“Ölkəmə qarşı hücumlar utancvericidir” - Səməd Seyidovdan sərt çıxış

  26 Aprel 2018    Oxunub : 1585
“Ölkəmə qarşı hücumlar utancvericidir” - Səməd Seyidovdan sərt çıxış
"Mən ölkəm ilə fəxr edirəm. Mənim ölkəmə qarşı aparılan belə hücumlar utancvericidir. Azərbaycan dəyərlərə görə bu təşkilata gəlib. Əgər bu gün korrupsiyanı müzakirə ediriksə, bütün ölkələrə baxmalıyıq. Təkcə bir ölkəni küncə sıxmaq olmaz. Bir müddət əvvəl burada kim Sarkisyanı qəbul edib? Korrupsiyaya görə erməni xalqı tərəfindən hakimiyyətdən devrilən şəxsi kim qəbul edib?"
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, bunu AŞPA-nın yaz sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib:

“Ermənistanda əsl demokratiya var” deyənlər bir neçə gün əvvəl erməni xalqının korrupsiyaya görə devirdiyi Sarkisyanı erməni xalqını təmsil edən demokrat kim qəbul edib? Həmin şəxslərdən soruşuram, hanı bəs o demokrat? Nəyə görə özünüzə belə sualla müraciət etmirsiniz?

S.Seyidov deyib ki, müharibə vəziyyətində, əraziləri işğal altında olan, bir milyon qaçqını və köçkünü olan Azərbaycan bu təşkilata hüquq normalarına hörmət edilməsi üçün gəlib. Ancaq qanuna riayət edilməsi əvəzinə, burada çox sevilən, əgər belə demək mümkünsə, “yeni” beynəlxalq hüquq yaranıb.

“Mənin adımı da bu sənədə salıblar. Tədqiqat qrupunun rəhbəri və üzvləri desələr də ki, cənab Seyidovun heç bir əlaqəsi yoxdur, yenə də mənim adımı buraya daxil ediblər. Niyə mənim adım bu sənədə daxil edilib? Bu, ədalətsizlikdir. Burada faktlarla sübut edilmiş heç bir məlumat yoxdur. Şenak əlindən gələni edir ki, Azərbaycanı nüfuzdan salsın. Ancaq bu, mümkün deyil. Biz mübarizə aparacağıq və qalib gələcəyik. Biz Avropa Şurasına deyil, bütün dünyaya məxsus olan dəyərlər, demokratiya, azadlıq haqqında düşünürük. Mən bu təşkilata gələndə demişdim ki, bu, mənim Avropa Şuramdır, ancaq indi deyirəm, xeyr, bu, sizin Avropa Şuranızdır. Mən belə Avropa Şurasının bir hissəsi olmaq istəmirəm”, - deyə nümayəndə heyətinin rəhbəri bildirib.

AzVision.az

Teqlər: AŞPA   Səməd-Seyidov