Seçkidən sonra ilk səfər: Ankaradan hansı mesajlar verildi? (ŞƏRH)

Seçkidən sonra ilk səfər: Ankaradan hansı mesajlar verildi? (ŞƏRH)
  26 Aprel 2018    Oxunub:3357
Azərbaycan prezidenti İlham Əliyev Türkiyədə ikigünlük səfərdə olub. 11 aprel seçkilərindən sonra baş tutan ilk səfərdə ölkə başçısı Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, prezident Rəcəb Tayyib Ərdoğanla təkbətək və geniş tərkibdə görüşüb.
Səfər zamanı iki liderin iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib. Sənədlərin imzalanma mərasimindən sonra Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev bildirib ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ölkə yoxdur: "Bu gün Türkiyə-Azərbaycan əlaqələri ikitərəfli formatdan çıxıb, artıq regional məna daşıyır və dünya miqyasında gedən proseslərə də çox uğurla təsir göstərir. Bütün beynəlxalq təşkilatlarda biz daim bir-birimizi dəstəkləyirik və bu, bundan sonra da davam edəcək. Bizim birgə həyata keçirdiyimiz layihələr sadəcə iqtisadi məna daşımır. Bunların çox böyük siyasi mənası var. Bu layihələr təhlükəsizliyi möhkəmləndirən layihələrdir”.



Ölkə başçısı deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Türkiyə qədər bizə heç kim dəstək verməyib və bu dəstək bizə əlavə güc verir: “Terrora qarşı mübarizədə həmişə Azərbaycan dövləti və xalqı birmənalı şəkildə Türkiyənin yanında olub. Bu, bizim qardaşlıq borcumuzdur. Bu qarşılıqlı dəstək və bu qədər güclü iş birliyi ölkələrimizi gücləndirir və bölgədə yeni vəziyyət yaradır".

Ərdoğan isə çıxışımda vurğulayıb ki, Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini öz problemi bilir: “Biz Azərbaycanın illərdir qanayan yarası olan Qarabağ problemini həmişə öz problemimiz, orada yaşanan faciələri öz faciəmiz hesab edirik. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində təcili həlli ən böyük arzumuzdur”.



Bundan əlavə Ərdoğan Türkiyədə 24 iyun seçkilərindən sonra ilk səfərini Azərbaycana edəcəyini bəyan edib.

"Türkiyə-Azərbaycan münasibətləri regionda müvazinət yaradıcı faktor kimi çıxış edir"

Ölkə başçısının Türkiyəyə səfərini AzVision.az-a şərh edən millət vəkili Hikmət Babaoğlu bildirib ki, Prezident İlham Əliyevin seçkilərdən sonra ilk səfərini qardaş Türkiyə Cumhuriyyətinə etməsi iki ölkə arasında strateji müttəfiqliyin nə dərəcədə əhəmiyyətli olduğunu bir daha ortaya qoyur:

“Prezident iki ölkə arasındakı münasibətləri xarakterizə edərkən bildirdi ki, bizi birləşdirən qədim tarix və yeni tarix var. Tərəddüdsüz olaraq qeyd edə bilərik ki, əgər bu tarixin qədim dövrünü əcdadlarımız, müstəqilliyimizin ilk illərində böyük dövlət xadimi Heydər Əliyev qurubsa, ən yeni siyasi tariximizdə Türkiyə-Azərbaycan münasibətlərinin yeni keyfiyyətdə qurucusu məhz İlham Əliyevdir. Çünki bu münasibətlər xalqlarımızın milli maraqlarına və ortaq mənfəətlərimizə əsaslanır”.



