Ermənilər iki Beynəlxalq tədbirdən qovuldu - FOTO

Ermənilər iki Beynəlxalq tədbirdən qovuldu - FOTO
  05 Oktyabr 2013    Oxunub:1026
Qondarma "Dağlıq Qarabağ respublikası"nın ombudsmanı beynəlxalq konfransdan kənarlaşdırılıb.
AzVsison.az xəbər verir ki, Bu günlərdə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri Zaur Əliyev Avstriyada Avropa Ombudsmanlar İnstitutunun 15 illiyinə həsr edilmiş "Avropada Ombudsmanların müstəqilliyi" mövzusunda yubiley konfransında iştirak edib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konfransda Avropa ölkələrinin ombudsmanları, insan hüquqları institutlarının, habelə Avropa Şurasının insan hüquqları üzrə komissarının və Avropa Birliyi ombudsmanının nümayəndələri, həmçinin yerli və xarici universitetlərin, kütləvi informasiya vasitələrinin təmsilçiləri, beynəlxalq ekspertlər iştirak ediblər.

Z.Əliyev tədbirdə çıxış edərək Azərbaycanda ombudsman təsisatının fəaliyyəti haqqında ətraflı məlumat verib.

Konfrans çərçivəsində Avropa Ombudsmanlar İnstitutunun prezidenti, onun müavinləri, həmçinin idarə heyəti üzvlərinin seçkiləri keçirilib. Ombudsman Aparatının şöbə müdiri Z. Əliyev seçki komissiyasının üzvü seçilib.

Özünü "müstəqil Dağlıq Qarabağ respublikası"nın ombudsmanı kimi təqdim edən Yuriy Hayrapetyanın çıxışından sonra, konfransın rəyasət heyətinə müraciət edərək hər bir iştirakçıya yalnız bir dəfə çıxış etmək imkanı verilməsinə baxmayaraq söz istəyən Z.Əliyev öz çıxışında, ilk növbədə, qondarma respublikanın ombudsmanının bu tədbirdə iştirakına və çıxışına kəskin etirazını bildirib. O, Y.Hayrapetyanın özünü "müstəqil Dağlıq Qarabağ respublikası"nın ombudsmanı kimi təqdim etməsinin beynəlxalq hüquq normalarına tamamilə zidd olduğunu, belə ki, belə bir dövlətin mövcud olmadığını, həmin ərazinin Azərbaycanın tərkib hissəsi, tarixi torpaqları olması faktını vurğulayıb.

Z.Əliyev Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu, lakin Ermənistan tərəfindən işğal edildiyini bildirib. Qeyd olunub ki, bu işğal faktı həm BMT, həm Avropa Şurası, habelə bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də təsdiqlənib və bununla əlaqədar BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının müvafiq qətnamələri, həmçinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) tövsiyə və qətnaməsi mövcuddur.

Bildirilib ki, Dağlıq Qarabağ adlı dövlət beynəlxalq müstəvidə heç bir dövlət və ya beynəlxalq təşkilat tərəfindən tanınmayıb, hətta Ermənistanın özü onu müstəqil bir dövlət kimi tanımayıb. Bunları nəzərə alaraq, bu şəxsin adıçəkilən tədbirdə iştirakının və çıxışının, ümumiyyətlə, Avropa Ombudsmanlar İnstitutunda üzvlüyünün əsassız və beynəlxalq hüquqa zidd olması konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

Həmçinin, Avropa Ombudsmanlar İnstitutunun beynəlxalq qeyri-hökumət təşkilatı olaraq beynəlxalq hüquq normalarına saymazyana yanaşdığı, hörmətsizlik nümayiş etdirdiyi, həmin şəxsi üzvlüyə qəbul etməklə öz tədbirinə dəvət etdiyi və çıxışı üçün imkan yaratdığı bildirilib.

Z.Əliyevin çıxışından sonra Y.Hayrapetyan iclasdan kənarlaşdırılıb.

***

3-4 oktyabr tarixlərində Budapeştdəki Eotvos Lorand Universitetində "Mədəniyyət körpüsü - 2013" adlı beynəlxalq festival keçirilib.

Azərbaycanın Macarıstandakı səfirliyindən verilən məlumata görə, səfirliklərin və yerli milli icmaların yardımı ilə keçirilən festivalın əsas məqsədi müxtəlif xalqların və millətlərin onlara xas mədəniyyətinin, milli mətbəxinin, turizm potensialının və tarixinin nümayiş və təbliğ edilməsindən ibarət olub.
İki gün davam edən tədbirdə ölkəmizi Azərbaycanın Macarıstandakı Səfirliyinin dəstəyi ilə Azərbaycan-Macar Gənclər Birliyi təmsil edib. Festival iştirakçıları səfirlik tərəfindən müxtəlif dövrlərdə Azərbaycanın mədəniyyətinə, tarixinə və ədəbiyyatına dair macar dilində çap edilmiş 30-a yaxın kitaba, paxlava, şəkərbura kimi milli mətbəximizə aid müxtəlif növ şirniyyatlara, Azərbaycan tarixi və mədəniyyətini təcəssüm etdirən suvenirlərə böyük maraq göstəriblər.

Tədbir zamanı Ermənistan mədəniyyət mərkəzi üçün ayrılmış hissədə qondarma "Dağlıq Qarabağ respublikası"nın bayrağının nümayiş etdirilməsinə cəhd olunub. Səfirlik əməkdaşları və Macarıstanda təhsil alan azərbaycanlı tələbələr tərəfindən buna dərhal etiraz edilib və təşkilatçılardan bu kimi halların qarşısının alınması tələb olunub. Eyni zamanda, səfirlik tərəfindən məsələ ilə əlaqədar dərhal Macarıstan Xarici İşlər Nazirliyinə etiraz notası ünvanlanıb və Eotvos Lorand Universitetinin rəhbərliyi ilə birbaşa danışıqlar aparılıb. Nəticədə qondarma qurumun bayrağının nümayişinə cəhd dayandırılıb və tədbirdə provokasiya ilə məşğul olan ermənilər festivaldan uzaqlaşdırılıb.

Festivalda Azərbaycanla yanaşı, Amerika Birləşmiş Ştatları, Malayziya, Çin, İsrail, eləcə də Avstriya, İtaliya, Fransa və digər bir çox Avropa dövlətlərinin nümayəndələri iştirak ediblər. Festivaldan şəkilləri sizə təqdim edirik.

Qalereya




Teqlər:





Xəbər lenti