Ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir

Ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir
  24 Aprel 2018    Oxunub:3035
XXI-ci əsrdə dünyada baş verən hadisələr göstərdi ki, kiçik dövlətlərin beynəlxalq hüquqa söykənərək haqlarını tələb etməsi hər zaman müsbət amillə nəticələnmir. İkili standartlar, hegomon dövlətlər şəxsi maraqlarını kağız üzərində yazılan qanunlardan üstün tutmağa başladı.
Bu tendensiya hazırda da davam edir. Müxtəlif ölkələrin ərazilərində mövcud münaqişələrin nizamlanması isə bu problemlərin həllinə çalışan dövlətlərin vaxt uzatması, münaqişəyə yalnız öz siyasi gedişatlarından istifadə etməsindən keçirdi. Odur ki, bu problemlə qarşılaşan Azərbaycan ərazilərinin 20 faizi işğal altında olduğu üçün özünün həm siyasi həm də ordu sferasında gücünü artırmağa başladı. Çünki, məlum olduğu kimi 1-ci Qarabağ müharibəsinin əvvəlində Azərbaycan ordusu hərbi sistemin zəifliyi, vahid idarəçiliyin olmaması səbəbindən Dağlıq Qarabağda geri çəkilməyə məcbur olurdu. Məsələn 1991-ci il sentyabrın 5-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaradılması barədə qərar və həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı Qüvvələrin yaradılması haqqında qanun qəbul edisə də ölkə rəhbərliyi bu qərarları kağız üzərində saxlayır, həyata keçirilməsi üçün çalışmırdı. Bundan başqa torpaqların müdafiəsi vahid mərkəzdən idarə olunmaq yerinə könüllü dəstələrin və şəxsi mənafelərə qulluq edən ayrı-ayrı silahlı qruplaşmaların əlində cəmləşməşdi.

Xalqın istəyi ilə hakimiyyət gələn ümumilli lider Heydər Əliyev orduda mövcud olan neqativ nüansları gözəl anlayırdı. Digər tərəfdən siyasi lider təkcə ermənilərlə yox düşməni silahla təchiz edən və ordusunu Ermənistandan çıxarmayan Rusiya ilə döyüşün daha ağır nəticələr verəcəyini bilirdi. Çünki, təkcə 1992-1996 ci illər ərzində Rusiya Ermənistana 1 milyard dollar məbləğində silah tədarük edib. Eyni zamanda Rusiya Azərbaycandan hərbçilərini çıxardığı zaman hərbi hissələrdə mövcud olan bir çox silhaları sıradan çıxardı.

Ermənistanda isə bu addımı atmamışdı. Heydər Əliyev öncə yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv etdi, vahid komandanlığa tabe olan nizami ordu yaratdı. Bununla da orduda nizam-intizam amilləri gücləndirildi. Çünki, nizami ordunun mövcudluğu düşmənin ən yaxşı silahından güclüdür. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həll edildi. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Bu işlər bəhrəsini qısa müddətdə verdi. 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində düşmənə qarşı uğurlu hərbi əməliyyat həyata keçirildi. Çünki H.Əliyev siyasətçi olsa da hərbi sahədə bilikləri mükəmməl idi. Məsələn 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilən Heydər Əliyev azərbaycanlıların ali hərbi təhsil almaları üçün yollar axtarmağa başladı. Bunlardan biri də azərbaycanlıların hərbi məktəblərə qəbul olunmasını təmin etmək üçün Cəmşid Naxçıvanski adına hərbi liseyi yaratması oldu. Bu məktəbi yaratmaq heç də asan olmamışdı. Ümummilli liderimiz Heydər Əliyev böyük uzaqgörənliklə, qeyri-adi cəsarətlə və inadkarlıqla bunu etdi.

1994-cü ildən sonra Heydər Əliyev müasir silahların əldə olunması, ordunun maddi-texniki bazasının gücləndirilməsi üçün iqtisadi durum yaxşılaşdırmağa başladı. Buna görə, H.Əliyev ilk növbədə mülki quruculuğa, yəni iqtisadi inkişafa güc verdi. Nəticədə “Əsrin Müqaviləsi” imzalandı. Daha sonra Heydər Əliyevin düşünülmüş siyasəti sahəsində Silahlı Qüvvələrdə həyata keçirilən quruculuq işləri, struktur dəyişiklikləri, döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, hissələrin hərb elminin tələblərinə uyğun idarə edilməsi, kadrların saflaşdırılması, qoşun hissələrinin təxribatçı və siyasi ünsürlərdən təmizlənməsi Azərbaycan ordusunu keyfiyyətcə yeniləşdirdi. Digər tərəfdən Azərbaycan hərbçiləri NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edir, ən son hərb yenilikləri mənimsəyirdilər. Heydər Əliyevin Ali Baş Komandan olduğu dövrdə orduda ciddi dəyişiklər baş verdi. Çünki, Ali Baş Komandan olaraq o, cəbhəyə gedir, əsgər və zabitlərin vəziyyəti ilə maraqlanırdı. Bu da cəbhədə düşmənlə üzbəüz duran hərbçilərə ruh yüksəkliyi verirdi. Heydər Əliyevin təşəbbüsü və Türkiyə ilə imzalanmış protokola əsasən Azərbaycan Ali Hərbi Məktəbi yaradıldı. 2001-ci ildən bu məktəb Azərbaycan Ordusunu müasir standartlara uyğun yeni proqram əsasında hazırlanmış zabitlərlə təmin edir.

