“Yəhudi qonşum məni ermənilərdən xilas etdi” - 100 il əvvəlki soyqırımı şahidinin yazdıqları

“Yəhudi qonşum məni ermənilərdən xilas etdi” - 100 il əvvəlki soyqırımı şahidinin yazdıqları
  31 Mart 2018    Oxunub:3236
Bu il azərbaycanlılara qarşı törədilmiş 1918-ci ilin mart soyqırımının 100 ili tamam olur. Həmin dəhşətli hadisələri xatırlamaq üçün sizə unikal bir mətn təqdim edirik. Bu mətni həmin hadisələri bilavasitə yaşamış Məhəmməd Muradzadə adlı bir Bakı sakini Osmanlı türkcəsində qələmə alıb və 1920-ci ildə hökümət mətbəəsində ərəb əlifbası ilə çap edilib. Yazının üslubunu saxlamaq şərtilə müasir Azərbaycan dilinə tarixçi Yeganə Kamal Cabbarlı uyğunlaşdırıb.

Məhəmməd Muradzadə

“Xatirə dəftərimdən bir hekayə”

Əzablı mart hadisəsi


(Davamı. Əvvəlini buradan oxuyun)

...İndi evimizdə qaniçən canilər tərəfindən edilən o faciəni təsəvvür etməyə, anlamağa çalışırdım. Yuxarıda dediyim kimi, ailə üzvləri bütün vəziyyətdən bixəbər, öz işlərilə məşğul idilər. Canilər yəhudunin damından şüşəbəndə, yaralının yanında oturan ixtiyar liman qoruqçusuna atəş açırlar. O, bunu gördükdə tez başını aşağı əyir. Atılan güllə pəncərənin şüşəsini dəlib, ixtiyarın qafası üzərindən keçərək, zavallı yaralının ürəyindən dəyir. Bu əziyyətli güllənin zərbindən o, öz postelindən iki arşın uzağa, küncdə qoyulan bufetin önünə tullanır.

Atılan bu atəş, ixtiyarın bağırtısı hamını öz məşğuliyyətindən ayırır. Hamı həmin yerə toplanır. Bunları böyük bir diqqətlə təqib edən canilərsə damdan həmən pəncərə camlarını qıraraq, xanəyə hücum edirlər; Onlar yalın xəncərlərlə adamları təhdid edərək, evdə olan silahlarını təslim etmələrini əmr edirlər. Fəqət, bütün silahlar bir saat əvvəl gizlədilmişdi. Canilər axtarıb bir silah tapmadıqdan sonra onların üstlərini növbə ilə axtarıb ətrafdakı pul-paranı götürürlər. Atamla Hacı pul kisələrini öz əllərilə canilərin önünə atırlar. Xüsusilə, atam onlara həyatlarına təcavüz etməmələri üçün bütün mal və pulunu verəcəyini söyləyir. Zavallı əlləri qoynunda otaq qapısına, Hacı isə otaqla üzbəüzə mətbəx qapısına söykənmişdilər. Qardaşım onların yanında dayanmışdı. Bufetin önundə iki dəfə yaralanan ixtiyar yaşamaq üçün təkbaşına mübarizə aparır,qan içində çabalayırdı. Fəqət, hər kəs öz canını qurtarmaq hayında olduğundan artıq onun halıa yanan yox idi. Dayım isə dəhliz qapısının ağzında durmuşdu. İnsan qanına susamış canilər pulları alıb aralarında bölüşdürdükdən sonra ikisi dərhal həyətə çıxır. Biri isə bayıra çıxarkən əvvəlcə atamın ürəyinin ortasını nişan alaraq atəş açır, ardınca Hacının köksündən vurur. Hər ikisi hövlank şəkildə yerə düşürlər; qardaşım isə tez mətbəxə qaçır.

