“ASAN Viza” sisteminə Cibuti də əlavə edildi

“ASAN Viza” sisteminə Cibuti də əlavə edildi
  01 May 2018    Oxunub:966
“ASAN Viza” sistemi vasitəsilə Azərbaycana səfər edəcək ölkələr siyahısına daha bir ölkə əlavə edilib. Artıq Cibuti Respublikası vətəndaşları da “ASAN Viza” sistemi üzərindən Azərbaycan Respublikasına elektron viza müraciəti edə bilərlər.
Bu barədə AzVision.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Beləliklə, fəaliyyətinin başlanğıcında “ASAN Viza” portalı vasitəsilə e-viza verilən ölkələrin sayı 81 idisə, sistemin təkmilləşdirilməsi və əhatə dairəsinin genişlənməsi nəticəsində hazırda bu rəqəm 95-dir.

Xatırladaq ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı “ASAN Viza” sistemi vasitəsi ilə 3 addımla (müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində əldə edə bilər. Elektron viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli sənəddir. Elektron vizalar yalnız siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənən ölkənin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə rəsmiləşdirilir.

Həmçinin “ASAN Viza” sistemi xarici vətəndaşlara qrup şəklində viza müraciətini təklif edir. Qrup müraciətləri minimum 2, maksimum isə 10 nəfər üçün nəzərdə tutulub. Qrup üzvləri üçün olunan müraciətdə bir elektron poçt ünvanı istifadə etməklə və bir ödəniş əməliyyatını həyata keçirməklə bir neçə müraciət ərizəsi yaradıla bilər.

Qeyd edək ki, bu günə kimi “ASAN Viza” vasitəsilə 410 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxsə elektron viza verilib.

AzVision.az


Teqlər: ASAN-Viza  





Xəbər lenti