Azərbaycanda həbs olunanların sayı 25 faiz azalıb

Azərbaycanda həbs olunanların sayı 25 faiz azalıb
  26 Aprel 2018    Oxunub:1773
Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin andiçmə mərasimində proqram xarakterli çıxışından irəli gələn vəzifələr və verilən tapşırıqların icrası üzrə tədbirlər müzakirə olunub.
Ədliyyə Nazirliyi Mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasda çıxış edən ədliyyə naziri Fikrət Məmmədov aprel ayının 11-də ədalətli və şəffaf keçirilmiş prezident seçkilərində böyük vətəndaş həmrəyliyi ilə cənab İlham Əliyevin yenidən ölkə başçısı seçilməsinin son 15 ildə görülən işlərə, sürətli tərəqqiyə, bərqərar edilmiş möhkəm ictimai-siyasi sabitliyə verilən yüksək qiymətin təzahürü olduğunu vurğulayıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyası ötən dövrdə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilərək ölkəmizin davamlı inkişafı təmin edilib, qarşıya qoyulan əsas məqsəd və hədəflərə nail olunub.

İqtisadi sahədə rəqabətqabiliyyətliliyinə görə Azərbaycan Davos Dünya İqtisadi Forumunun, Dünya Bankının hesabatlarında yüksək pillələrdə qərarlaşır, islahatçı dövlət kimi seçilir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu kimi qlobal enerji və nəqliyyat layihələrinin bilavasitə təşəbbüskarı olan ölkəmiz Avropada etibarlı tərəfdaşa və regionun lider dövlətinə çevrilib. Respublikamızın ən mötəbər tədbirlərə, o cümlədən humanitar, siyasi, iqtisadi, mədəni forumlara, möhtəşəm idman yarışlarına uğurla ev sahibliyi etməsi dövlətimizin dünyada yüksək nüfuzunu təcəssüm etdirir.

Həmçinin qeyd olunub ki, dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatların tərkib hissəsi olaraq ədliyyə və məhkəmə sisteminin inkişafına da xüsusi önəm verilib. Ədliyyə Nazirliyinin funksiya və səlahiyyətləri genişlənib, Ədliyyə Akademiyası, regional ədliyyə idarələri, xüsusi notariat institutu, probasiya xidməti təsis edilib, elektron reyestrlər və informasiya sistemləri yaradılmaqla vətəndaşların ədliyyə təsisatlarına çıxışı xeyli asanlaşıb.

Ölkə Prezidentinin tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artmasına, məhkəmə hakimiyyətinin müstəqilliyinin güclənməsinə xidmət edən mütərəqqi islahatlar aparılıb, bu sahədə qanunvericilik təkmilləşib, hakimlərin şəffaf seçim qaydası müəyyən olunaraq hakim korpusu 60 faiz təzələnib, yeni məhkəmələr və məhkəmə hakimiyyətinin özünüidarə orqanları yaradılıb, müasir İKT-nin, dövlət başçısının Sərəncamı ilə yaradılmış "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi və məhkəmə infrastrukturunun müasirləşməsi üzrə əməli tədbirlər görülüb.

İclasda qeyd edilib ki, ölkə Prezidentinin 21.04.2018-ci il tarixli Sərəncamı ilə nazirliyə göstərilmiş yüksək etimad hər bir ədliyyə işçisini ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzifələrini layiqincə yerinə yetirməyə və daha əzmkarlıqla çalışmağa sövq edir. Dövlət başçısının ədliyyə fəaliyyətinin müasirləşməsi, qabaqcıl texnologiyaların tətbiqi, şəffaflığın artırılması, korrupsiyaya qarşı qəti mübarizənin aparılması, vətəndaş-məmur münasibətlərinin sağlam meyarlarla qurulması ilə bağlı və digər konkret tapşırıqlarının ədliyyə sistemi üçün mühüm yol xəritəsi olması vurğulanıb. Kollegiyada ölkə başçısının tapşırıqlarının dürüst və dönmədən icrasının təmin olunması istiqamətində konkret tədbirlər müəyyən olunub.

Eyni zamanda Ümummilli Liderin humanizm siyasətinin möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilməsi, ötən dövrdə imzalanmış əfv sərəncamları ilə 3800 məhkumun, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş amnistiya aktları ilə 40 mindən çox şəxsin, həmçinin cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilərək iqtisadi sahədə bəzi əməllərin dekriminallaşması nəticəsində yüzlərlə məhkumun müxtəlif cəzalardan azad olunması bildirilib, dövlət başçısının humanist siyasətinin təzahürü olaraq 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının icrası ilə bağlı görülən tədbirlər qeyd olunub. Probasiya nəzarətinin təsbit olunması, alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqinə başlanılması vurğulanıb. Kollegiyada həmin vasitələrin tətbiqi qaydalarının bu ərəfədə Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi bildirilərək, elektron qolbaqların geniş tətbiqinə və ictimai təqdimatın keçirilməsinə dair aidiyyəti tapşırıqlar verilib.

