7 gündə iki təyyarə qəzası - Qonşu ölkələrdə nə baş verir?

7 gündə iki təyyarə qəzası - Qonşu ölkələrdə nə baş verir?
  20 Fevral 2018    Oxunub:7883
Ötən gün İranda "Aseman Airlines" şirkətinə məxsus "ART-72" tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 60 sərnişin, 6 nəfər isə heyət üzvü olub. Qəza nəticəsində sağ qalan olmayıb.
Bu hadisədən 6 gün (11 fevral) əvvəl isə Rusiyada “AN-148” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. “Saratov Hava Yolları”na məxsus təyyarənin göyərtəsində olan 65 sərnişin və 6 ekipaj üzvü qəza nəticəsində həlak olub. Ölənlərdən biri Azərbaycan vətəndaşı idi.

Bir həftə ərzində iki təyyarə qəzasının baş verməsinin təsadüf olmadığı iddia edilir.

“Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sabiq prezidenti Ədalət Əliyev AzVision.az–a bildirib ki, hava nəqliyyatında qəzalar əsasən texniki problemdən baş verir.

“Rusiyada “AN-148” sərnişin təyyarəsi texniki səbəbdən qəzaya uğrayıb. Mənfi hava temperaturu olduğu halda təyyarənin gövdəsinin buzlamansı problemi yaşanır. Belə olanda təyyarənin idarəedici hissələri də buz bağlayır, onların idarəetmə sistemi sıradan çıxır və qəza baş verir. Düşünürəm ki, bu qəza da texniki səbəbdən baş verib”.

AZAL-ın sabiq prezidenti qeyd edib ki, İranda baş verən təyyarə qəzasının səbəbləri ciddi araşdırılmalıdır: “Belə hadisənin gözlənilmədən baş verməsi, hətta təyyarə heyətinin yerlə əlaqəsinin sıfıra bərabər olması onu göstərir ki, qəza çox sürətli şəkildə baş verib. Nasazlıqla bağlı heç bir məlumat verilməyib. Məncə, qəzanın səbəbi araşdırılmalıdır”.

Ə.Əliyev əlavə edib ki, təyyarə parkının köhnəlməsi tez-tez qəzalara səbəb olur.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: AZAL   Təyyarə   Qəza   İran   Rusiya  





Xəbər lenti