Gəncə sakinləri səs verir - Fotolar
32 min 874 nəfər 37 saylı Seçki Dairəsi üzrə 24 məntəqədə, 33 min 754 nəfər 38 saylı Seçki Dairəsi üzrə 24 məntəqədə, 38 min 842 nəfər 39 saylı Seçki Dairəsi üzrə 29 məntəqədə, 42 min 070 nəfər 40 saylı Seçki Dairəsi üzrə 30 məntəqədə qeydə alınıb.
38 saylı Nizami II (Gəncə) Seçki Dairəsinin 5 saylı seçki məntəqəsində saat 8-dən etibarən seçici fəallığı var, artıq ilk seçicilər öz namizədlərinə səs vermək üçün seçki məntəqəsinə üz tutub, müstəqil Azərbaycanın gələcəyini müəyyənləşdirmək naminə öz vətəndaşlıq borclarını yerinə yetirməyə gəliblər.
Məntəqədə prosesi müşahidə etmək üçün müşahidəçilərin və mətbuat nümayəndələrinin fəaliyyəti üçün əlverişli şərait yaradılıb. Rabitə sistemi, veb-kamera quraşdırılıb. Seçki məntəqələrinə gələn sakinlərdə ruh yüksəkliyi müşahidə olunur. Hamı özünün və ailəsinin, bütövlükdə ölkəsinin sabahı naminə daha layiqli namizədə etibar etmək üçün Konstitusiya hüquqlarından istifadə etməklə vətəndaşlıq borcunu yerinə yetirmək arzusundadır. Elə bu arzu ilə səhər saat 8.00-dan etibarən seçki məntəqəsi dolub, boşalırdı. Seçicilər növbə ilə, heç bir təzyiq olmadan sərbəst şəkildə istədikləri namizədə səs verirlər.
38 saylı DSK-nın 5 saylı seçki məntəqəsinin sədri Əliağa Səfərəliyev: -Seçkilərə start verildiyi ilk andan məntəqəmizdə coşqu var. Məntəqəmizdə 1363 seçici var. Seçki gününə kimi aparılan təşviqat, maarifləndirmə işlərinin nəticəsidir ki, insanlar sərbəst şəkildə məntəqələrə üç tutur. Ümidvarıq ki, günün axırına kimi seçki prosesi mütəşəkkillikə davam edəcək.
AzVision.az