Dneprdə "Azərbaycan" parkı açılacaq

Dneprdə "Azərbaycan" parkı açılacaq
  21 Mart 2018    Oxunub:1788
Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyevlə Dnepr şəhər Administrasiyasının rəhbəri Boris Filatov arasında görüş olub.
Görüşdə səfir qeyd edib ki, Azərbaycanın tanınmış şirkətləri Dnepr şəhərinin iri layihələrinə investisiya qoymağa hazırdır. A.Xudiyev bildirib ki, Azərbaycanın bölgə şəhərləri ilə Ukraynanın Dnepr şəhəri arasında iqtisadi, sosial layihələrin reallaşdırılması üçün birgə işlər həyata keçirilməlidir. Azərbaycanın qapıları Ukrayna sərmayəçilərinin üzünə açıqdır.

Dnepr şəhərində yaşayan azərbaycanlıların şəhərin ictimai, siyasi, iqtisadi layihələrində aktiv olduğunu deyən Boris Filatov deyib ki, Administrasiya rəhbərliyi Azərbaycan şirkətlərinə investisiya qoyuluşuna hər cür köməklik göstərməyə hazırdır.

Dnepr şəhər meri, həmçinin keçən əsrin əvvəllərində - 1905-ci ildə inşa olunan qədim türk məscidinin yenidən bərpasına Azərbaycan şirkətlərini dəvət edib.

“Bundan başqa Dneprin mərkəzində “Azərbaycan” parkının açılması və orada ölkəmizin tanınmış simalarından birinin heykəlinin ucaldılması, Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasına hər cür dəstək göstərə bilərik”, deyə mer əlavə edib.

Səfir irəli sürülən təkliflərə baxılacağını və layihələrin reallaşmasına köməklik göstəriləcəyini qeyd edib.

AzVision.az


Teqlər: Ukrayna   Səfir   Dnepr   Park  





Xəbər lenti