Bildirilib ki, qeyd edilən sərəncamın imzalanmasından ötən 1 il ərzində istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı 25 faizə qədər azalıb, həbsdən azad edilənlərin sayı 14 faiz artıb, cəzanın yüngüllüyü ilə bağlı verilən protestlər isə xeyli azalıb.
İctimai işlər cəzasının səmərəli icrası məqsədilə qanunvericiliyin təkmilləşdiyi, həmin cəzanın icrasından yayınmağa şərait yaradılmasına görə vəzifəli şəxslərin məsuliyyətinin təsbit edildiyi qeyd olunub, onun real icrasına dair prezentasiya nümayiş etdirilərək bu sahədə əlavə tədbirlər müəyyən edilib, o cümlədən "elektron icra" sisteminin imkanlarından səmərəli istifadə olunması ilə bağlı tapşırıqlar verilib.

Tədbirdə dövlət başçısının tapşırıqlarına uyğun olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılması, çəkişmə prinsipinə dönmədən əməl olunması, ədalətli qərarların qəbul edilməsi, həbsin yalnız müstəsna hallarda seçilməsinə diqqətin artırılması, təqsirsizlik prezumpsiyasının daim təmin olunması üzrə əlavə tədbirlər müzakirə edilib.

İclasda həmçinin, cinayətkarlıqla mübarizədə və ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rol oynayan məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər müzakirə olunub, cari ilin birinci rübündə Məhkəmə ekspertizası mərkəzinə 40 ekspert ixtisası üzrə 8 min işin daxil olduğu və bu zaman ekspertlər tərəfindən 96 min suala cavab verilməklə qaldırılmış məsələlərin 98,5%-nin həllinə nail olunduğu qeyd edilib.
Kollegiyada bu sahədə işin keyfiyyətinin artırılaraq dövlət başçısının yüksək tələbləri səviyyəsində təşkilinin zəruriliyi qeyd edilib, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla elm və texnikanın ən son yeniliklərinin tətbiqi, tədqiqat işlərinin səmərəliliyinin yüksəldilməsi, beynəlxalq sertifikasiyanın genişləndirilməsi, Mərkəzin ən müasir kriminalistik avadanlıqlarla təchiz edilməsi, infrastrukturunun müasirləşdirilməsi istiqamətində əlavə tədbirlər müəyyən edilib.

Bununla yanaşı, ədliyyə və məhkəmə fəaliyyətində şəffaflığın artırılmasının, vətəndaş məmnunluğunun yüksəldilməsinin vacibliyinə toxunulub, dövlət başçısının bilavasitə təşəbbüsü ilə yaradılmış, ədliyyə orqanlarının da geniş xidmətlər göstərdiyi Azərbaycan brendi olan "ASAN"ın nümunəvi fəaliyyəti qeyd edilib. Bildirilib ki, ASAN modeli artıq beynəlxalq aləmdə yüksək təqdir edilir. Bu yaxınlarda Belçikada Avropa İttifaqının ədliyyə islahatlarına həsr edilmiş mötəbər beynəlxalq konfransında Belarus nümayəndə heyəti Azərbaycanın ASAN təcrübəsini öyrənməklə, bu institutu ölkələrində yaratmağa başladıqları barədə məlumat verib.

Vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət olunması üçün ədliyyə fəaliyyətinin müxtəlif istiqamətləri üzrə 30-dək elektron xidmətin göstərildiyi, təkcə cari ildə bu xidmətlərdən 1,5 milyondan çox insanın bəhrələndiyi bildirilib, müasir texnologiyaların imkanlarından maksimum istifadə edilərək onların sayının artırılması, habelə elektron sistemlərin tətbiqinin genişləndirilməsi ilə bağlı əlavə tədbirlər müəyyən olunub.
Iclasda ölkə Prezidentinin əhalinin sosial durumunun yaxşılaşmasına daim xüsusi önəm verdiyi, 19 aprel 2018-ci il tarixli ilk fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş şəxslərin ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər müəyyən olunduğu vurğulanıb, həmin fərmandan irəli gələn vəzifələr və onların icrasının təşkili üzrə tədbirlər müzakirə edilib.
Eyni zamanda ədliyyə sisteminin davamlı tərəqqisini təmin etmək üçün hazırlanmış dövlət proqramının layihəsi müzakirə olunaraq sənədin ölkə Prezidentinin tapşırıqlarından irəli gələn vəzifələrə uyğun yenidən işlənilib təkmilləşdirilməsinə dair və digər aidiyyəti tapşırıqlar verilib.

Dəvət olunmuş vətəndaş cəmiyyəti nümayəndələri çıxış edərək ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirləri yaxından izlədiklərini, müzakirələrin xüsusi əhəmiyyətini və səmərəli əməkdaşlığı vurğulayıblar. Tədbirdə ədliyyə və məhkəmə fəaliyyətinin müasirləşməsinə xidmət edən və yeni çağırışlara cavab verən 10-dan çox normativ akt layihəsi, o cümlədən ictimai işlər cəzalarının icrası və azadlığın məhdudlaşdırılması ilə bağlı yeni, mütərəqqi qaydalar təsdiq edilib. Vətəndaş cəmiyyətinin inkişafına dövlət dəstəyinin təzahürü olaraq 20 qeyri-kommersiya hüquqi şəxs dövlət qeydiyyatına alınıb.

AzVision.az


Teqlər: Ədliyyə-Nazirliyi   Fikrət-Məmmədov  





Xəbər lenti