Qardaşım həmin vaxt baş verən bu qəmli faciəni belə təsvir edir: “Atan cansız bir cəsəd kimi qapıya söykənmişdi. Zalım qaniçənlər bayıra çıxarkən silahı qaldırıb atanı nişan aldıqda mən fəryad edərək, silahın lüləsindən möhkəm yapışdım. O isə tüfəngin qundağı ilə məni geri itələyib eləcə bir atəşlə atanı, sonra Hacını yerə sərib tez bayıra çıxdı. Atan iki əliylə ürəyini tutub üzü üstə yerə yıxılarkən mən dərhal qaçıb onu qucaqladım; Fəqət, onun bədbəxtliyi məni də onunla birlikdə yerə sərdi. Mən onun eləcə bihuş olduğunu güman edirdim. Lakin sonradan dayın gəlib onu arxası üstə çevirdikdə bir dəfə ağzını açıb yumdu; Bununla onun öz canını təslim etdiyini görüb qırmızı dəsmalımla cəld üzünü örtdüm. Hacı isə böyrü üstə düşmüş və hələ ölmlə həyat arasında çarpışırdı və ağzından qan daşırdı. Məni görüncə yarımçıq və anlaşılmaz bir səslə: “Müsəlman deyilsinizmi, ölürəm... Mənim əl-ayağımı düzəldin”,- deyirdi.

Dayım tez onun əl-ayağını rast edib, çuxasını üzünə örtdü. Bununla Hacının səsi bir daha eşidilmədi. Məni hər tərəfdən dəhşət bürümüşdü. Nə edəcəyimi çaşmışdım. Dərhal fəryadla bayıra qaçdım.

Canilər daha görünmürdülər. Mən evimizdə baş verən hadisəni seyr etməyə iradəmi toplaya bilmırdım. Zavallı anam yuxarıda dediyim qadınlarla evimizdə, o dəhşətli və ürək yandıran mənzərədə ah-vaylar qoparırdılar. Bir az sonra hamısı oradan öz evlərinə yollandılar. Mənim ailə üzvlərim indi doğrudan da tənha qalmış, hər kəs bir küncə çəkilmişdi.

Mən bu dəhşətlərin bununla bitmədiyini və bir daha təkrarlanacağını zənn edirdim. Qəfildən küçədə hay-həşir qopdu və mənim olduğum evin küçə qapısı şiddətlə döyülməyə başladı. Yəhudinin arvadı və uşaqları yenə fəryad eləməyə başladılar. Yəhudi qorxu və dəhşətdən özünü itirmiş bir halda mənə:” Allah rizası üçün mənim evimi tərk edib get öz evinizdə bir yerdə gizlən. Canilər buraya gəlib mənim evimdə müsəlman olduğunu bilsələr hamımızı doğrayarlar. Özünə və uşaqlarıma rəhmin gəlsin”,- deyib söyləndi. Mən onun bərabərində iki dizi üstə çöküb, onun ətəyindən yapışaraq, Allah və Həzrətimiz xatirinə belə bir vaxtda məni düşmən pəncəsinə verməməsini göz yaşlarıyla xahiş etdim. Yəhudi nə qədər israr etsə də, mən onun ətəyindən buraxmadım. Axırda öz ailəsilə həyətə çıxıb, evin qapısını üzümə bağladı.

Həyət qapısı daha şiddətlə döyülsə də, kimsə gedib onu açmağa cürət eləmirdi. Nəhayət, həyətdəki qadınlardan biri gedib, qapını düşmənlərin üzünə açdı. Mən yəhudinin boş otağında gizlənməyə bir yer tapa bilmədiyimdən, iki pəncərənin arasında durub, həyətə kimlərin daxil olduğunu görmək üçün pəncərənin şüşəsindən ehmalca bayıra baxırdım. Yeddi-səkkiz nəfərdən ibarət bir dəstə cani həyətə daxil olunca, həyətdəki birinci evə girib, müsəlman qadın və qızları bayıra çıxardılar. Biçarə qadınlar dad və fəryada başlayıb, həyətdə yenidən bir mərəkə qopardılar.

