AŞPA-nın qış sessiyası başlayır

AŞPA-nın qış sessiyası başlayır
  22 Yanvar 2018    Oxunub:1956
Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası işə başlayacaq. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında iştirak etmək üçün Fransanın Strasburq şəhərinə səfər edib.
AzVision.az xəbər verir ki, nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sahibə Qafarova, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sabir Hacıyev, Elşad Həsənov, Vüsal Hüseynov, Fazil Mustafa, Asim Mollazadə, Rövşən Rzayev daxildirlər.

Tədbirdə AŞPA-nın yeni prezidenti seçiləcək, Büro və Daimi komitənin illik hesabatları təqdim olunacaq. Avropa Şurasının Baş katibi və İnsan hüquqları üzrə komissarı 2017-ci ildə görülən işlərlə bağlı məruzə edəcəklər. Təşkilatın Nazirlər Komitəsinin fəaliyyəti barədə hesabat veriləcək.

Toplantıda Avropada regional və milli azlıqların dillərinin qorunması, Ukraynadakı vəziyyətin humanitar nəticələri, müasir idman idarəçiliyi, 2017-ci ildə Assambleyada monitorinq prosedurunun təkmilləşdirilməsi, İrlandiya, Macarıstan, Yunanıstan, Estoniya, Bosniya və Herseqovina tərəfindən öhdəliklərin yerinə yetirilməsi məsələlərinə baxılacaq.

Sessiyada Azərbaycan nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyevanın və Vüsal Hüseynovun AŞPA-nın Sosial məsələlər, Hüquqi işlər və insan hüquqları komitələrində təqdim etdikləri “Silahlı münaqişələr zamanı zərər çəkmiş uşaqların qorunması”, “Ölüm hökmü və işgəncələr zamanı istifadə olunan ləvazimatların ticarətinə qarşı beynəlxalq qaydaların təkmilləşdirilməsi” mövzularında məruzələrin müzakirəsi keçiriləcək.

Qeyd edək ki, səfər yanvarın 28-də başa çatacaq.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: AŞPA   Deputat  





Xəbər lenti