Heydər Əliyevin başlatdığı müasir ordu quruculuğunu prezident İlham Əliyev yüksək səviyyədə davam etdirir, ordunun potensialını gündən-günə möhkəmləndirdi. Ordu quruculuğu dövlət siyasətinə çevrildi və prioritet oldu. Ordumuzun maddi-texniki təchizatı ən yüksək səviyyəyə qalxdı. Bu Azərbaycanın dövlət büdcəsindən orduya ayrılan vəsaitdə və xaricdən alınan silahlarda da özünü biruzə verir.

Silahlı Qüvvələrin maddi-texniki təchizatını ödəmək üçün yerli silahların istehsalı vacib idi. Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin yaradılması ordunun inkişafı baxımından yeni mərhələnin əsasını qoydu. Azərbaycan artıq öz silahlarını istehsal edir. Bu silahları həm daxili tələbata yönəldə bilir, həm də bu silahlar dünya bazarlarına çıxarılır. Nəticədə Azərbaycan mühəndisləri tərəfindən kəşfiyyat döyüş maşını, “Gürzə” patrul maşını, tank əleyhinə idarə olunan raket kompleksləri ilə silahlandırılmış “Əqrəb” adlı maşın yaradıldı, Azərbaycanda “BTR-70”, “BRDM” tipli kəşfiyyat maşını modernləşdirildi, “Matador” və “Marauder” tipli minaya qarşı qorumalı nəqliyyat vasitələri istehsal edildi. Ayrıca olaraq “Orbiter-2M” tipli mini, yerli istehsal edilən “Zərbə” kamikadze PUA-sı, “Aerostar” tipli taktik pilotsuz uçuş aparatı, 2016-cı ildə “Huron” və “Sentry” zirehli avtomobilləri də yaddan çıxmamalıdır. Eyni zamanda “Harop”, “Barak-8” ZRK, “Sand Cat”lar, “Samson MLS” döyüş modulu 4×4, 6×6, 8×8 təkər formuluna malik döyüş maşınları, “Spike” tipli tank əleyhinə idarə olunan raketlər, “Taipan” döyüş modulu, 300 mm-lik T-300 “Qasırğa” RYAS-ı, “Mizraq” adlı döyüş modulu, İAİ şirkətinin istehsalı olan LAHAT tank əleyhinə raket, Belarusun OKB “TSP” şirkətindən satın alınmış RLS-50 radarı, Rusiya istehsalı olan 9K123 “Xrizantema-S” tank əleyhinə özüyeriyən raket kompleksi, T-72SİM1 tankı, “İstiqlal-1T” tüfəngi, “UP-7.62” və “HP-7.6v əl pulemyotları, “Mübariz” - 12.7 mm kalibrli müasir snayper tüfəngi, “Zərbə” yeni nəsil pilotsuz zərbəçi, və yaxud Azərbaycanın kamikadze-dronu, yerli mühəndislərin dizayner təcrübəsi və kreativ düşüncəsinin təcəssümü olan “Tufan” zirehli maşını, “Zəfər” müasir tapançası, Azərbaycan ordusunun silah arsenalına daxil edilib.

Təkcə ötən il nazirliyin Elmi-Tədqiqat İnstitutunda 31 mövzu, o cümlədən, müdafiə təyinatlı məmulatların yaradılması işləri üzrə 15 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilir. Milli Aerokosmik Agentliyi tərəfindən isə (MAKA) müxtəlif sahələri əhatə edən 34 mövzu üzrə, o cümlədən, 17 müdafiə təyinatlı məmulatın yaradılması işləri aparılır. Ölkə sənayesinin dayanıqlı inkişafının təmin edilməsinin əsas istiqamətlərindən olan ixrac potensialının genişləndirilməsi və idxalın yerli istehsalla əvəzlənməsi üzrə nazirlikdə məqsədyönlü işlərə başlanılıb. Bu gün Müdafiə Sənayesi Nazirliyinin müəsisələrində yaradılan və istehsal olunan məmulatlardan müxtəlif növ döyüş sursatlarının, müasir atıcı və artilleriya silahlarının, pilotsuz uçuş aparatlarının, zirehli texnikaların və s. ixracı həyata keçirilir.Hazırda 10-dan çox ölkəyə Azərbaycanın istehsalı olan hərbi məhsullar ixrac edilir.