İslam qanına susamış canilər yəhudidən harada müsəlman olduğunu israrla soruşub, qadınlara isə ərlərinin yerlərini göstərmələrini əmr etdilər. Halbuki, qadınlardan ikisi dul, üçü qız olub, evlərində heç bir mömin məhrəmləri yox idi. Anam da onların yanındaydı. Canilər hər künc-bucağı axtarırdılar.Qəfildən iki atəş açıldığını və canilərin hiddətlə bağırdığını eşidincə, qorxu və dəhşətdən bütün bədənim titrəməyə başladı. Məlum olduğu kimi əvvəlcə bizim evimizdə canilərin əlindən qurtarıb ətrafda gizlənmiş yaşlı liman qarovulçusu olduğu yerin qapısını içəridən möhkəm qapamışdı. İndi təslim olmaq istəyən ixtiyara qəddar canilər iki atəş püskürdülər. Bərəkət versin ki, atılan güllələr ixtiyarın qorxudan gizləndiyi küncə dəyməyib, önündəki küncün daşlarında bənd alır. Bununla üç dəfə düşmən gülləsinə məruz qalmış ixtiyar yenə vəziyyətdən salamat qurtarıb, bu dəfə naçar zalımların bədəl alacaqları qorxusuyla bayıra çıxmağa məcbur olur.



Canilərdən biri ixtiyarla qadınları heyvan kimi önünə qatıb, əsir adıyla harayasa aparır. Indi canilər həyətdəki evləri növbə ilə axtarıb qarət və talan edirdilər. Axırda mən olan evin qapısına gəldilər. Mən çaşqın bir halda hər tərəfi açıq olan çarpayının altına girib, canilər otağa daxil olarlarsa, məni görməsinlər deyə bütün vücudumu kirpi kimi yumaqlamışdım. Yəhudi isə caniləri öz otağına buraxmamaq üçün qapısını möhkəm tutub, dayanmışdı. Onlar yəhudidən müsəlmanların harada yaşadığını təkidlə soruşub, otağa daxil olmaq istəyirdiılər. Yəhudi isə otağın ona məxsus olduğunu, burada müsəlman olmadığını, müsəlmanların qonşu evdə yaşayıb bir saat əvvəl qətl edildiklərini söyləyib, bizim evimizi onlara göstərdi. Bir dəfə qarət edilmiş və indi sahibsiz buraxılmış evi bu cani qarətkarlar yenidən yağma edib, getdilər.

İndi həyətdə yəhudinin külfətilə yalnız mən qalmışdım. Yəhudidən məni qardaşlarım və dayım olan yerə müşayiət etməsinə razı saldım. Mən yəhudinin ailəsilə dalandakı qonşu evə getdik. Oradakılar bu saatlarda elimizi bürümüş bu bəladan çox üzgün idilər. Ev sahibəsi mənim solğun simamı və soyuqdan tir-tir əsdiyimi görüncə, mənə tez yataq hazırlayıb rahat olmağımı və ayağa durmamağı məsləhət gördü. Saat üç radələriydi. Artıq bizim məhəllədə atəş sədaları kəsilmişdi. Yalnız uzaqdan tüfəng və uzaqvuranların səsləri eşidilirdi.

Artıq bu möhnətin uğursuz dodaqları bu xarabazarı öpüşlərinə qərq etdi. Axşam bir neçə ailə üzvü bir otaqda toplaşıb bu gün gördükləri faciələrdən və canilərin etdikləri hərəkətlərdən danışırdılar. İndi məni hər şeydən çox anamın yoxluğu darıxdırırdı. Yəhudilər onun başqa əsirlərlə birlikdə milli teatr binalarının birində saxlanıldığını və kimsənin onunla pis bir davranış etmədiyini söyləsələr də, yenə də öz-özümə zavallı qadının bu gün gördüyü hər cür müsibəti, gözləri önündə sevgili zövcəsinin nahaq düşmən gülləsinə hədəf olduğunu və nəhayət, özünün əsir olaraq ayaqyalın və başı açıq küçələrlə aparıldığını düşündükcə, sanki bədənimi buzdan bir əl bürüyürdü.

