Prezident Dünya Bankının regional direktorunu qəbul edib - Yenilənib
Xoş sözlərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı son illər Azərbaycanda iqtisadi inkişafın yaxşı nəticələr verdiyini vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, bu, özünü həm makroiqtisadi sahədə, həm real sektorun və eyni zamanda, qeyri-neft sektorunun inkişafında göstərib. Dövlətimizin başçısı qeyd etdi ki, ötən il ölkəmizdə 177 min daimi iş yeri yaradılıb ki, bu da rekord göstərici olub. Qeyri-neft sektorunda 3 faizə yaxın artımın olduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə nəhəng infrastruktur layihələrinin uğurla həyata keçirildiyini bildirdi. Dövlətimizin başçısı bütün bu iqtisadi nailiyyətlərin, öz növbəsində, ölkəmizin davamlı inkişafı və ictimai-siyasi sabitliyin təmin olunması işinə xidmət etdiyini vurğuladı.
Azərbaycanın iqtisadi inkişafının Davos İqtisadi Forumunun hesabatlarında da öz əksini tapdığını qeyd edən Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək dünya miqyasında 35-ci yeri, eyni zamanda, ölkəmizin inkişaf etməkdə olan ölkələr sırasında inklüziv inkişaf indeksinə görə isə 3-cü yeri tutmasını məmnunluqla vurğuladı.
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident Dünya-Bankı