Sabahdan Həcc ziyarəti başlayır

Sabahdan Həcc ziyarəti başlayır
  02 Oktyabr 2013    Oxunub:1275
Sabah səhər Bakıda Heydər Əliyev adına Hava Limanında Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarları aparmaq üçün çarter təyyarələrin uçuşu başlayacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 3-də iki təyyarə reysinin uçuşu olacaq.

Səhər saat 08.00-da ilk təyyarə, 09.20-də isə ikinci təyyarənin uçuşu olacaq. Hər reysdə bir qrup zəvvar yola düşəcək.

Qeyd edək ki, zəvvarların yola salınması oktyabrın 8-dək davam edəcək. Azərbaycanda bu il Həcc ziyarəti Suriyada baş verən hadisələrlə əlaqədar ancaq təyyarə ilə həyata keçirilir. Zəvvarlarımızın Həcc ziyarətinə aparılmasını Fransanın “France Air” aviaşirkəti təşkil edir. Zəvvarlar 80 qrupa bölünüb, hər qrupda 45-55 nəfər olacaq. Oktyabrın 3-də bir reys, qalan günlər isə hər gün 3 reys təşkil olunacaq. Ümumilikdə bu il Azərbaycandan təxminən 3600 zəvvarın Həccə getməsi nəzərdə tutulub.

Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 1-dən başlayıb və mayın 30-da başa çatıb. Sənədlər ziyarəti təşkil edən yeganə qurum olan QMİ-də qəbul olunub. Ziyarət bu il də iki variantda təşkil olunur. Nisbətən zəif şəraitli, gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır.

AzVision.az


Teqlər:





Xəbər lenti