Aşağı qatda olan Quba yəhudilərinin uşaq və qızları mənim yanıma gəlirdilər. Fəqət, burada rastlaşdığım ürəkparçalayan bir mənzərə mənə zəhərli təsir bağışlayırdı. Baxın, islam cocuğunun başına nələr gəlir?!.. Kiçik qardaşımı bu uzun paltarlı musəvi uşaqlarının yanında təsəvvür edə bilmirdim; hər kəs əvvəlcə görməmiş olsaydı indi qardaşımı qız uşağından ayıra bilməzdi. Əyninə kənarları bafta ilə tikilmiş uzun bir don geyindirilmiş, başına bəyaz bir çalma sarılıb, üstündən bütün boynunu örtmək üçün bir örpək bağlanmışdı. Doğrusu, mən qardaşımı sağ gözündə xəstəlikdən qalmış bəyaz nişanədən tanıdım. Zavallı cocuq bir gün əvvəl öz ata-anasının yanında sevincliykən, bu gün başqa bir yerdə, başqa bir qiyafədə, başqa bir vəziyyətdə idi. İndi qardaşım doğrudan da bir yetimə bənzəyirdi. Başqa bir vaxt olsaydı, belə bir qiyafət insana gülünc gələrdi. İndi isə hər kəs onun belə halına acıyırdı...

Qəfildən həyətdə bir mərəkə qopdu. Hamımızı balkona çıxdıq. Ətraf evlərin birində yanğın başladığından göy üzündən və ətrafdakı hündür evlərin pəncərə şüşələrindən ətrafa qırmızı şüalar saçırdı. Həyətdəki qadın və uşaqların çığırtısı və naləsi elə bir mənzərə yaratmışdı ki, sanki dünyada yenidən təfriqə baş vermiş və hərə bir cür əcayib bağırtılarla həyəti bir-birinə vurmuş, məhşər yaratmışdılar. Xüsusilə, Quba yəhudi qadınlarının çığırtısı bütün həyəti başına almışdı. Əslində yanğın bir neçə ev bizdən aralıda idi. Həm də bu evləri yanğından bir küçə ayırırdı. Fəqət, belə dəhşətli bağırtılar hamını qorxu və iztirab içində buraxmışdı. Hər kəs özünə lazımi şeylərdən - kimi yorğan- döşək və kimisə paltar toplayıb tez bir yerə köçmək niyyətində bir qərar vermişdilər. Fəqət, get-gedə əvvəlki şiddətini qeyb edən yanğın adamların ilk məramını təbdil etdi və onlar nə olursa olsun, öz evlərində qalmağı üstün bildilər.

O gecə olduğumuz otaq bir stansiya duracağı halında idi. Hər kəs öz boxçasını baş altına qoyub belə iztirabdan bir az rahat nəfəs almağa çalışırdı. Bu gecəni də bütün iztirab və dəhşətlərilə göz yummadan səhər elədik.

Dördüncü hissə

Müharibənin əvvəlindən gün üzünü örtmüş matəm buludları bu gün artıq dağılıb yeni doğmuş ilk bahar günəşinin qızıl şölələrilə bu qana bulaşmış matəm sarayını bəlli edirdi. Şəhərin ücqarlarından xəbər bilmək üçün yəhudi uşaqları erkəndən məhəlləmizə çıxmışdılar.

Gətirdikləri o qəmləndirici və acılı xəbərlərində islam kimsəsizlərinin bütün küçələr boyu küçə qırları üzərində dəniz sahilinə tordan atılmış balıqlar kimi yan-yana, qan içində döşənib yatdıqlarını söyləyirdilər.

