88,7 faiz İlham Əliyevə səs verəcək - SORĞU

88,7 faiz İlham Əliyevə səs verəcək - SORĞU
  27 Sentyabr 2013    Oxunub:1129
İctimai Rəyin Öyrənilməsi üzrə Avropa Mərkəzi (the European Centre for Survey Research, UK) Azərbaycanda ümumrespublika ictimai rəy sorğusu keçirib.
AzVision.az xəbər verir ki, tədqiqat "Demokratik dəyərlər, Azərbaycan əhalisinin siyasi və elektoral davranışı: sosioloji təhlil" layihəsi çərçivəsində aparılıb.

Sorğuda 42 yaşayış məntəqəsinin yaşı 18-dən yuxarı 1550 sakini iştirak edib.

Sorğu üzbəüz (face-to-face) müsahibə yolu ilə, respondentlərin yaşayış yeri üzrə, standartlaşdırılmış anket əsasında keçirilib. Tədqiqatın əsaslandığı çoxpilləli təsadüfi seçim əhalinin sosial və demoqrafik strukturunu adekvat olaraq əks etdirib. Tədqiqatın nisbi xətası 3 faiz ətrafındadır.

Layihənin rəhbəri İctimai Rəyin Öyrənilməsi üzrə Avropa Mərkəzinin başçısı, Beynəlxalq İctimai Rəyin Öyrənilməsi Assosiasiyasının (WVSA) prezidenti, Beynəlxalq Siyasi Elmlər Assosiasiyasının (IPSA) vitse-prezidenti Kristian Herpferdir (Christian Haerpfer).

Bu araşdırma "Demokratik dəyərlər, Azərbaycan əhalisinin siyasi və elektoral davranışı: sosioloji təhlil" layihəsinin birinci mərhələsidir. İkinci mərhələ isə ilin sonuna qədər həyata keçiriləcək. Bu, seçki kampaniyasından "əvvəl" və "sonra" seçici rəylərini müqayisə etməyə, həmçinin onların seçki ilə bağlı gözləntilərinin reallıqda nə dərəcədə doğrulduğunu öyrənməyə imkan verəcək. Tədqiqatın nəticəsi olaraq, Azərbaycan və ingilis dillərində kitabça nəşr ediləcək və 2014-cü ilin birinci yarısında ictimaiyyətə təqdim olunacaq.

Layihənin əsas məqsədləri əhalinin demokratik dəyərlərə münasibətini, demokratiyaya bir sosial-siyasi sistem olaraq yanaşmasını müəyyən etməkdən ibarətdir. Tədqiqat zamanı demokratiyanın ölkədəki durumunun kütləvi şüurda qiymətləndirilməsi, vətəndaşların siyasi prioritetləri və fəallığı, onların prezident seçkilərində iştirakının motivləri, seçicilərin rəğbəti və namizədlərin reytinqi öyrənilib.

Sorğunun gedişində konkret olaraq nələrin araşdırıldığını əlavə olunan ətraflı hesabatdan öyrənmək olar. Hələlik isə Azərbaycandakı seçkiqabağı vəziyyəti xarakterizə edən bəzi rəqəmlərə nəzər salaq.

Sorğunun nəticələri göstərir ki, Azərbaycan vətəndaşları "demokratiya" anlayışını əsasən fikir müxtəlifliyi (48,0%), azad və ədalətli seçkilər (36,6%), insan hüquq və azadlıqlarının qorunması (30,3%) kimi qəbul edirlər. Daha sonra isə xalq hakimiyyəti, şəxsi azadlıq və ləyaqət, qanunun aliliyi (hər biri təxminən 21% səs) prinsipləri gəlir. Demokratiyanın Azərbaycan üçün daha vacib olan elementlərinə isə onlar hamının qanun qarşısında bərabərliyini, söz və mətbuat azadlığını, rəqabətli və ədalətli seçkiləri aid ediblər.

