İlham Əliyev: ` Korrupsiya Azərbaycandan tamamilə silinməlidir`

İlham Əliyev: ` Korrupsiya Azərbaycandan tamamilə silinməlidir`
  01 Oktyabr 2013    Oxunub:1403
Dünən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışı olub. Tədbirə qatılan Prezident İlham Əliyev prokurorluq işçilərinin peşə bayramı münasibətilə təbrik edib. “İndi bina ilə tanış oldum. Prokurorluq işçiləri üçün çox gözəl şərait yaradılıb. Ən müasir avadanlıq quraşdırılıb. Yəni, burada səmərəli işləmək üçün bütün imkanlar var. Belə də olmalıdır. Mən korrupsiyaya qarşı mübarizə ilə əlaqədar fikirlərimi dəfələrlə bildirmişdim. Bu gün də demək istəyirəm ki, Azərbaycanda bu sahədə də bütün işlər ən yüksək səviyyədə aparılmalıdır”,-deyə prezident bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycan özünü xarici risklərdən qoruya bilib:
- Dünyada, regionda baş verən hadisələr, toqquşmalar, qarşıdurmalar Azərbaycana heç bir təsir etmir. Çünki ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq, xalqla iqtidar arasındakı birlik bizi bu risklərdən sığortalayır. Eyni zamanda, iqtisadi sahədə də dünyada gedən xoşagəlməz proseslər Azərbaycana təsir etməyib. Dünyada beş ildən artıqdır ki, maliyyə və iqtisadi böhran hökm sürür. Ancaq Azərbaycanda vətəndaşlar bunu hiss etmirlər. Əksinə, Azərbaycanda maaşlar, pensiyalar artırılır, yeni iş yerləri açılır, investisiyalar artır. Yəni, biz dünyada baş verən iqtisadi çətinliklərdən də özümüzü qoruya bilmişik. Belə olan halda biz əlbəttə ki, cəmiyyətimizi, dövlətimizi korrupsiyadan da qorumalıyıq və qoruyacağıq.

Bu gün korrupsiyaya qarşı mübarizə prioritet məsələdir. Bu mübarizədə yaxşı nəticələr, uğurlar var. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin işi yüksək qiymətləndirilməlidir. Əminəm ki, gələcək illərdə bu sahədə daha da böyük uğurlar əldə ediləcək. Bu bəla Azərbaycandan tamamilə silinməlidir, olmamalıdır.

O da həqiqətdir ki, hər bir ölkədə, hər bir cəmiyyətdə korrupsiya var. Ancaq əsas məsələ onun dərəcəsidir və onun əhatə dairəsidir. Biz korrupsiya üçün meydanı daim daraltmalıyıq. Burada müxtəlif üsullardan istifadə edirik və edəcəyik. İlk növbədə əlbəttə ki, cəza tədbirləri daha da ciddi olmalıdır. Hər bir vətəndaş bilməlidir ki, onun korrupsiya ilə bağlı əməlləri cəzasız qalmayacaqdır. İnzibati tədbirlər də xüsusi yer tutur. Profilaktik tədbirlər, maarifləndirmə və eyni zamanda, ölkəmizdə bu sahədə aparılan sistem xarakterli islahatlar da öz rolunu oynayır. Onların içində mən “elektron hökumət” sistemini xüsusilə qeyd etmək istəyirəm. “ASAN xidmət”in fəaliyyətini qeyd etmək istəyirəm. Qısa müddət ərzində “ASAN xidmət”ə 500 mindən artıq vətəndaş müraciət etmişdir. Bu xidmət cəmi bir ildən az bir vaxtda fəaliyyət göstərir və özü də təkcə Bakını, Sumqayıtı və Abşeron yarımadasını əhatə edir. Ancaq insanlar müraciət edir. Nəyə görə? Çünki orada korrupsiya yoxdur. Orada insanlara mədəni xidmət göstərilir.
Dövlət başçısı vurğulayıb ki, biz bütün sistemimizi şəffaflaşdırmalıyıq: “İqtisadi-maliyyə sektorunun şəffaflaşması prosesi uğurla baş verir, davam edir. Şəffaflıq indeksinə görə Azərbaycan dünya miqyasında ön plandadır. Ona görə, belə olan halda ölkəmizin uğurlu inkişafını və gözəl perspektivlərimizi nəzərə alaraq korrupsiyaya qarşı mübarizədə də biz dünya miqyasında mütləq ön planda, ön sıralarda olmalıyıq.

