Ötən il 30 min nəfər saxlanılıb — 3 mini dilənçidir

Ötən il 30 min nəfər saxlanılıb — 3 mini dilənçidir
  22 Yanvar 2018    Oxunub:2477
Bu gün Əlahiddə Çevik Polis Alayında keçən il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirin gündəliyini elan edib. Gündəlik və reqlament təsdiq edildikdən sonra Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Zaur Abdullayev hesabat dövründə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.

Alay komandiri qeyd edib ki, ölkənin müxtəlif yerlərində keçirilmiş 40 kütləvi, o сümlədən respublika və beynəlxalq əhəmiyyətli tədbirə сəlb olunan şəxsi heyət üzərinə düşən vəzifələrinin öhdəsindən layiqinсə gəlib. Patrul bölüklərinin xidmət apardığı ərazilərdə kriminogen durum bütövlükdə nəzarətdə saxlanılıb, сinayətlərin və digər hüquqpozmaların aşkarlanması və qarşısının alınması üçün paytaxtın polis orqanları ilə birgə zəruri tədbirlər görülüb. Nəticədə post və marşrutlarda 30.667 şəxs, o cümlədən müxtəlif cinayətlər törətmiş 821, inzibati xətalara yol vermiş 29.846 nəfər saxlanılaraq barələrində qanunauyğun tədbirlərin görülməsi təmin edilib. Hüquqazidd əməllərə görə saxlanılanlardan 300-ü xuliqanlıq, 257-si oğurluq, 21-i soyğunçuluq, 49-u dələduzluq, 90-ı narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olan, 80-i axtarılan, 24-ü isə digər cinayətlər törədən şəxslər olub.

Bununla bərabər, xırda xuliqanlığa görə 1166, avaralıq və dilənçiliyə görə 2899, məişət səs-küyünə yol verən 1.586 nəfər müəyyən edilərək aidiyyəti polis orqanlarına təhvil verilib. Əvvəlki dövrə nisbətdə aşkarlanan сinayətlərin və inzibati xətaların sayı 7,7 faiz çox olub.
Şəxsi heyətin ötənilki uğurlarından danışan polis general-mayoru Zaur Abdullayev məmnunluqla qeyd edib ki, hesabat dövründə Alayın sərbəst güləş, estafet qaçışı, silahsız özünümüdafiə, sambo, cudo üzrə komandaları müxtəlif turnirlərin qalibi olub, bir neçə əməkdaş mötəbər beynəlxalq yarışlarda yüksək nəticələr əldə edib. DİN rəhbərliyinin Əlahiddə Çevik Polis Alayına göstərdiyi gündəlik diqqət və qayğının, onun inkişafı üçün verilən qərarların əməkdaşlar tərəfindən dərin minnətdarlıqla qarşılandığı xüsusilə vurğulanıb. Məruzə ətrafında çıxış edən patrul bölüklərinin komandirləri görülən işlərin nəticələrindən, xidməti fəaliyyətdə yol verilən nöqsan və çatışmazlıqlardan, onların qısa müddətdə aradan qaldırılması istiqamətində həyata keçiriləcək tədbirlərdən danışıblar.

Müşavirəyə yekun vuran daxili işlər naziri şəxsi heyətin ötənilki fəaliyyətinın yekunlarını yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib. General-polkovnik Ramil Usubov Alay rəhbərliyindən şəxsi heyətin xidməti, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi işinin ən vacib vəzifələrdən biri olaraq həyata keçirilməsinin, xidmətqabağı təlimatlandırmalarda əməkdaşların zahiri görünüşünə, geyim formasını daşıma qaydalarına riayət etmələrinə diqqət yetirilməsinin, ən əsası, onların qanunla müəyyənləşdirilmiş vəzifə, funksiya və hüquqlarını dərindən öyrənilməsinin vacibliyini nəzərə çatdırıb.

Kütləvi tədbirlər zamanı təhlükəsizliyin təmin edilməsində Alayın böyük təcrübəsi olduğunu deyən nazir aprel ayında Bakı şəhərində “2018 Formula-1 Azərbaycan Qran Pri”si kimi beynəlxalq əhəmiyyətli idman yarışının, habelə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd ediləcəyi ilə əlaqədar kütləvi tədbirlərin keçiriləcəyini, bununla bağlı qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə, bütün təşkilati işlərin vaxtında icra edilməsinin, qüvvə və vasitələrin tədbirlər ərəfəsində tam hazırlıq vəziyyətinə gətirilməsinin, həmçinin post-patrul naryadlarının daim ayıq-sayıq olmasının, cinayət və hadisələrin dinamikasının mütəmadi izlənilməsinin, peşəkarlığın artırılması məqsədilə müvafiq təlim-məşqlərin keçirilməsinin əhəmiyyətini qeyd edib.

Bildirilib ki, polisin qanunla müəyyən edilmiş vəzifələrindən biri də həyatı və sağlamlığı təhlükədə olan şəxsə kömək göstərməkdir. Bu məsələdə müsbət nümunələrin çox olduğuna, insanlara həssas münasibətin və qayğının həmişə minnətdarlıqla qarşılandığına, bunun polisin nüfuzunu daha da yüksəltdiyinə diqqəti çəkən Ramil Usubov vətəndaşlarla ünsiyyətdə etik normalara, qanunçuluğa, insan hüquq və azadlıqlarına ciddi riayət edilməsinin, şəxsi heyətin döyüş hazırlığının artırılmasının, sosial-məişət problemlərinin, əməkdaşların qarşılaşdıqları çətinliklərin həllinə önəm verilməsinin əhəmiyyətindən danışıb.

Xidməti vəzifələrin uğurla yerinə yetirilməsi üçün ölkə rəhbərliyi tərəfindən hər cür şəraitin yaradıldığını, şəxsi heyətin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu nəzərə çatdıran daxili işlər naziri Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi əmin edib ki, Əlahiddə Çevik Polis Alayı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması üzrə vəzifələri, qarşıya qoyulan bütün tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən etimadı sədaqətli xidməti ilə doğruldacaq. Müşavirənin sonunda ötən il xidməti vəzifələrin icrasında fərqlənmiş bir qrup əməkdaşın təltif olunması barədə daxili işlər nazirinin müvafiq əmrləri elan olunub və general-polkovnik Ramil Usubov mükafatları sahiblərinə təqdim edib.

AzVision.az


Teqlər: Çevik-Polis-Alayı   Ramil-Usubov  





Xəbər lenti