Kiçik bir sözlə ifadə olunan böyüklük

Kiçik bir sözlə ifadə olunan böyüklük
  10 May 2018    Oxunub:6901
Bu gün Azərbaycanın dünya xəritəsində qalmasında əsas rolu oynamış insanın dünyaya gəlməsindən 95 il keçir. Biz eyni ayda Azərbaycan Cümhuriyyətinin qurulmasının 100, Azərbaycan Cümhuriyyətinin qorunmasının səbəbkarının dünyaya gəlməsinin isə 95 ilini qeyd edirik.
Maraqlıdır: görəsən, 1920-ci ildə ilk Cümhuriyyət süqut edəndə onun rəhbərlərinin ağlına gəlmişdimi ki, 3 il sonra bir körpə doğulacaq. Və zamanı yetişəndə bu körpə onların indi bacarmadığını bacaracaq – yəni yenicə qurulmuş Azərbaycan dövlətini dağılmaqdan xilas edəcək. Bəlkə də hə, bəlkə də yox; amma çox güman, Cümhuriyyətin qurucuları buna inanırdılar ki, nə vaxtsa Azərbaycan xalqının ikinci şansı da mütləq olacaq.

Amma təəssüf ki, Azərbaycan xalqının ikinci şansı da birinci qədər ağır nəticələnə bilərdi və əgər elə alınsaydı, güman ki, bu, son demək olacaqdı. Bir əsrdə iki dəfə müstəqilliyi əldə edib, itirməyin ağırlığına heç bir xalq davam gətirə bilməzdi. Bu gün insana dəhşətli görünür, amma yenicə müstəqil olduğumuz vaxtlarda hər şey məhz ona doğru da gedirdi axı. Birincidən fərqli olaraq, ikinci şans yalnız ona görə uğurlu alına bildi ki, tarix həmin dövrə qədər dövlətə atalıq edəcək bir milli lideri yetişdirməyə macal tapmışdı.

Bəli, Heydər Əlyev Azərbaycan dövlətinin Atasıdır, azərbaycançılıq ideologiyasını yaradan, bununla da Azərbaycan insanı, Azərbaycan vətəndaşı obrazını formalaşdıran Ulu Öndərdir. Açıq deyək, bu gün yada salanda utandırıcı görünür, amma biz cəmi 25 il əvvəl dilimizin necə adlanmalı olduğu haqqında mübahisə edən xalq deyilikmi? Danışdığımız dilin adından tutmuş, xalq, millət olaraq kimliyimizi başa salmağa qədər hamısını edən Heydər Əliyev idi. Bu gün azərbaycanlı olmaq nə deməkdirsə, həmin anlayış Heydər Əliyevin vaxtilə qurduğu ideoloji bünövrənin üzərində yüksəlir. Bəs xalqın atası başqa necə olur ki?

Obrazlı desək, Azərbaycan xalqı ikinci dəfə müstəqil olduğu dövrdə özünü və dünyanı dərk etməyən, həyatın gərdişindən heç nə anlamayan 2 yaşlı bir körpə idi. Heydər Əliyev bu uşağa kimliyini, dünyada özünü necə aparmalı, nəyə can atmalı olduğunu başa saldı; onun yaşadığı evi yandırmış qonşu ilə həm zorla, həm xoşluqla danışıb, kənara itələdi; evdəki yandığını söndürdü, abadlaşdırmağa, qurmağa başladı. Və bu gün həmin evdə yaşayan o körpə artıq 27 yaşlı gəncdir, özünü də tanıyıb, dünyanı da; güclənib, hər mənada böyüyüb və əsla unutmayıb ki, sahib olduğu hər şeyə görə vaxtilə onu yanan evdə qoruyub, sonra böyüdən o Ataya borcludur.

Bəzən cahillər kənardan baxıb, Heydər Əliyevin bütləşdirildiyini iddia edirlər. Başa düşmək lazımdır: bügünkü Azərbaycan Heydər Əliyevin sağlığında özünə ucaltdığı abidədir. Onsuz da bundan sonra heç bir heykəl, heç bir büt onun özünün yaratdığı bu canlı abidə qədər nəhəng olmayacaq. Hər bir siyasətçinin şah əsəri onun qurduğu dövlət olur. Bu gün bizim əsas var-dövlətimiz olan Azərbaycan dövləti də Heydər Əliyevin şah əsəridir.

İstənilən formada sosial, psixoloji araşdırma aparın və görəcəksiniz ki, Azərbaycan xalqının Heydər Əliyevə münasibətində zərrə qədər də sünilik, saxtalıq yoxdur. O, hamı üçün bir kiçik sözlə ifadə olunacaq qədər qədər böyükdür: Baba. Bu – yəni xalqın babası olmaq,- elə bir statusdur ki, onu başqa heç bir yolla qazanmaq mümkün deyil axı. Bircə yol var: xalqın babası olmaq üçün dövlətin atası olmalısan. Onu da Azərbaycanın qeylü-qallı tarixində ancaq bircə nəfər bacarıb.

Vüsal Məmmədov
AzVision.az



Teqlər: Heydər-Əliyev  





Xəbər lenti