“Ölkə iqtisadiyyatına 14 ildə 231 milyard sərmayə qoyulub” - Prezident

“Ölkə iqtisadiyyatına 14 ildə 231 milyard sərmayə qoyulub” - Prezident
  29 Yanvar 2018    Oxunub:1859
“Son 14 ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb, qeyri-neft iqtisadiyyatı, sənaye, kənd təsərrüfatı sahələrində ciddi artım qeydə alınıb”.

AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda deyib.
Ölkə başçısı qeyd edib ki, əsas məqsəd dövlətin qüdrətinin artırılması və müstəqilliyin möhkəmləndirilməsidir: “Son 14 ildə ölkədə 30 elektrik stansiyası tikilib. Azərbaycan elektrik enerjisi ixrac edən ölkəyə çevrilib. Ölkə üzrə qazlaşdırma 93 faizə çatıb. İçməli su və kanalizasiya problemləri uğurla həll olunub. Kənd təsərrüfatının inkişafı üçün tədbirlər görülüb. Dörd su anbarı tikilib, 12 min 300 km yol çəkilib. Bu il bu rəqəm 15 min km-ə çatdırılacaq. Bundan əlavə, ölkədə 7 aeroport, Ələt Dəniz Ticarət Limanı, gəmiqayırma zavodu inşa olunub. Son 14 ildə valyuta ehtiyatlarımız 23 dəfə artaraq 42 milyard dollara çatıb. Bütün bunlar ölkəmizə siyasi, iqtisadi müstəqillik verib”.

“Xalqın həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır. Əsas məqsəd dövlətin qüdrətini artırmaq və müstəqilliyimizi möhkəmləndirməkdən ibarətdir”-deyən dövlət başçısı bildirib ki, son 14 ildə ölkəmizdə demoqrafik proseslər sürətlə gedib. Belə ki, ötən 14 ildə əhalimiz 1,5 milyon nəfər artıb:

“Bu dövrdə maaş və pensiyalar dəfələrlə artırılıb, önəmli sosial layihələr icra olunub. Minlərlə məktəb, yüzlərlə tibb müəssisəsi, olimpiya idman kompleksləri inşa olunub. Sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılıb. “ASAN Xidmət” mərkəzlərinin yaradılması ictimai xidmətlər sırasında bir inqilaba çevrilib. Kosmik ölkəyə çevrilən Azərbaycanda icra olunan nəqliyyat və energetika layihələri ölkəmizin uzunmüddətli və uğurlu inkişafını şərtləndirir. Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində son illərdə həyata keçirilən ən önəmli layihədir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri böyük əhəmiyyət kəsb edir. Bütün bu layihələr ölkəmizin uzunmüddətli inkişafına şərait yaradıb”.

Prezident əlavə edib ki, son 14 il ərzində ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub.

Dövlət başçısı həmçinin bildirib ki, bu il yeni torpaq sahələri suvarılacaq, avtomobil yolları çəkiləcək. Belə ki, 6 rayon mərkəzi xəstəxanası, 137 modul tipli məktəb, 4 olimpiya idman kompleksi tikiləcək: “Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində olacaq. Yeni iş yerlərinin açılmasının daimi proses olması vacibdir. Özünüməşğulluq, həmçinin ailə biznesinə “Asan dəstək”, “Abad proqramı” əhəmiyyətlidir. Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti üçün tədbirlər görülməlidir. Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri, həm də ölkədə dəmir yolu infrastrukturunun yaradılması ilə bağlı işlər görülür.

Bu il 3 “ASAN Xidmət” mərkəzi, xalça fabrikləri açılacaq, yeni sənaye müəssisələri fəaliyyətə başlayacaq. Turizmin, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması, ixrac məhsulları üçün yeni bazarların tapılması və ixracdan asılılığın azaldılması istiqamətində tədbirlər görülməlidir. Azərbaycanda iqtisadi və maliyyə vəziyyəti sabitdir. Ölkədə gedən islahatlar uğurlu nəticələr verir. Ölkədə yürüdülən siyasət xalqın maraqlarına xidmət edir, dövlətimizi daha da gücləndirir”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Konfrans  





Xəbər lenti