Onlar da İlham Əliyevi təbrik etdilər

Onlar da İlham Əliyevi təbrik etdilər
  14 Aprel 2018    Oxunub:2437
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunovdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin bütün dostlarınız və tərəfdaşlarınız bu qələbəni gözləyirdilər. Azərbaycan vətəndaşları tərəqqi, rifah və sabitlik ümidlərini bu qələbə ilə bağlayırlar. Seçiciləriniz həm qəlbin, həm də sağlam düşüncənin səsini dinləyərək seçim etdilər.

Güclü, savadlı, müasir, öz qərarlarında inamlı olan rəhbər hər zaman soydaşlarının və beynəlxalq tərəfdaşlarının ehtiramını qazanır.

Hörmətli İlham Heydər oğlu, Siz həm sadə insanların, həm siyasi elitanın, həm də işgüzar dairələrin ötən çətin illərdə ölkəyə rəhbərlik etmək sahəsində qazandığınız nailiyyətləri layiqincə dəyərləndirməsinə müvəffəq oldunuz.

Dünya siyasətinin burulğanında siyasi mətinliyi qoruyub saxlamağın, qlobal qeyri-sabitlik şəraitində milli maraqlar kursunu davam etdirməyin nə qədər çətin, maliyyə sabitliyi və iqtisadi inkişaf üçün yeni vasitələr axtarıb tapmağın nə qədər vacib olduğunu Azərbaycan xalqı yaxşı dərk edir.

İnanıram ki, ölkənizin daha parlaq gələcəyi naminə konkret planlarınız tükənməzdir. Bu planları həyata keçirmək üçün maksimum səy göstərəcəyinizə əminəm.

Həm öz adımdan, həm də Sizin MDBMİ-dən olan yoldaşlarınız adından Sizə dost Azərbaycanın Prezidenti vəzifəsində cansağlığı, tükənməz enerji və davamlı uğurlar diləyirəm".

XXX

“Russneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Mixail Qutseriyevdən İlham Əliyevə təbrik məktubu gəlib:

"Hörmətli İlham Heydər oğlu. Prezident seçkilərində qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Seçkilərdə Sizin inamlı qələbəniz Azərbaycanın inkişafına, respublika vətəndaşlarının rifahının yüksəldilməsinə yönəlmiş genişmiqyaslı sosial proqramların uğurla həyata keçirilməsinə verdiyiniz böyük töhfəni təsdiq etdi.

Siz bütün enerjinizi respublikanın sosial-iqtisadi inkişafına sərf edirsiniz. Azərbaycanın inkişaf yolu Sizin adınızla bağlıdır.

Sizin həyatınız Vətənə və öz vəzifəsinə xidmət nümunəsidir.

Möhtərəm İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və firavanlıq arzu edirəm".

XXX

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən:

"Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından ən səmimi təbriklərimi və arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illik yubileyi qeyd olundu. İordaniya Haşimilər Krallığı Azərbaycanla tarixi köklərə bağlanan dostluq münasibətlərini, Sizin müdrik rəhbərliyiniz ilə bu əlaqələri xalqlarımızın ümumi maraqlarına və İslam ümmətinin ortaq dəyələrinə xidmət etmək üçün əsas amalımız olan regional və qlobal sülhə, təhlükəsizliyə və sabitliyə nail olmaq istiqamətində inkişaf etdirməyi bir daha bəyan edir.

Zati-aliləri, Sizə uğurlarınızın davamlı olmasını, dost Azərbaycan xalqına isə bundan sonra da firavanlıq və rifah şəraitində yaşamağı arzulayıram".

XXX

Macarıstanın Baş naziri Viktor Orbandan İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Möhtərəm cənab Prezident. Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm.

Biz müstəqil Azərbaycanın həm ölkə daxilində, həm də beynəlxalq arenada iqtisadi inkişafla bağlı əldə etdiyi nailiyyətləri yüksək qiymətləndiririk.

Macarıstan Azərbaycanı özünün strateji tərəfdaşı hesab edir. Məmnuniyyətlə demək istəyirəm ki, ötən illər ərzində ikitərəfli münasibətlərimizin daha da dərinləşməsinə nail olmuşuq. Əmin ola bilərsiniz ki, Macarıstan hökuməti ölkələrimiz arasında mövcud olan hərtərəfli və qarşılılıqlı faydalı əməkdaşlığımızın gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".

XXX

Belarusun “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyinin sədri Natiq Bağırovdan:

"Möhtərəm cənab Prezident. İcazə verin, Sizi Belarusun “Azərbaycan İcmaları Konqresi”, Belarusda yaşayan bütün azərbaycanlılar adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə ürəkdən təbrik edim.

