Neft Fondu 3597,8 milyon dollar xarici valyuta satıb

Neft Fondu 3597,8 milyon dollar xarici valyuta satıb
  21 Fevral 2018    Oxunub:1120
2017-ci il ərzində Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının təşkili ilə bağlı Mərkəzi Bank tərəfindən ümumilikdə 99 valyuta hərracı keçirilib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının 2017-ci il üzrə pul siyasəti icmalında qeyd olunub. Bildirilib ki, həmin dövrdə ARDNF-in xarici valyuta satışları 3597,8 milyon ABŞ dolları təşkil edib ki, bu da 2016-cı ildəkinə nisbətən 26,3 faiz azdır.

Hesabat ilində Mərkəzi Bankda valyuta hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarının Bloomberg platformasında təşkil edilən seqmenti normal fəaliyyət göstərib. Bu seqmentdə hərracdankənar alqı-satqı əməliyyatlarının həcmi 1065 milyon ABŞ dolları olub.

2017-ci il ərzində manatın rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib. İl ərzində valyuta bazarında tələb-təklif nisbətindən asılı olaraq, manatın məzənnəsinin dinamikasında bir neçə dəfə qalxıb-enmə müşahidə edilib. Yanvarda və fevralın birinci yarısında bahalaşan ABŞ dolları, fevral ayının ikinci yarısından nisbətən ucuzlamağa başlayıb. 2016-cı ilin sonuna ABŞ dollarının manata qarşı məzənnəsi 1.7707 AZN səviyyəsində olmuşdusa, ötən il fevralın 1-də özünün dövr üzrə maksimum həddinə - 1.9200 AZN-ə qalxmış, dekabrın 6-da minimum həddinə - 1.7000 AZN-ə enmişdi. 2017-ci ilin sonuna manata nəzərən ABŞ dolları ilin əvvəlinə nisbətən 4 faiz ucuzlaşıb. İl ərzində 1 ABŞ dollarının manata qarşı orta günlük rəsmi məzənnəsi isə 1.7206 manat təşkil edib.

Ötən il ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib. Belə ki, manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi 4,1 faiz bahalaşıb.

AzVision.az


Teqlər: ADNF   Dollar  





Xəbər lenti