İki gündən bəri günahsız məzlumları torpağa sürüyən və ocaqlarını söndürən atəşlərin sədası indi şəhərin uzaq yerlərindən eşidilirdi; mənim məhəlləmdə isə böyük bir sükut hökm sürürdü. Mən bununla bütün bəlaların artıq buradan uzaqlaşdığını zənn edirdim; Fəqət zənnim gözlənilməyən nəticələr verdi. Bu gün o qonşu millətin qaniçən caniləri künc-bucaqda gizlənmiş türk islam yavrularını qırmağa qol çırmamışdılar. Hər bir rus və yəhudi evlərini axtarıb ölüm təhdidiylə müsəlmanları vermələrini əmr edirdilər. Belə bir cani və qarətkarlar dəstəsi artıq bizim küçəyə gəlmişdilər. Bizi bu anadək insaniyyət naminə saxlayan yəhudilər bu əhvalatdan bərk təşvişə düşmüşdülər. Bu həyətdə qalan bütün yəhudilər qadın və uşaqlariyla çıxıb küçədə dalanın başında durmuşdular. Ev sahibi Levin bəy həlim bir adam idi. Hərgah yanımıza gəlib məni əhvalatdan agah edərək bu dəqiqələrin çox qorxulu olduğu üçün mətanətli olmağı tövsiyyə edib hər necə olursa olsun, bizi müdafiə edəcəyini söyləyirdi.

Küçədə yeni islam qurbanlarının dad-fəryadları və ətraf xanələrdən küçəyə çıxarılan məzlum uşaqların ürək yandıran bağırtıları eşidilirdi. Onları canilər zorla gizləndikləri yerlərdən küçədə güllə və xəncərlərə qurban edirdilər. Kiçik qardaşımla dayım alt qatda idi. Mən özümdən balaca qardaşımla Levinin evində oturmuşdum. Levin isə bizim pərişan halımıza baxıb dirigözlü insanları canilərin əlinə verməmək üçün carə düşünürdü. Biz iki qardaş nitqimiz tutulmuş,hər şeydən ümidi kəsib təkcə ölümü gözləyirdik. Bir çarə düşünmək artıq gec idi. Birdən küçədə duran qadın və uşaqların həyəcanlı səsləri eşidildi.Canilərin biz olan evə hücum etdiklərini yəqin edərək tələsik kürsüdən qalxdım. Üzümü qazi əlhacat dərgahına qaldırıb kəlmeyi-şəhadətimi edərək, qatillərimi qarşılamağa hazır dayandım. Qardaşım evin qapısına söykənmişdi. Mən onun solğun gözlərinə ayrılıq nəzərləri ilə baxıb titrək bir səslə: “Qardaş, indi ölümü qarşılamağa hazır olaq; artıq küçədə o məzlum köməksizlərə qonaq olacağıq”- deyərkən gözlərimdən iki damla yaş düşdü. Qardaşım bir söz deməyib dəsmalla yaşarmış gözlərini sildi.

Bərəkətə versin ki, bir neçə gənc yəhudi əski rus ordusundan olduqlarından əllərinə silah alıb, küçədə öz aılələrinin yanında canilərin evlərinə girməmələri üçün guya komandan tərəfindən bir neçə evi mühafizə etməyə təyin edildiklərini və burada daha müsəlman olmadığını onlara söyləyərək, qorunmaq üçün hazır dayanmışdılar. Bu minvalla axıradək böyük bir mətanətlə mövqelərini möhkəmlədib özlərini hər bir təcavüz, bizləri isə ölümün pəncəsindən xilas etdilər.



