“AzerGold” Naxçıvanda qızıl axtarışına başlayır

“AzerGold” Naxçıvanda qızıl axtarışına başlayır
  21 Fevral 2018    Oxunub:1766
“AzerGold” QSC-nin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Naxçıvana səfər edib.
“AzerGold” QSC-dən AzVision.az-a verilən məlumata görə, səfəri Muxtar Respublikanın İqtisadiyyat Nazirliyi təşkil edib.

Səfər çərçivəsində keçirilmiş tədbirdə “AzerGold”un nümayəndələri Göydağ-Əlincə filiz qovşağının Ortakənd-Xanağa sahəsi ilə bağlı təqdimatla çıxış ediblər. Təqdimatda Ortakənd-Xanağa sahəsində sənaye əhəmiyyətli mis-qızıl filizi yataqlarının resursları bazasında dağ-mədən komplekslərinin yaradılması perspektivlərinin araşdırılmasını və planlaşdırılan istismar öncəsi geoloji-kəşfiyyat işlərini əhatə edən işçi proqram haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, Ortakənd-Xanağa sahəsi məxsusi qızıl, kompleks mis-porfir, epitermal sulfid filizlərinin aşkarlanması baxımından potensial perspektivliyi ilə seçilir. Sahə daxilində Ortakənd mis-porfir, Başkənd-Xanağa səpinti qızıl yataqları, Başkənd mis, Ortakənd-Xanağa köklü qızıl təzahürləri və bir sıra polimetal minerallaşma nöqtələri və çıxışları qeydə alınıb. “AzerGold” ötən ilin 4-cü rübündə Ortakənd-Xanağa sahəsində İtaliyanın aparıcı geofiziki şirkətləri ilə birgə kompleks geofiziki tədqiqatlar aparıb və bu ildən başlayaraq istismar öncəsi buruq-qazma işlərinə start verməyi nəzərdə tutub.

AzVision.az


Teqlər: Naxçıvan   Qızıl  





Xəbər lenti