Azərbaycan girovların dəyişdirilməsi üçün danışıqlara hazırdır

Azərbaycan girovların dəyişdirilməsi üçün danışıqlara hazırdır
  17 Fevral 2018    Oxunub:3329
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov bildirib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni girovluğundan azad edilməsi üçün bir neçə beynəlxalq təşkilata müraciət edilib.
Bu istiqamətdə işlərin davam etdirildiyini söyləyən Axundovun sözlərinə görə, Kəlbəcər girovlarının Azərbaycanda saxlanılan erməni diversantlarla dəyişdirilməsi məsələsinə baxıla bilər.

Artıq 4 ildir ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni girovluğundadır. Məlumat üçün bildirək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Düşmən tərəfi “məhkəmə” qurub və “məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Girovların geri qaytarılması ilə bağlı bir çox beynəlxalq qurumlarda məsələ qaldırılıb, onların azadlığa çıxması üçün çoxsaylı müraciətlər edilib. Hətta bir necə dəfə girovların erməni diversantlarla dəyişdirilməsi məsələsi təklif kimi irəli sürülüb. Bütün bunlara baxmayaraq, Ermənistan tərəfi öz doğma torpaqlarını ziyarət edərkən girov götürülən azərbaycanlıları azadlığa buraxmaq istəmir.

Azərbaycanda hazırda 2 erməni diversant - Arsen Baqdasaryan və Zaver Karapetyan saxlanılır. A. Baqdasaryan Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Adları qeyd olunan erməni diversantların Kəlbəcər girovları ilə dəyişdirilməsi təklif olunsa da, bunun real olacağını demək çox çətindir.

Millət vəkili Aydın Mirzəzadə AzVision.az-a bildirib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev öz ölkələrinin ərazisində qanunsuz hərbi dəstələr tərəfindən girov götürülüb, üzərlərində qanunsuz və heç bir hüquqi əsası olmayan məhkəmə qurulub, azadlıqdan məhrum ediliblər.

Deputat qeyd edib ki, Azərbaycan tərəfi girovların qeyri-şərtsiz azad edilməsini tələb edir.

“Bütün səviyyələrdə danışıqlar gedir. Bununla belə Azərbaycan tərəfi bizdə əsirlikdə olan ermənilərin Kəlbəcər girovları ilə dəyişdirilməsi variantını müzakirə etməyə hazırdır. Əlbəttə, bu təklif birbaşa Ermənistana deyil, beynəlxalq və vasitəçi təşkilatların nümayəndələrinə bildirilir. Nəticəsinin necə olacağını gözləmək lazımdır”.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: Kəlbəcər-Girovları   Dilqəm-Əsgərov   Şahbaz-Quliyev  





Xəbər lenti