Küveytlə miqrasiya sahəsində əməkdaşlıq genişlənir - FOTOLAR

Küveytlə miqrasiya sahəsində əməkdaşlıq genişlənir - FOTOLAR
  27 Aprel 2018    Oxunub:2365
Küveyt Dövlətinin Daxili İşlər Nazirliyi yanında baş yaşayış icazəsi idarəsinin rəisi Talal Marefi ilə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov arasında görüş keçirilib.
Bu barədə AzVision.az-a DMX-dan məlumat verilib. Görüşdə tərəflər arasında miqrasiya sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Xidmət rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev Azərbaycanda miqrasiya proseslərinin tarixi, Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri haqqında məlumat verib və bildirib ki, bu gün Azərbaycanın miqrasiya baxımından mənşə ölkəsindən təyinat ölkəsinə çevrilib. O, Azərbaycan brendi olan ASAN xidmət mərkəzlərində də DMX tərəfindən bir neçə xidmət növünün təqdim edildiyini bildirib.



P.Musayev Azərbaycanın turizm potensialı barədə də ətraflı söhbət açıb. Turizm sahəsinin inkişafı ilə bağlı dövlət səviyyəsində tədbirlər görüldüyünü deyən Xidmət rəisinin müavini bildirib ki, bu kontekstdə hazırda Azərbaycana gələn turistlər 3 saat ərzində elektron viza alıb, heç bir maneəsiz ölkəyə gələ və ölkədən gedə bilirlər. P.Musayev son illər Azərbaycana səfər edən Küveyt vətəndaşlarının da sayının xeyli artdığını bildirib.



Küveyt Dövlətinin Daxili İşlər Nazirliyi yanında baş yaşayış icazəsi idarəsinin rəisi Talal Marefi ölkəmizə səfərindən, paytaxt Bakı ilə tanışlıqdan məmnun olduğunu deyib. DMX-nin fəaliyyət istiqamətlərinin yüksək səviyyədə olduğunu bildirib. Gələcəkdə miqrasiya sahəsində mövcud imkanların öyrənilməsi və tətbiqi üçün təcrübə mübadiləsinin zəruriliyini vurğulayıb.

AzVision.az


Teqlər: DMX   Vüsal-Hüseynov   Küveyt  





Xəbər lenti