Ali Baş Komandan İlham Əliyevin hakimiyyəti dövründə hərbi sahədə aparılan islahatlar göstərdi ki, ölkənin hərbi potensialının möhkəmləndirilməsi əsas prioritetlərdən biridir və bu istiqamətdə çox iş görülüb. Müxtəlif reytinqlər tərtib edən beynəlxalq ekspertlərin və təşkilatların hesablamalarına görə, bu gün Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir. Belə ki, rəsmi Bakı silahların yenilənməsi prosesini praktiki olaraq başa çatdırıb. Ordumuz həm hücum, həm də müdafiə xarakterli ən müasir, yüksək dəqiqliyə malik texnoloji silahlarla təchiz olunub. Eyni zamanda, Azərbaycan prezidenti, Ali Baş Komandan hərbçilərin sosial problemlərinin həllini diqqət mərkəzində saxlayır, hər il hərbçilərin maaşları artırılır, onlara evlər verilir.

Belə bir diqqət və qayğı nəticəsində Silahlı Qüvvələrin hər bir nümayəndəsi cəbhə bölgəsində, təmas xəttində qəhrəmanlıqla döyüşməyə, torpaqlarımızın işğalçılardan azad edilməsinə hər an hazırdırlar. Həmçinin ordumuzun döyüş qabiliyyətinin artırılması, intizamın möhkəmləndirilməsi üçün çox iş görülüb, Silahlı Qüvvələrin maddi-texniki bazası xeyli möhkəmlənib. “Global Fire Power”in 2017-ci il cədvəlinə əsasən, hərbi gücünə görə ölkə reytinqində Azərbaycan 58-ci, Ermənistan isə 93-cü yeri tutub. Cədvəlin tərtib edilməsində 50-dən artıq ünsür nəzərə alınıb. Ölkəmizin şanlı hərbi tarixlərindən biri Aprel döyüşləri zamanı Azərbaycan aldığı yeni və öz istehsalı olan silahlardan istifadə etdi. Aprel döyüşləri son 25 ildə torpaqların geri qaytarılması istiqamətində atılan ən önəmli addım idi. Həmin əməliyyatlar nəticəsində Füzuli, Cəbrayıl və Ağdərənin minlərlə hektar işğal altında olan ərziləri geri qaytarılıb. Bu döyüşlər Azərbaycan xalqının, dövlətimizin, ordumuzun gücünü, son illər ərzində ordu quruculuğuna yetirilən diqqət, aparılan siyasət, maddi-texniki bazanın möhkəmləndirilməsi, ordumuzun döyüş potensialının nə qədər güclü olduğu göstərdi. Döyüşlərdə Azərbaycan müəssisələrində istehsal olunan tank əleyhinə qumbaraatanlardan, minaatanlardan və onların döyüş sursatlarından, snayper tüfənglərindən, universal pulemyotlardan, o cümlədən AK-74M tipli avtomatlardan, müxtəlif çaplı patronlardan və digər döyüş sursatlarından düşmənə qarşı geniş istifadə edilib. Eyni zamanda, düşmənin hədəflərinin dəqiq müəyyənləşdirilib məhv edilməsi ölkədə istehsal olunan müasir növ pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib.

Bütün hallarda hazırda Azərbaycan 900 adda hərbi təyinatlı silah-sursat istehsal edib və bu gün bu proses davam etdirilir və ordu quruculuğu planlı surətdə davam etdirilir. Qoşunların döyüşə və səfərbərliyə hazırlığı, kadrların və idarəetmə orqanlarının hazırlanması və yetişdirilməsi, maddi-texniki təminat hazırlıq planı və digər sənədlər əsasında gerçəkləşdirilir. Azərbaycan Ordusu bu gün Azərbaycan dövlətinin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir və dövlətimizin ərazi bütövlüyünü təmin etmək iqtidarında olan yüksək hazırlıqlı ordudur. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin verdiyi qiymətə görə, ordumuz regionun ən hazırlıqlı və ən müasir strukturu sayılır. Bütün bunlar Azərbaycan Ordusunun bugünkü ən müasir tələblərə cavab verdiyini göstərir. Bu fakt torpaqlarımızın 20 faizini işğal etmiş və bütün siyasətini ancaq və ancaq qonşu dövlətlərin torpaqlarını işğalı üstündə quran Ermənistanda da kifayət qədər məlumdur.

Bu gün Azərbycan Silahlı Qüvvələri böyük və peşəkar kadr potensialına malikdir. Naxçıvanski adına hərbi liseyi, Ali Hərbi Məktəbi, Silahlı Qüvvələrin Hərbi Akademiyası bu kadr potensialını formalaşdırır. Hərbi məktəblərdə müasir tədris proqramlarından istifadə edilir. Azərbaycan Silahlı Qüvvələri böyük – 25 min şəxsi heyət və çoxsaylı hərbi texnikanın iştirakı ilə hərbi təlimlər keçirir. Ali Baş Komandan çıxışlarında bəyan edib ki, Ermənistan və Azərbaycanı təkbətək qoysalar, Azərbaycan Silahlı Qüvvələri qısa zamanda işğalçı qüvvələri darmadağın edib, torpaqlarımıza azad etməyə qadirdir. Əgər torpaqlarımız sülh, danışıqlar yolu ilə azad edilməsə, zaman gələcək, Silahlı Qüvvələrimiz öz sözünü deyəcək, işğalçı qüvvələri darmadağın edərək torpaqlarımızı azad edəcək.

Yazı “Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinə təqdim edilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ordu   İlham-Əliyev   Heydər-Əliyev  





Xəbər lenti