MTRŞ-dan tanınmış həkimin TV-lərlə bağlı etirazına münasibət

MTRŞ-dan tanınmış həkimin TV-lərlə bağlı etirazına münasibət
  09 Fevral 2018    Oxunub:2596
Milli Onkologiya Mərkəzinin baş həkimi, Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli tibbi maarifləndirici, elmi publisistik verilişlərin olmamasına görə televiziyaları sərt tənqid edib. Bildirib ki, telekanallar müğənniləri professorlardan üstün tutur, onlara daha çox diqət göstərirlər.
Baş Onkoloqun iradlarına Milli Televiziya və Radio Şurasının Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov münasibət bildirib.

MTRŞ rəsmisi AzVision.az-a açıqlamasında deyib ki, bu gün ölkə telekanallarında kifayət qədər tibbi maarifləndirici verilişlər var.

Onun sözlərinə görə, müvafiq qurumlar, eləcə də Milli Onkologiya Mərkəzi təklif və layihə ilə telekanallara müraciət etməli, bunun üçün özləri təşəbbüs göstərməlidirlər.

“Cəmiyyətdəki bütün problemləri maarifləndirmə adı altında televiziyaların üzərinə atmaq olmaz. Müəyyən təşəbbüslər olsa, televiziyalar “yox” desələr, o zaman bu məsələni müzakirə etmək olar. O zaman televiziyaların günahı ortaya çıxacaq. Bu gün müxtəlif qurumların təşəbbüsü ilə telekanallarda layihələr işlənilir. Məsələn, Vergilər Nazirliyi, Dövlət Yol Polisinin belə layihəsi var”.

T.Dadaşov qeyd edib ki, özəl telekanallarda kommersiya məqsədli tibbi verilişlər olsa da, həmin verilişlərdə tibbi maarifləndirmə aparılır: “Dövlət büdcəsindən maliyyələşən telekanallarda konkret qeyri-kommersiya xarakterli maarifləndirici tibbi verilişlər gedir. İctimai Televiziyada “Eskulap” verilişi, AzTV-də “Ailə həkimi” verilişi buna misaldır. Bunu inkar etmək olmaz. Əhalinin tibbi maarifləndirilməsi üçün həkimlərdən sponsor istənilmələri yalnız özəl telekanallarda ola bilər. Dövlət büdcəsindən maliyyələşən yayımçılara müraciət olunsun, əsaslandırılmış layihələri təqdim etsələr, inanmıram ki, bundan imtina edərlər. Unutmayaq ki, yayımçılar bütün efiri tibbi maarifləndirməyə həsr edə bilməzlər. Amma tibbi maarifləndirici verilişlər mövcuddur. Verilişlərdəki tibbi maarifləndirmənin səviyyəsini isə əlbəttə, mütəxəssislər müəyyənləşdirə bilər".

MTRŞ rəsmisinin sözlərinə görə, bu gün özəl telekanallarda təəssüflər olsun ki, üzrə daha çox müğənnilər, şou nümayəndələri olurlar: “Əlbəttə, televiziyalarda cəmiyyətə daha çox nümunəvi hesab olunan insanlar təbliğ edilməlidir. Onların xidmətləri haqda məlumatlar verilməlidir. Biz bunu həmişə deyirik. İTV, AZTV, Mədəniyyət və digər büdcədən maliyyələşən yayımçıların efirində bizim və cəmiyyətin arzuladığı, intellektual zümrənin nümayəndələrinə, əsl sənətkarlara, müxtəlif peşələrin mütəxəssislərinə mütəmadi yer verilir”

Aytən Zəhra
AzVision.az

Baş onkoloqun TV-lərə etirazı ilə bağlı xəbər - “Müğənniləri professorlardan üstün tuturlar” -


Teqlər: MTRŞ   Telekanal   Baş-Onkoloq  





Xəbər lenti