Saat onu keçmişdi. Küçədə duranlardan bəzisi müraciət edib artıq məşvərət zamanı olduğu üçün küçədə asayişin bərpa olunmasını tabşırır. Bu anda həqiqətən də atəş səsləri kəsilmişdi. Fəqət, şəhərin içində iki günlük müharibədə küçədə düşüb qalmış saysız- hesabsız meyitləri yığmağa gələn arabaların qopardığı gurultular şəhərə vəlvələ salmışdı. Sülh müzakirələrinin nəticələri saat birdə məlum olmalıydı. Artıq küçələrdə rus əskərlərinin göründüyünü və müsəlmanları vəhşi qövmlərin əlindən alıb yaxında olan axtarış polisinə apardıqlarını bizə xəbər verirdilər. Müsəlman qanına susamış xainlər məşvərət zamanı yenə də əllərinə keçən müsəlmanları yerlərdə sürüyürdülər. Sülh müsakirələrinin haraya sürüklənəcəyi bəlli olmadığı üçün, yəhudi qonşum bizim artıq axtarış polisinə verilməyimizi məsləhət bildi.Əsgərlərdən bir-iki nəfəri çağırıb baş verən əhvalatdan onları agah etdikdən sonra bizi onlara təslim etdilər. Mən əvvəlcə qorxudan bayıra çıxmaq istəmirdim; Fəqət, əsgərlərin bizi axır nəfəsədək müdafiə edib heç vaxt canilərin əlinə verməyəcəklərini, lazım gələrsə canlarını belə fəda edəcəklərinə and içdikdən sonra hamımız onların müşayiəti ilə axtarış polisliyinə yol aldıq.

Küçəyə çıxarkən gördüyüm mənzərədən məni dəhşət bürüdü. Hər yerdə müsəlləh əskərlər dayanmışdı. Qırların üstündə tökülmüş və qaralmış insan qanlarının izləri vardı.

Polis idarəsində bizə xüsusi otaq verib fəlakətə düçar olanlara edilən yardım və hörmət ifadəsi olaraq bizə də mərhəmət elədilər. Bir azdan sonra bizim yanımıza bir xəstə yaşlı qadın və onun iki gənc oğlunu gətirdilər. Otağın qapısını möhkəm bağlayıb qaranlıq otaqda öz müsibətlərimizə ağlayırdıq.

Bir neçə saatdan sonra axtarış polisinin rəis müavini gəlib artıq düzənin sakitləşdiyini və hər kəsin sağ-salamat haraya istəyirsə gedə biləcəyini tabşırdı. Mən küçəyə çıxdım. Küçədə artıq gediş – gəliş olduğunu və bəzi qapıların önündə müsəlmanların toplaşdığını gördüm; Fəqət,bir də öz evimizə getmək və o ürəkyandıran mənzərəni görmək istəmirdim. Başqa bir yəhudi qonşumuz bu gecə tək olduğu üçün bizi evinə dəvət etdi.

Axşam hamımız masa arxasında əyləşib üç gündə çəkdiyimiz müsibəti və o mənhus mənzərələri xəyalımda canlandırdıqca çıldırmaq dərəcəsinə gəlirdim. Heç cür o qara xəyaləti ağlımdan çıxara bilmirdim. Böyük bir səbrsizliklə sübhün açılmasını gözləyirdim ki, bəlkə zalımların əlində dustaq olan anamı tapım və atamın quru yerdə qalan nəşini dəfn edim.

Beşinci hissə

Gözəl bir mart günü idi. Əsən badisəba ilk baharın o gözəl çiçəklərinin rayihəsini deyil, o üç gündə tökülən bihudə qanların məşum qoxularını talesizlərə doğru qovurdu. O müsibət, o ələm öz alovunu bu məzlum şəhərin üzərindən yavaş-yavaş dağıdırdı. Küçələr daha erkəndən hərəkətlənməyə başlamışdı. Təcili öz işlərimi bitirmək və qonşularımızdan xəbər bilmək üçün küçəyə çıxmışdım. Hər kəs öz dərdindəydi. Bizim kimi bu mənhus vaqiədən bir təhər salamat çıxanların yanlarında nə bir qadın, nə də bir uşaq görünürdü. Hər kəsin üzündə bir solğunluq, bir kidurət, bir pərişanlıq vardı. Hər kəs bir-birini böyük dərd-ələm içində, acı göz yaşlarıyla qarşılayırdı. Şəhərin yuxarı məhəllələrində yaşayan qohum-əqrabalarımızdan bəziləri gəlmişdilər. O acı əhvalatdan onları agah etdikdən sonra indi qəbristanlığa dönmüş keçmiş yurdumuza, o ürək parçalayan mənzərəni seyr etməyə getdik.