Mən şadam ki, son illər ərzində bu sahədə aparılan işlər öz nəticəsini verməkdədir. Beynəlxalq təşkilatlar da Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir. İldən-ilə korrupsiya reytinqi, - əgər belə demək mümkündürsə, - Azərbaycanda yaxşılaşır. Bizim beynəlxalq təşkilatlarla əlaqələrimiz güclənir. İndi mənə verilən məlumata görə, Beynəlxalq Antikorrupsiya Akademiyası ilə, digər beynəlxalq təşkilatlarla sıx əlaqələr var. Biz bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsini tam şəkildə tətbiq etməliyik.

Əlbəttə ki, Azərbaycanın öz tarixi, öz xüsusiyyətləri vardır. Biz dünyada mövcud olan ancaq ən müsbət təcrübəni Azərbaycanda tətbiq edirik və bundan sonra da edəcəyik. Hesab edirəm ki, inkişaf etmiş ölkələrdə korrupsiyaya qarşı mübarizədə doğrudan da böyük uğurlar əldə edilib. Biz bu təcrübəni Azərbaycanda tətbiq etməliyik. Bir daha demək istəyirəm ki, burada bir neçə amilin cəmləşməsi və bu amillər arasında uzlaşma həlledici rol oynayacaq. Güclü siyasi iradə olmalıdır və o da var.

Mən dəfələrlə korrupsiyaya qarşı mübarizə ilə bağlı fikirlərimi bildirmişəm və dəfələrlə vətəndaşlara da müraciət etmişəm ki, onlar aidiyyəti orqanlara öz ərizələri, öz təklifləri ilə müraciət etsinlər. Yəni, güclü siyasi iradə vardır. Artıq korrupsiyaya qarşı mübarizəni aparmaq üçün cəmiyyətdə də çox müsbət dəyişikliklər vardır. Cəmiyyətdə inam artır. İnam artır ki, biz bu bəlanı Azərbaycandan tamamilə götürəcəyik və Azərbaycan cəmiyyəti bu yaralardan sağalacaqdır. Çünki korrupsiya hər bir cəmiyyəti daxildən sarsıdan bir yaradır, bir xəstəlikdir. Biz bütün imkanlardan istifadə edib çalışmalıyıq ki, Azərbaycanda korrupsiya olmasın, Azərbaycanda tam şəkildə sosial ədalət təmin edilsin. Çünki korrupsiya sosial ədaləti pozan bir amildir.

Güclü siyasi iradə, prokurorluq işçilərinin peşəkarlığı, təmizliyi, dürüstlüyü, cəmiyyətdə korrupsiyaya qarşı olan ciddi mübarizə əhval-ruhiyyəsi, məhz bütün bu amillər əminəm ki, məqsədə çatmaq üçün bizə kömək göstərəcək və Azərbaycan korrupsiyaya qarşı mübarizədə də ön planda olmalıdır.
Mən əminəm ki, belə də olacaq və gələcək illərdə biz, bir daha demək istəyirəm ki, inkişaf etmiş ölkələrin təcrübəsini Azərbaycanda tətbiq etməliyik. Nəinki öyrənməliyik, - biz öyrənmişik, - hər bir sahədə tətbiq etməliyik. Şəffaflıq, təmizlik, dürüstlük həyat tərzi olmalıdır. Əminəm ki, belə də olacaq. Siz – gənc prokurorluq işçiləri, əminəm ki, bax bütün bu tövsiyələrimi və bu prinsipləri öz fəaliyyətinizdə rəhbər tutub dövlətə sədaqətlə xidmət edəcəksiniz”.


Teqlər:





Xəbər lenti