Sizin uğurlu qələbəniz xalqımızın Sizə, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş siyasətini müvəffəqiyyətlə davam etdirməyinizə etibar və inamın bariz nümunəsidir.

Sizin rəhbərliyiniz ilə aparılan fəaliyyət nəticəsində Vətənimizin sözün əsl mənasında çiçəklənməsinin templəri təkcə Azərbaycan diasporunu deyil, bütün dünyanı valeh edir.

Fürsətdən istifadə edərək, bu şərəfli və məsuliyyətli işinizdə Sizə böyük uğurlar və yeni nailiyyətlər diləyir, Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı və səadət arzulayırıq.

Möhtərəm cənab Prezident, Sizi əmin etmək istəyirik ki, biz həmişə Sizin tərəfinizdə olacaq, bütün fəaliyyətinizi dəstəkləyərək, xalqımızı xaricdə layiqincə təmsil etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik".

XXX

Şanxay Əməkdaşlıq Təşkilatının baş katib Rəşid Əlimovdan:

"Möhtərəm İlham Heydər oğlu. 2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbənizlə əlaqədar ən səmimi təbriklərimi qəbul edin. Seçkilərin nəticəsi Sizin daxili və xarici siyasətinizə Azərbaycan xalqının böyük hörmətini, etimadını və onu hərtərəfli dəstəklədiyini sübut edir. Azərbaycan Sizin müdrik rəhbərliyinizlə cəmiyyət həyatının bütün sahələrinin modernləşdirilməsi yolunda durmadan və dinamik şəkildə irəliləyir, dünya arenasında fəal mövqe tutur.

İcazə verin, fürsətdən istifadə edib Sizə Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətinə marağınıza və diqqətinizə görə səmimi minnətdarlığımı bildirim. Əminəm ki, Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycanın qarşılıqlı maraq doğuran istiqamətlərdə dialoq üzrə tərəfdaşlar kimi əlaqələri Avrasiya məkanında sülh, sabitlik və birgə inkişaf naminə səmərəli əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək.

Azərbaycan Respublikasının Prezidenti kimi ali dövləti vəzifənizdə quruculuq niyyətlərinizin reallaşmasında Sizə böyük uğurlar, möhkəm cansağlığı və xoşbəxtlik arzulamaqdan, Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq diləməkdən çox məmnunam".

XXX

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərindən və İdarə Heyətinin üzvlərindən:

"Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimizi qəbul edin.

Əminik ki, bu qələbə möhtəşəm mədəni irsə sahib olan, dünyaya Nizami Gəncəvi kimi dahi bir mütəfəkkir bəxş edən və bizə çox doğma olan Azərbaycanda demokratik institutların, dünyəviliyin və vətəndaş azadlıqlarının daha da möhkəmləndirilməsinə təkan verəcək.

Sizə möhkəm cansağlığı və davamlı uğurlar, Azərbaycan xalqına isə bundan sonra da tərəqqi və firavanlıq şəraitində yaşamağı arzu edirik. Zati-aliləri, ən dərin ehtiramımızı qəbul edin.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzini dünya müstəvisində daha da yaxşı tanıtmaq istiqamətində səylərimizə sadiq qaldığımızı və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nizami Gəncəvinin irsinə layiq olduğunu təmin etmək üçün əlavə mədəni tədbirlər keçirmək niyyətində olduğumuzu bəyan etməkdən məmnunuq. Bütün bunlar Sizin davamlı dəstəyiniz sayəsində mümkün ola bilər. Biz əminik ki, Siz Nizami Gəncəvi Beynəlxalq Mərkəzini dünyada təhsil, elm və beynəlxalq dialoqu təşviq edən və Azərbaycanın mədəni irsini dünya miqyasında daha yaxşı tanıdan bir qlobal mərkəz kimi davamlı inkişaf etməsini görməyə şad olacaqsınız.

Zati-aliləri, icazə verin, hamımızın adından Sizə dərin minnətdarlığımızı bildirək. Sizə cansağlığı və uğurlarınızın davamlı olmasını, Azərbaycan xalqına isə bundan sonra da tərəqqi və firavanlıq şəraitində yaşamağı arzu edirik".

XXX

Avrasiya Yəhudi Konqresinin baş direktoru Haim Ben-Yakovdan
Avrasiya Yəhudi Konqresinin idarə heyətinin rəhbəri Aaron Frenkeldən
Avrasiya Yəhudi Konqresinin prezidenti Mixail Mirilaşvilidən:

"Möhtərəm İlham Heydər oğlu. Prezident seçkilərində parlaq qələbəniz münasibətilə Sizi Avrasiya Yəhudi Konqresi və Azərbaycanın yəhudi icması adından səmimi qəlbdən təbrik edirik.

