Birinci xanım açılışda

Birinci xanım açılışda
  08 Oktyabr 2013    Oxunub:1105
Oktyabrın 7-də Bakının Nizami rayonunda Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin açılışı olub.
AzVsison.az xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva mərasimdə iştirak ediblər.
Azərbaycanın birinci xanımının diqqətinə çatdırıldı ki, mərkəz üçün ayrılan ərazinin ümumi sahəsi bir hektardır. Əsas və köməkçi binalarla birlikdə tikintinin ümumi sahəsi 7300 kvadratmetr təşkil edir. Bina 3 mərtəbə və zirzəmi hissəsindən ibarətdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan binanın xarici görünüşü göbələk formasındadır. Tikinti işləri blok şəklində dəmir-beton konstruksiya əsasında aparılmışdır. Fasad isə göbələyin təbii formasına oxşar şəkildə şüşə pəncərələrlə bəzədilmişdir. Fasadda örtük materialı olaraq qəliblərdə hazırlanan müasir poliestr materialından istifadə edilib.
Heydər Əliyev Fondunun prezidenti Mərkəzdə yaradılan şəraitlə tanış oldu. Qeyd edildi ki, binanın interyerinin rəngarəngliyi onun dinamik aurasını daha da zənginləşdirir. Burada ümummilli lider Heydər Əliyevin uşaqlara qayğısını əks etdirən fotostend yaradılıb.
Mehriban Əliyevaya məlumat verildi ki, yeməkxanada daun sindromlu xəstələrin rahat qidalanması üçün hər cür şərait vardır. Mərkəzdə psixologiya, məktəbəqədər hazırlıq, valideyn otaqları, biologiya və zoologiya kabinetləri yerləşir. Burada həmçinin, heykəltəraşlıq, əmək, xalçaçılıq, tikiş, rəsm dərnəkləri də fəaliyyət göstərəcəkdir. Kompyuter, loqoped, riyaziyyat, astronomiya otaqları və digər yardımçı otaqlar da ən müasir avadanlıqla təchiz olunub.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Mərkəzin idman zalı və üzgüçülük hovuzuna da baxdılar. Məlumat verildi ki, hovuz iki hissədən - üzgüçülük və müalicə hissələrindən ibarətdir. Ən müasir texniki avadanlıqla təchiz olunan kino və teatr zalları da daun sindromlu xəstələrin istifadəsinə verilib.
Bildirildi ki, Mərkəz daun sindromlu şəxslərin, eləcə də onların ailə üzvlərinin sosial-mədəni reabilitasiyası və cəmiyyətə inteqrasiyasına xidmət edəcək.
Mərkəzlə tanışlıqdan sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Daun Sindromlu Şəxslərin Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Dəcəllər” teatrının hazırladığı tamaşaya baxdılar.
Qeyd olundu ki, Mərkəzin ərazisində uşaq əyləncə meydançası, köşklər və açıq idman meydançası yaradılmışdır. Heydər Əliyev Fondu tərəfindən Mərkəzə avtobus hədiyyə olunub.


Teqlər:





Xəbər lenti