Bütövlükdə Azərbaycanda demokratiyanın vəziyyəti pozitiv qiymətləndirilib. Əhalinin təxminən üçdə ikisi ölkədə demokratiyanın vəziyyətindən razıdır. Onlar anketin müvafiq sualını "bəli, qane edir" və ya "əsasən qane edir" deyə cavablandırıblar. Respondentlər hesab edirlər ki, son 10 ildə demokratiya sahəsində vəziyyət yaxşılaşıb, KİV azadlığının səviyyəsi yetərincə yüksək qiymətləndirilib.

Maraqlıdır ki, respondentlərin xeyli hissəsi (63,4%) ictimai-siyasi həyatda iştirakı dostlarla və yaxınlarla siyasi mövzularda söhbət etmək, həmçinin televiziyada xəbərlərə baxmaq kimi başa düşür. Yənu bu, həmin insanların ictimai-siyasi həyatda iştirakından deyil, daha çox boş vaxtlarını keçirməsindən xəbər verir. Hərçənd görünür ki, siyasətə belə yanaşma partiyalara qarşı olan skeptik münasibətlərdən irəli gəlir: rəyi soruşulanların 65,6%-i isə ümumiyyətlə özlərini hər hansı bir partiyanın tərəfdarı hesab etmir.

Məlum olub ki, bu seçkilərdə respondentlərin potensial elektoral fəallığı (onların seçkilərdə iştirak edəcəklərini deməsi) yetərincə yüksəkdir (82%-dən çox). Lakin təcrübə göstərir ki, adətən səsverməyə qatılacaqlarını bəyan edənlərlə real olaraq seçki məntəqələrinə üz tutanların sayı fərqlənir (MSK-nın məlumatına görə, ötən seçkilərdə səsvermədə iştirak 70% səviyyəsində olub).

Sorğunun nəticələrinə görə, səslərin əksəriyyətini Azərbaycanın hazırkı Prezidenti toplayır. Doğrudur, respondentlərin heç də az olmayan bir qismi (11,8%) ümumiyyətlə seçki məntəqələrinə getmək fikrində deyil, daha 3,3% hələ öz seçimini müəyyən etməyib, 7,9% isə bu suala cavab verməkdə çətinlik çəkib (və bu da təbiidir, çünki sorğu keçirilən zaman seçki kampaniyası yenicə başlamışdı). O da maraqlıdır ki, rəyi soruşulanların 2,9%-i heç bir namizədə səs verməyəcəklərini bildirib.

Bəs iştirak faizi nəzərə alınmaqla namizədlərin elektoral reytinqi necədir? Sorğu göstərib ki, seçkiyə qatılanların 88,7%-i öz səsini hazırkı Prezident İlham Əliyevə verəcək. "Demokratik Qüvvələrin Milli Şurası"nın təmsilçisi Cəmil Həsənlinin 0,6%, müstəqil namizəd Zahid Oruc və Ümid Partiyasının sədri İqbal Ağazadənin hər birinin 0,3%, Qüdrət Həsənquliyev (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası) və İlyas İsmayılovun (Ədalət Partyiası) hər birinin 0,2%, Fərəc Quliyev (Milli Dirçəliş Partiyası) və Araz Əlizadənin (Sosial-Demokrat Partiyası) hər birinin 0,1% səs yığacağı gözlənilir. Başqa sözlə, seçki marafonunda Azərbaycanın hazırkı Prezidenti İlham Əliyevin qələbə şansları digər namizədlərdən xeyli yuxarıdır.

Vətəndaşların prezident seçkilərində iştirakının motivlərinə gəldikdə isə məlum olub ki, səsvermədə iştirakı özünün vətəndaşlıq borcu sayan respondentlərin sayı heç də az deyil (59,6%). Seçkilərin nəticələrinə etimad və öz namizədinə səs vermək imkanı ilə bağlı yüksək faizləri də müsbət hal kimi qiymətləndirmək olar.


Teqlər:





Xəbər lenti