Azərbaycan yəhudiləri Sizin müdrik milli siyasətinizə və antisemitizmə qarşı mübarizədə ardıcıl sərt mövqeyinizə görə Sizə təşəkkür edirlər.

Azərbaycan ilə İsrail arasında səmimi dostluq münasibətlərinin, iqtisadi əlaqələrin inkişafında və möhkəmlənməsində Sizin rolunuzu yüksək qiymətləndiririk. Əminik ki, Azərbaycanın yəhudi icması bundan sonra da öz ölkəsinin rifahı naminə işlərdə fəal iştirak edəcək".

XXX

Kanadanın “Worldwide News” elektron qəzetinin baş redaktoru Noor Əlidən İlham Əliyevə təbrik məktubu gəlib:

"Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə “Worldwide News” elektron qəzetinin kollektivi adından və şəxsən öz adımdan ən xoş arzularımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Bu seçkilər Azərbaycanın ölkədə demokratiyanın inkişafına sadiq olduğunu bir daha təsdiq etdi. Seçkilərdə inamlı qələbəniz xalqın Sizə hörmət və ehtiramının təsdiqidir.

Zati-aliləri, Siz hakimiyyətdə olduğunuz bütün dövrlərdə ölkədə demokratiyanın inkişafına, həmrəyliyin möhkəmlənməsinə böyük önəm vermisiniz. Əminəm ki, Siz qazandığınız təcrübə və nüfuz sayəsində Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxarmaq istiqamətində həyata keçirilən siyasi kursu uğurla davam etdirəcəksiniz.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, ölkənizə tərəqqi və xalqınıza xoşbəxtlik arzu edirəm.

Sizə və ölkənizə dərin ehtiramımı bildirir və Uca Allahdan xeyir-dualar diləyirəm".

XXX

Moldova Respublikasının Prezidenti İqor Dodondan İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizə Moldova Respublikasının xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi çatdırır, qarşıya qoyduğunuz məqsədlərə nail olmaq yolunda böyük uğurlar və əzmkarlıq arzulayıram.

Sizi yenidən dövlət başçısı vəzifəsinə seçməklə Azərbaycan xalqı Zati-alinizə olan etimadını göstərdi, ölkənin inkişafı, cəmiyyətdə sabitlik və həmrəylik, xalqın tərəqqisi və rifahının yüksəlməsi naminə seçdiyiniz yolu tam dəstəklədiyini nümayiş etdirdi.

Əminəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında konstruktiv dialoq və sıx əməkdaşlıq bundan sonra da ölkələrimizin münasibətlərinin möhkəmlənməsinə kömək edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayır və bir daha dərin hörmətimi ifadə edirəm".

XXX

Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əl-Sabahdan:

"Hörmətli cənab Prezident. Dost Azərbaycan Respublikasında keçirilən prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu fürsətdən istifadə edərək, Küveyt Dövləti və Azərbaycan Respublikasını bir-birinə bağlayan tarixi əlaqələrdən məmnunluğumuzu bildirir və birgə səylərimizlə bu əlaqələri dost ölkələrimizin mənafeyi naminə daha da möhkəmləndirmək və inkişaf etdirmək əzmində olduğumuzu bir daha vurğulayırıq.

Zati-alinizə cansağlığı və uğurlar, dost Azərbaycan Respublikasına və xalqına davamlı tərəqqi arzulayır, həmçinin dost ölkələrimiz arasındakı sıx əlaqələrin daha da inkişaf etməsini diləyirəm.

Zati-aliləri, böyük hörmət və ehtiramımı qəbul edin".

XXX

Rusiya Federasiyası Kalmık Respublikasının müftisi Sultanəhməd Karalayevdən:

"Hörmətli İlham Heydər oğlu. Kalmık Respublikası Müsəlmanları Dini İdarəsi adından və şəxsən öz adımdan Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Seçkilərdəki qələbəniz vətəndaşların rifahının yüksəldilməsinə və beynəlxalq arenada ölkənizin nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş siyasətinizi Azərbaycan xalqının tam dəstəklədiyinə sübutdur.

Bu məsul vəzifədə nəzərdə tutduğunuz bütün planların səmərəli və müvəffəqiyyətlə həyata keçirilməsi yolunda Sizə yeni-yeni uğurlar diləyirəm.

Allah-Təala Sizə, ölkənizə və xalqınıza tərəqqi, səadət və rifah nəsib etsin".

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Seçki   Təbrik  





Xəbər lenti