Alça 20, gilas 35, qarpız 3 manata - REPORTAJ (FOTOLAR)

Alça 20, gilas 35, qarpız 3 manata - REPORTAJ (FOTOLAR)
  08 May 2018    Oxunub:22067
Paytaxt bazarlarında nübarlıq meyvələr piştaxtaları bəzəyir. Rəngləri ilə göz oxşayan məhsulların qiymətləri heç də bütün alıcıların ürəyincə deyil. İmkanı olanlar nübarlıq meyvələri rahatlıqla alır, nisbətən aşağı büdcəli sakinlər isə qiymətlərin ucuzlaşacağı günü gözləyirlər.
Bakının mərkəzində yerləşən “Təzə bazar”a baş çəkərək qiymətlərlə maraqlandıq. Öyrəndik ki, ağzının dadını nübarlıq meyvələrlə dəyişmək istəyənlər 35-40 manatdan çox pul xərcləməlidir.



Belə ki, çiyələk 400 qramlıq plastik qabda 5 manata, əsl göyçə alçasının 1 kiloqramı 15-20 manata, ərik 200 qramlıq qabda 5 manata, şaftalı 10-12 manata, üzüm 10-15 manata, yemişin bir kiloqramı 4 manata, müşmulanın 1 kiloqramı 10 manata, gilasın bir kiloqramı 35 manata, gavalının bir kiloqramı 15-20 manata, qarpızın bir kiloqramı 3 manata, qarğıdalının 1 ədədi 2 manata təklif olunur.



Satıcı Yusif Qarayev deyib ki, çiyələk, alça və müşmula yerli məhsuldur: “Çiyələk əsasən Lənkəran, Şəmkir və Cəlilabaddan gətirilir. Alça 20 gün öncəyə qədər İrandan gətirilirdi, buna görə də qiyməti yüksək idi. Amma hazırda alça Göyçay və Naxçıvandan gətirilir. Müşmula isə Şabran məhsuludur”.



Satıcılar dediyinə görə, müştərilərə təklif olunan ərik, şaftalı, üzüm, gilas və gavalı ölkəyə İran və Türkiyədən gətirilir. Maraqlıdır, iyul-avqust ayında yetişən qarpızın indi alıcısı varmı?



Satıcılar bildiriblər ki, Türkiyədən gətirilən qarpızların alıcısı çox azdır. “Bütün meyvələri öz təbii yetişmə vaxtında yemək yaxşıdır. Çünki indi bu meyvələrin heç birinin dadı yoxdur və düşünürük ki, bu vaxtda belə meyvələri yemək təhlükəlidir”.



Qəribə də olsa, bu sözləri satıcıların özləri deyir.

Vaxtından əvvəl yetişən meyvələrin insan sağlamlığına təsirindən danışan həkim-pediatr Vaqif Qarayevin fikrincə belə məhsullar müxtəlif xəstəliklərə, zəhərlənməyə səbəb ola bilər. “Ümumilikdə vaxtından əvvəl yeyilən məhsulların hamısı insan orqanizminə mənfi təsir göstərir. Çünki vaxtından əvvəl yetişdirilən məhsullarda kimyəvi maddələrdən istifadə edilir. Bunlar da insanlarda allergik reaksiyaların yaranmasına səbəb olur”.



Mövzu ilə bağlı AzVision.az-ın suallarını cavablandıran Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mətbuat katibi Rövşən Ziya bildirib ki, ölkəyə idxal olunan bütün meyvə-tərəvəz məhsulları xidmət tərəfindən verilən idxal karantin icazəsi ilə qəbul olunur.



“İlk olaraq ölkənin fitosanitar vəziyyəti araşdırılır. Əgər fitosanitar risk yoxdursa, məhsulun idxalına icazə verilir. Gələn yükün üzərində eyni zamanda fitosanitar sertifikatı olur. Müvafiq gömrük məntəqəsində yük açılarkən Dövlət Xidmətinin müfəttişləri iştirak edir və nümunələr götürülür. Həmin nümunələr xidmətin Respublika Karantin Ekspertiza Mərkəzinin, eyni zamanda Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin müvafiq laboratoriyalarına verilərək müayinədən keçirilir. Analizlər zamanı meyvənin tərkibində karantin tətbiq olunan zərərli orqanizmlər aşkar olunmazsa və ya pestisidlərin qalıq miqdarı normadan artıq olmazsa, idxalına icazə verilir. Əks halda, gələn yükün ölkəyə daxil olmasının və istehlakçılara çatdırılmasının qarşısı alınır. Bu günə kimi idxal edilən məhsullarda heç bir problem aşkar edilməyib”.



Yoxlama prinsiplərinə gəlincə, qurum rəsmisi qeyd edib ki, toksikoloji müayinə zamanı meyvə və tərəvəzlərin tərkibində zərərli orqanizmlərin olub-olmadığı, və ya hansı xəstəliklərə yoluxma halları, eyni zamanda məhsulun yetişdirilməsi müddətində hansı pestisidlərdən istifadə olunduğu müəyyənləşdirilir. “Əgər məhsulda toksikoloji normativ amillər üzrə hər hansı bir anlaşılmazlıq yoxdursa və məhsulun yetişdirilməsi zamanı müəyyən olunmuş normalara əməl olunubsa, ölkəyə daxil olunmasına və istehlakçılara çatdırılmasına icazə verilir”.



Bunu da xatırlatmaq yerinə düşər. Bu ilin 3 ay ərzində Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən 41 tondan artıq bitki və bitkiçilik məhsullarının tərkibi normalara uyğun olmadığından, eyni zamanda karantin obyektləri aşkarlandığından məhv edilib.













Çingizzadə Ülviyyə
Mıradov Akqabay

AzVision.az


Teqlər: Meyvə   Bazar   Məhsul   Təzə-Bazar  





Xəbər lenti