızın bir hissəsi işğalçılardan azad edilmişdir. Yəni, 10 il ərzində Azərbaycanda dövlət quruculuğu işində çox böyük addımlar atılmışdır və bu addımlar bu gün bizim uğurlu siyasətimizi şərtləndirir.

2003-cü ilin oktyabr ayında Heydər Əliyev xalqa müraciətində görülmüş işlərlə bağlı öz fikirlərini bildirmiş və əminliyini ifadə etmişdir ki, onun davamçıları onun yolu ilə gedərək, Azərbaycanı ondan sonra da uğurla idarə edə bilərlər".

Dövlət başçısı daha sonra qeyd edib: "2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərmişdir və o gündən bu günə qədər çalışıram ki, bu etimadı doğruldum. 2003-cü ildə prezident seçkiləri ərəfəsində söz vermişdim ki, əgər xalq etimad göstərərsə, Heydər Əliyev siyasəti Azərbaycanda davam etdiriləcəkdir. Fəxr edirəm ki, sözümə əməl etdim və son 15 il ərzində Azərbaycan Heydər Əliyevin qoyduğu yolla uğurla, inamla gedir. Azərbaycanda sabitlik tam təmin olunur, sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Biz indi görürük ki, dünyanın müxtəlif yerlərində vəziyyət gərginləşir, yeni münaqişələr, qanlı toqquşmalar, vətəndaş müharibələri, çevrilişlər baş verir. Ona görə baş verir ki, insanlar hakimiyyətdən narazıdırlar. Ona görə baş verir ki, hakimiyyət lazım olan səviyyədə, düzgün siyasət aparmır, insanları narahat edən problemləri həll etmir, iqtisadi inkişafı təmin edə bilmir, böyük pozuntulara yol verir. Azərbaycanda isə sabitliyin təminatçısı, onun qarantı Azərbaycan xalqıdır və xalq-iqtidar birliyidir. Bu gün Azərbaycan dünya miqyasında ən sabit və ən uğurla inkişaf edən ölkələrdən biridir.

Azərbaycan dövləti möhkəm əsaslar üzərində qurulubdur. Biz son 15 il ərzində milli dəyərlərimizlə bağlı çox ciddi siyasət aparırıq. Bizim milli dəyərlərimiz, ənənəvi dəyərlər bizim üçün əsasdır. Çox şadam ki, bu gün gənc nəsil milli ruhda tərbiyə olunur və milli ləyaqət hissləri güclənir, müstəqillik ən böyük sərvət kimi cəmiyyət tərəfindən qəbul edilir və dəstəklənir".

Prezident bildirib ki, Azərbaycan dünya miqyasında dinlərarası, millətlərarası münasibətlərin tənzimlənməsində nümunəvi ölkəyə çevrilib: "Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri Azərbaycan səması altında bir ailə kimi, sülh, mehribanlıq, dostluq şəraitində yaşayırlar. Bu, bizim böyük sərvətimizdir və bu, bizim siyasətimizin böyük uğurudur".

Dövlət başçısı deyib ki, Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza malik olan bir ölkədir: "Bizim bir çox ölkələrlə bərabərhüquqlu, gözəl, konstruktiv münasibətlərimiz vardır. Biz prinsipial mövqeyimizdən heç vaxt bir addım geri atmırıq. Tərəfdaşlarımızla qarşılıqlı maraqlar üzərində qurduğumuz münasibətlər, düzgün xarici siyasət bizə imkan verir ki, həm beynəlxalq arenada öz gücümüzü, təsir imkanlarımızı artıraq, eyni zamanda, daxili problemləri, xüsusilə iqtisadi inkişafla bağlı olan problemləri həll edək".

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti