"Generalların Bakı görüşü strateji əhəmiyyət daşıyır" - Aydəmirov

"Generalların Bakı görüşü strateji əhəmiyyət daşıyır" - Aydəmirov
  20 Aprel 2018    Oxunub:2911
Ötən gün Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Bakıda NATO-nun Avropadakı Silahlı Qüvvələrinin baş komandanı, ordu generalı Kertis Skaparotti ilə görüşüb. Danışıqlar zamanı generallar Avropa regionunda NATO və Rusiyanın hərbi fəaliyyətini, etimad tədbirlərinin artırılması və insidentlərin qarşısının alınması barədə fikir mübadiləsi aparıblar.
Bundan əlavə Gerasimov və Skaparroti Suriyadakı vəziyyəti müzakirə edib və beynəlxalq terrorizmə qarşı mübarizədə qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıblar.

Generalların Bakıda keçirilən görüşünü AzVision.az-a şərh edən ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib ki, Azərbaycanın paytaxtında aparılan danışıqlar tarixi və strateji əhəmiyyət daşıyır.

“Dünyanın iki güc mərkəzini təmsil edən generallarının Bakıda görüşü çox əhəmiyyətlidir. Görüşün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq danışıqlar üçün ideal mərkəz olduğunun sübutudur. Sözsüz ki, tərəflər arasında möhkəm rabitə əlaqəsi var. Onlar mütəmadi olaraq danışırlar.

Bakı regionda ən sakit ərazidir. Görüş tərəflərin təhlükəsizliyi baxımından da çox vacibdir. Qeyd edim ki, bu, generalların Bakıda keçirdiyi ilk görüş deyil. Onlar sınaqdan keçiriblər ki, ölkəmiz hər iki tərəfin özünü rahat hiss etdiyi bir məkandır. Bütün məsələləri Azərbaycanda rahat müzakirə edə bildiklərindən məhz paytaxtımızda görüşürlər. Bu çox yaxşı haldır”.

Y.Aydəmirov qeyd edib ki, generallar qlobal problemə çevrilə biləcək məsələləri müzakirə edirlər: “Onlar müəyyən məsələləri razılaşdırmalıdırlar. Görüşlər məhz bu məqsədlə keçirilir ki, tərəflər arasındakı gərginlik ətrafında ümumi məxrəcə gələ bilsinlər”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti