BMT-nin Əhali Fondundan Qadınlar günü ilə bağlı VİDEO

BMT-nin Əhali Fondundan Qadınlar günü ilə bağlı VİDEO
  08 Mart 2018    Oxunub:2076
8 mart Beynəlxalq Qadınlar günü kimi dünyanın əksər ölkələrində qeyd olunur. Bu gün məhz qadın hüquqlarının bərqərar olunması naminə aparılan mübarizəyə həsr olunub.
Gender bərabərliyi insan hüquqlarından biridir. Bu barədə -dan AzVision.az-a daxil olan məlumatda bildirilir.

Qadınlar qorxudan azad, ləyaqətli və ayrı-seçkiliksiz yaşamaq hüququna malikdirlər. Gender bərabərliyi dayanıqlı inkişaf, sülh və təhlükəsizlik üçün də vacibdir. Bu sadəcə qadınların problemi deyil. Bütün bəşəriyyətin problemidir.

Qadınlara yönələn sərmayenin icmaların həyatının yaxşılaşması, şirkətlərin və hətta ölkələrin inkişafı üçün ən effektli üsul olduğuna dair kifayət qədər faktlar mövcuddur. Qadınların iştirakı sülh sazişlərinin daha möhkəm, cəmiyyətlərin daha davamlı, iqtisadiyyatların daha dinamik olmasına imkan verir. Qadınların ayrı-seçkiliyə məruz qaldığı yerlərdə biz hamımız üçün zərərli olan təcrübələr və düşüncələrlə tez-tez rastlaşırıq.

Bu Beynəlxalq Qadınlar Günündə, beynəlxalq ictimaiyyəti bizə qoşulmağa çağırırıq. Birlikdə biz irəliyə doğru nəhəng addım atıb, həyatlar xilas, qadın və qızları gücləndirə, gender bərabərliyində irəliləyə və hamımız üçün daha firavan və dayanıqlı gələcək təmin edə bilərik.

Bu işdə kişilərin rolu danılmazdır. Məhz kişilərin qadınlara qarşı cəmiyyətdə hökm sürən və dərin kök salmış stereotiplərlə və gender rolları ilə mübarizəsi gender ayrı-seçkiliyinin aradan qaldırılmasının özəyidir.
Bunu nəzərə alaraq, BMT-nin Əhali Fondu Niderland Krallığının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qız uşaqlarının dəyərinin təşviqi məqsədilə gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində “Yaxşı ki,varsan!” adlı video çarxı təqdim edib. Videoda məhşur Azərbaycanlı kişi idmançıların qızlarla dialoqu əks olunub. Videonun mətni şer formatında təqdim olunur.



Şerin məzmunu qızların gələcəkdə üzləşə biləcəyi əngəllərdən qorxmamaları, mübarizə aparmalı, özlərini cəmiyyətin dolğun üzvü hiss etmələri barəsindədir.

Təəssüflər olsun ki, ölkəmizdə qız övladına münasibət birmənalı deyil. Cəmiyyətimizdə hökm sürən bir sıra mənfi stereotiplər qızların ailədə arzu olunmaz övlad olmasına səbəb olur. Məhz bu münasibət nəticəsində doğulan uşaqlar arasında cinsi nisbətin bioloji normaya əsasən 105-106 olmasına baxmayaraq, ölkəmizdə bu rəqəm 114 təşkil edir. İndividual səviyyədə isə qız övladlarına qarşı belə münasibət onlara təhsildə, iqtisadiyyatda və tibbdə məhdud imkanlar yaradır.

Sözügedən layihə çərçivəsində ölkədə ilk dəfə olaraq əsas auditoriya qismində məhz gənc kişilər və atalar əhatə olunub. Layihələrin uğurlu icrası məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də əsas hökumət tərəfdaşları kimi yaxından iştirak edərək əhəmiyyətli dəstək verirlər.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: BMT   Əhali-Fondu  





Xəbər lenti