Gördüyüm bu qədər vaqiələr indi görəcəyim bu qorxulu və dəhşətli mənzərəni seyr eləməyə qəlbimdə artıq bir təsəvvür yaratmışdı. Qapını açınca içəridən bir məzarlıq qoxusu gəldi. Gördüyüm bu mənzərəni zənnimcə ən mahir bir rəssam belə təsvir etməyə özündə qüvvə tapa bilməzdi. Bura bir məzarıstan deyil, həqiqətən bir qətliam yeri idi. Otaq qapısının önündə enli divarın yanında şişmanlaşmış bir kişinin üstü parca ilə örtülmüş, o yaralı ovuclarını içəri büküb qüvvətli biləklərini yanlarına uzatmış bir bədən köhnə həsirlərlə döşənmiş yerdə hərəkətsiz uzanmışdı. Bu mənim zavallı atam idi.

Onun sağ tərəfində öz qanına qəltan olmuş Hacı uzanmışdı. Ən ürəkparcalayan mənzərə bufetin yanında baş vermiş qətl idi. Bu əvvəldə əhavalatını yazdığım, Hacının qardaşı idi. Zavallı aldığı bir neçə yarada insanlar tərəfindən tərk edilmiş bir evdə, ölümlə o qədər çarpışmışdı ki, üzü aşağı düşmüş və bir qolu bükülmədən yuxarıda qalmışdı. Bu qətlgahın divarları içindəki şəhid olmuş ev adamlarının qanıyla boyanmışdı. Canilər tərəfindən edilən sitəm qurşrnları divarları, qapı və pəncərə çərçivələrini bir neçə yerdən deşmişdi. Otaq qapəlarının hamısı açılmışdı. Ev əşyalarının bəziləri talan edilmiş, qalanları isə hərəsi bir tərəfə atılmışdı. Sandıqların qapaqları sındırılmış, içi talan edildikdən sonra üzü üstə çevirilmişdi. Xülasə, otaqlarda əl dəyməmiş bir şey qalmamışdı... Mətbəxə girdim. Nə qədər heyrətamiz bir mənzərə!..

Dördayağın üstündə dördkünc şəkildə kəsilmiş xırda xəmir parçalarının üzərində iki gün bundan əvvəl qoyulmuş fındıq boyda ət küftəcikləri və böyük tabaqda bir – birinə yapışmamaq üçün üzərlərinə narın un ələnmiş düşbərələr hələ də dururdu.

Ocağın üstündə qoyulan qazandakı dinabini qaynatmaq üçün ocağın içinə yığılmış odun parçaları sonunadək yanmayıb. Ocağın ağzında mürəkkəbə batırılan qələm ucuna bənzər bükülmüş, yanmamış kağız parçaları vardı. Bax belə bir dəsgahı yarımçıq qoyub qaçmağa onları nə vadar etmişdi: düşmənin sitəmli əlləri bütün ev əhlinin əyləncəsini pozmuşdu. İlk əvvəl onların sevimli atasını qan dəryasına atmış, anasını dustaq edib, onu yavrularından ayrı salmışdı. Artıq belə xöşbəxt bir ev indi yer altından tapılmış bir qədim otağa, daha doğrusu bir məzarıstana dönmüşdü... Bütün bu mənhus mənzərəni açılar içində seyr etdim.

Anamın nə halda olmağından artıq çox nigaran qalmışdım. Onu axtarmağa rəvan oldum. Küçələr adamlarla dolu idi. Fəqət, küçənin ortasıyla və ya kənar yoldanmı gedəcəyimi bilmirdim. Torqovı küçəsinə çatdıqda əsirlikdən xilas olmuş islam qadın və uşaqların dəstələrlə gəldiklərini görüb, nə qədər baxdımsa da anamı və onunla birlikdə olan qadınları görmədim. Pərişan halda Mayılov teatrının qabağına getdim. Teatra gedən yolun iki tərəfində əlisilahli müsəlləh əskərlər durub teatrdan çıxan adamları ətrafa dağılmaması üçün bir sədd çəkmişdilər. Mən əskərlərin önünüdə dayandığım vaxt birdən böyük bir təşvişlə anamı görərkən ağlım başımdan çıxmaq dərəcəsinə gəlmişdi.

