Azərbaycanda əkiz və üçəmlərin artmasının səbəbi

Azərbaycanda əkiz və üçəmlərin artmasının səbəbi
  04 Oktyabr 2013    Oxunub:5732
İlin 6 ayı ərzində 876 əkiz, 15 üçəm doğulub.
Yeni doğulanların sayının artması sevindirici hal olsa da, buna səbəb olan amil heç də ürəkaçan deyil.

Bu il doğulan oğlanların sayı qızlardan 7 faiz çoxdur. Bu barədə AzVision.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib : ` Bu ilin ilk 6 ayı ərzində ölkədə 83,1 min körpə doğulub. Onların 53,6 faizini oğlanlar, 46,4 faizini qızlar təşkil edir. Körpələrdən 876-sı əkiz, 15-i isə üçəmdir.

Ötən illərin göstəriciləri ilə müqayisədə məlum olur ki, son 5 ildə doğulan əkizlərin və üçəmlərin sayı artıb. Bu sevindirici hal olsa da, məsələnin kökündə heç də xoş olmayan problemlər dayanır.

Tibb elmləri üzrə fəlsəfə doktoru həkim, mama-ginekoloq Aynurə Xəlilova AzVision.az-a açıqlamasında həmin problemlərə aydınlıq gətirib.



“Son 5 il ərzində təkcə bizə ana olmaq arzusu ilə müraciət edən qadınların 70 faizində hormonal pozğunluqlara rast gəlinir. Təəssüflə qeyd edim ki, onların əksəriyyəti reproduktiv dövrdə olan cavan qadınlardır. Hətta onlarda yumurtalıqların polikistozuna rast gəlinir ki, bu da qadınların hamilə qala bilməməsinin əsas səbəblərindən biridir.

Polikistozu yaradan amillər ekoloji vəziyyətin əlverişsiz olması, yediyimiz qidaların arasında geni dəyişdirilmiş, hormonlu məhsulların çox olması, içməli suyun çirkli olması, eləcə də qızlarda çox erkən yaşlarda yaşanan stress və nevroz, qalxanvari vəzinin xəstəlikləri və sairədir. Bütün bunlar yumurtalıqda fəsadlar yaradır.”

Həkimin sözlərinə görə, məhz yuxarıda sadalanan xəstəliklər ucbatından hamilə qala bilməyən qadınlar dünyaya övlad gətirmək üçün süni mayalanma üsuluna müraciət edirlər.

“Süni yola onların yumurtlalığında folekul yetişdirməyə başlayırıq. Bu zaman istifadə edilən dərmanların təsirindən yumurtalıqda bir yox, bir neçə folekul yetişir, yetişmiş folekulların biri yox, bir neçəsi partlayır. Onlar hamısı mayalanmaya uğrayırlar. Bunun da nəticəsində dölün sayı artır. ”-deyə həkim əkiz və üçəmlərinin sayının artmasının səbəbini süni mayalanma zamanı istifadə olunan dərmanlarla və ən əsası isə qadınların təbii yolla hamilə qala bilməməsi ilə bağladı, sonda isə qadınlara dünyaya sağlam övlad gətirmək üçün öz sağlamlıqlarına biganə yanaşmamağı məsləhət gördü.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti