Vyanada İpək Yoluna Dəstək Qrupunun iclası keçirilib

Vyanada İpək Yoluna Dəstək Qrupunun iclası keçirilib
  23 Fevral 2018    Oxunub:1377
Fevralın 22-də ATƏT PA-nın 17-ci sessiyası çərçivəsində Assambleyanın İpək Yoluna Dəstək Qrupunun 2-ci iclası keçirilib.
Toplantıda qrupa qoşulmuş ölkələrin təmsilçiləri, ATƏT PA-nın prezidenti Georgi Sereteli, baş katibi Roberto Montella və müxtəlif ölkələrin parlamentariləri iştirak ediblər.

Toplantıda Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Assambleyanın vitse-prezidenti Azay Quliyevin sədrlik etdiyi ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupuna daha iki ölkənin – Yunanıstan və Moldovanın üzvlüyü haqqında müraciətlərinə baxılıb, hər iki dövlət yekdilliklə qrup üzvlüyünə qəbul edilib. Beləliklə, qrupa üzv ölkələrin sayı 22-yə çatıb və görüşdə bir sıra digər təşkilati məsələlər müzakirəyə çıxarılıb.

Bundan əlavə, Qrupun Andorra görüşündən sonrakı dövrdə əldə etdiyi nailiyyətlər, bu il martın 13-14-də Azərbaycanda keçiriləcək ilk beynəlxalq tədbiri - Beynəlxalq Bakı Konfransına dair müzakirələr aparılıb.

Xatırladaq ki, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu ötən il iyulun 8-də Minskdə ATƏT Parlament Assambleyasının 26-cı illik sessiyası zamanı yaradılıb. ATƏT PA çərçivəsində belə bir qrupun yaradılması əməkdaşlıq sahələrini genişləndirməyə, üzv ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsinə imkan yaradır.

Hazırda Qrup Avropa və Mərkəzi Asiyadan ATƏT-in 22 üzv ölkəsini bir araya gətirir: Albaniya, Avstriya, Azərbaycan, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Gürcüstan, Qırğızıstan, Makedoniya, Monteneqro, Monqolustan, Moldova, Polşa, Rumıniya, Serbiya, Tacikistan, Yunanıstan, Türkiyə, İspaniya, İsveçrə və Ukrayna. Bütün bu dövlətlər zəngin siyasi, təbii və intellektual resurslara malikdirlər.

Qrupun növbəti görüşlərinin Belarus, İsveçrə və Gürcüstanda keçirilməsi planlaşdırılır. (AzərTAc)

AzVision.az


Teqlər: Azay-Quliyev   Vyana  





Xəbər lenti