Biçarə məni gördükdə çıldırmasın deyə özümü ona göstərmədim. Onunla əsir düşən qadınlar bayıra çıxdıqda mən də onların ardınca düşüb yavaş-yavaş gedirdim. Necə oldusa, yaşlı bir qadın məni gördü. Zavallı yanıqlı bir ah çəkib: “Ah, sən buradasanmı? Anan səni gördümü?”- deyə böyük bir iztirabla soruşdu. Mən isə hələ anamın məni görmədiyini və hələ burada olduğumu ona deməməsini rica etdim. O, məni dinləməyib tez anama və öz qızlarına məni göstərdi. Zavallı anam məni gördükdə doğrudan da cıldırmaq dərəcəsinə gəldi. “Ah, yavrum, sən bura necə gəldin”- deyə ağlamağa başlayıb tez qardaşlarımın harada olduğunu soruşdu. Mən hamısının salamat olduğunu, lakin burada düşmənlərin yanında soruşmamasını tövsiyə edib, evimizdə hamısını danışacağımı dedim.

Küçə boyu əvvəl başımızı yarıb, indi ətəyimizə qoz dolduran o vəhşi qövmlər əsirləri müşayiət edirdi. Bütün evlərin darvazaları önündə qadın və uşaqlar böyük bir sevinclə bizə tamaşa eləməyə durmuşdular. Bu gün onlar üçün sanki böyük bir bayram idi. Küçəylə getdikdə bəzləri bizə “ Eşidin! Qafqaz bizimdir deyirdiniz. Budur, Qafqaz sizin oldu...” – deyə tənə edirdilər. Düşmənin bu cür tənələri acı, fəqət doğru idi. Mübarizənin nəticəsi olaraq azlığımızı təşkil edən millətin bu vəhşi qövmləri qarşısında boyun əyməyə məcbur olmuşduq. Bzimlə məhəlləmizdə yaşayan əsir düşmüş qadın və bəzi başqa adamlar da qayıdırdılar. Məhləmizə yaxın küçələrdən ötdükdə həmin qadınlar əsir adı ilə bayıra çıxarılmış sonradan gözlərinin önündə qətl edilmiş oğulları,qardaşları və zövclərinin yıxıldıqları məkanları və tökülən qanlarını göstərib ciyər yandıran ah-fəryad qoparırdılar.
Evimizə gəldik. Bütün ev əhli buraya toplaşdıqdan sonra müsibətlərimizi doyunca ağlayıb, qəlblərimizə vurulan atəş yaralarının sızıltısını yalnız göz yaşlarıyla təsəlli edirdik.

Hələ də gözlərimin qarşısında o gün şahidi olduğum o ürək parçalayan mənzərə dayanmışdı. O gün küçə ilə bir çox adamın çiynlərində kisəyə, əlvan xalçaya sarınmış nəşləri apardıqlarını görürdük.

O mart günlərinin məzlum qurbanı mənim zavallı atam idi. O günün vəziyyətinə nəzərən çoxları bu hala da qibtə edirdilər; Çünki çox şəhidlərin nəşi o gün tapılmadı. Ana və bacıların qəlbinə sağalmaz yara vuruldu. O gün o məğlub Bakı şəhəri təmizliyindən ziyadə matəm sarayına məbəd oldu. Çox evlərin əhalisinin qırmancdan keçirilmiş yavruları nədən zəhərli qılınclarla doğrandı?Ah-naləsi, fəryadı eşidilməyən bir ev qalmadı. Belə ürəkyandıran tarixi bir hadisəni unutmaq olarmı?

Son
Dekabr 1918-ci il.



Teqlər: Soyqırımı   31-mart  





Xəbər lenti