Millət vəkili vurğulayıb ki, hazırki mürəkkəb beynəlxalq münasibətlər sistemində Türkiyə-Azərbaycan münasibətləri regionda müvazinət yaradıcı faktor kimi çıxış edir: “Bu, işğalçı Ermənistan istisna olmaqla digər bütün region ölkələri üçün mühüm əməkdaşlıq platforması yaradır. Ona görə də iki ölkənin qarşılıqlı münasibətləri təkcə ikitərəfli münasibətlər kimi deyil, bütövlükdə regionun gələcəyi üçün olduqca faydalı perspektivlər yaradan münasibətlər kimi nəzərdən keçirilməlidir. Azərbayanın təşəbbüsü ilə həyata keçirilən BTC, BTƏ, BTQ kimi böyük iqtisadi tutuma və ciddi strateji çəkiyə sahib olan layihələr Türkiyəni mühüm infrastruktur dəhlizi halına gətirib. Qardaş ölkə bu mühüm enerji və nəqliyyat layihələrindən bəhrələnməklə həm tranzit məkanına çevrilib, həm də bu layihələrdə pay sahibi olub. Hazırda isə 40 milyard dollarlıq Cənub Qaz Dəhlizi layihəsinin üçüncü seqmentinin inşasına ev sahibliyi etməklə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm iştirakçıya çevrilib. Türkiyədə bütün bunlar yüksək qiymətləndirilir”.

"İki lider 21-ci əsrdə milli təhlükəsizliyimizin yeni strateji əsaslarını yaradır"

Millət vəkili xatırladıb ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 14 milyard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 milyard sərmayə qoyub. Bu, dost və qardaş ölkə Azərbaycanın Rusiyadan sonra ikinci ən böyük ticari-iqtisadi tərəfdaşıdır.



“Əldə edilən bu mühüm naliyyətlər yeni perspektivlər yaradır. Bütün bu məsələlər daha sıx əməkdaşlığı və daha dərin inteqrasiyanı şərtləndirir. Ona görə də iki ölkə arasında keçirilən Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yeddinci iclasında bütün bu məsələlər ətraflı müzakirə edildi. Xeyli sayda müqavilələr imzalandı. Diqqət etsək bu müqavilələr sosial-iqtisadi sahədən başlamış elmi – mədəni sahəyə, hətta hərbi strateji sahəyə qədər olduqca geniş sektorları əhatə edir. Prezident İlham Əliyev qeyd etdi ki, Türkiyə hazırda dünya gücüdür, onun çox inkişaf etmiş müdafiə sənayesi var. Ona görə də iki ölkə arasında hərbi əmkdaşlıq və müdafiə sənayesi məhsullarının əldə edilməsilə də bağlı müqavilələr imzalandı və bunlar Azərbaycanın hərbi-siyasi təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir”, - millət vəkili əlavə edib.



H.Babaoğlu qeyd edib ki, bütün bunlarla yanaşı Azərbaycan və Türkiyə öz təhlükəsizliklərini təmin etmək üçün terrorizmə qarşı da birgə mübarizə aparır: “Bu mövzuda danışan Prezident İlham Əliyev bildirdi ki, Türkiyənin uğurla həyata keçirdiyi “Zeytun budağı” antiterror əməliyyatı həm də bizim məsələ idi. Doğrudan da, əgər bu əməliyyat nəticəsində çoxsaylı terroristlər zərərsizləşdirilməsəydi, bir müddət sonra terrorist Ermənistan vasitəsilə ölkəmizdə də terror aksiyaları həyata keçirəbilmə ehtimalları istisna deyildi. Ayrıca Türkiyə Qarabağ probleminin həlli məsələsində Azərbaycana ən çox dəstək verən ölkədir və bu məsələdə daima səmimi şəkildə ölkəmizin yanında, beynəlxalq hüququn tərəfində olub. Bütün bunlar və buna bənzər çoxsaylı strateji məsələlər iki ölkənin təhlükəsizliyini birlikdə təmin etməsi zərurətini yaradır. Elə Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğan da bunu edərək 21-ci əsrdə milli təhlükəsizliyimizin yeni strateji əsaslarını yaradırlar. Bu isə təkcə iki ölkənin təhlükəsizliyi deyil, regionda mövcud olan bütün sülhsevər dövlətlərin əməkdaşlığı və təhlükəsizliyidir”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Ankara   Ərdoğan   Səfər  





Xəbər lenti