Əli Kərimli ilə İlqar Məmmədov arasında "layk" davası

Əli Kərimli ilə İlqar Məmmədov arasında "layk" davası
  23 Yanvar 2018    Oxunub:23542
Sosial şəbəkələrdə keçirilən virtual seçki iki müxalif cəbhəni - AXCP ilə REAL hərəkatını üz-üzə qoyub. Səbəb İlqar Məmmədovun Əli Kərimlini məğlub etməsidir...

Məlumat üçün bildirək ki, müxaliflər "Facebook"da "kimin prezident olmasını istərdiniz?" sualı ilə onlayn "seçki" keçirirlər.
Səsverməyə müxalifəti təmsil edən partiya sədrləri və birlik rəhbərləri çıxarılır.

Müsavatın keçmiş başqanı İsa Qəmbər "yarımfinal"da mübarizəni dayandırdığından, növbəti mərhələdə AXCP sədri Əli Kərimli REAL-ın həbsdə olan rəhbəri İlqar Məmmədovla yarışmalı olub.

"Seçki"nin nəticəsi cəbhəçilər üçün soyuq duş effekti yaradıb. Onlar sevimli sədrlərinin "qalib" gələcəyini gözləsələr də, REAL-çıların "Layk"ı daha çox olub və məhbus İlqar Məmmədov Əli Kərimlinin üzərində "qələbə" qazanıb.

İki müxalif tərəf arasında qalmaqal bundan sonra başlayıb. Qaraguruhçu cəbhəçilər virtual məğlubiyyəti həzm edə bilməyib, Kərimlinin az "layk" yığmasına görə REAL-çılara qarşı aqresiv kampaniyaya start veriblər.

İddia olunub ki, İ.Məmmədova daha çox saxta profillərdən səs verilib, onlayn səsvermənin nəticəsi saxtadır və s.

Baş verənlərə REAl səsiz qalmayıb. Təşkilatın nümayəndəsi Natiq Cəfərli status yazaraq Kərimli tərəfdarlarına cavab verib və onları daha da qıcıqlandırıb.

Cəfərli statusunda yazıb: “Şəxsən mən və REAL-ın yaxın çevrəsi bu “seçkilərdən” son günlər xəbər tutmuşuq, dünən bilmişəm ki, hətta mənim də adım olub, sən demə, bir neçə mərhələ də keçmişəm - bu məlumat mənim üçün sürpriz oldu. Bəzi insanlar israrla məlumat tirajlayırlar ki, bəs YAP-çılar İlqar bəyə səs verirlər. Belə bir iddia səsləndirmək, ən azı, məntiqsizlikdir. Bunu deyənlərin, məncə, ciddi əqli qüsuru olmalıdır. Sosial şəbəkələrdəki mənasız və elmi olmayan sorğularda belə uduzmağı həzm edə bilməyənlərə isə sözüm odur ki, bu yanaşmanız təhlükəli və yanlışdır. Əks fikir səsləndirənlər sizin üçün həmən “satqın”, sosial şəbəkələrdə sizə səs verməyənlər isə həmən “trol” olur. Dəhşətli, məmləkət üçün faciəvi düşüncə tərzidir və sizləri daha çox marginalaşdırır, dar bir qrupa çevirir”.

Bu statusdan sonra iki qrup arasında virtual "seçki" virtual "döyüşə" çevrilib. ReAl-çılar Kərimlini, cəbhəçilər də Məmmədovu tənqid etmək yarışına çıxıblar. Qarşılıqlı ittihamlar zamanı maraqlı bir fakt ortaya çıxıb. Məlum olub ki, cəbhəçilər Kərimlinin daha çox "səs" toplaması üçün tanımadıqlara şəxslərə mesaj yazaraq onlardan "layk" istəyiblər.



Kərimlinin feysbuk "qəhrəmanları" məğlubiyyətlərinə don geyindirmək üçün bu dəfə də işə hakimiyyəti qatıblar. Nə qədər gülünc görünsə də, bildiriblər ki, guya iqtidar tərəfdarları Əli Kərimlinin uduzması üçün İlqar Məmmədova dəstək olub.

Beləliklə, "layk davası" qarşılıqlı ittihamlarla davam edib və daha kəskin hal alıb.



N.Cəfərli daha sonra Kərimlinin düşərgəsinə sual ünvanlanyıb: “Cəbhəçilər bu qədər güclüdürsə, niyə mitinqlərinə 2-3 min adam gəlir?”

Suala qarşı tərəfin cavabı oxşar olub: “İlqar Məmmdovun virtual tərəfdarlarının sayı bu qədər çoxdursa, nə üçün real həyatda bu özünü göstərmir?”.

Göründüyü kimi müxalif cəbhədə vəziyyət yaxşı deyil. Bir-birilənin varlıqlarını həzm edə bilməyən təşkilar və partiyalar ara-sıra qalmaqallarla gündəmə gəlirlər. Nədənsə, belə davaların, qalmaqalların çoxunun kökündə Kərimli və onun Milli Şura adlı qrupu durur.

Ölkədə seçki ili olduğunu, müxalifət daxilində münasibətlərin getdikcə pisləşdiyini nəzərə alsaq, belə qarşıdurmaların hələ çox olacağını deyə bilərik.



Görürən odur ki, zəif və bazası olmayan müxaliflər daha çox sosial şəbəkələrdə var-gəl edərək, varlıqlarını nümayiş etdirməyə çalışırlar.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Əli-Kərimli   AXCP   REAL   Müxalifət  





Xəbər lenti