DTX-nın istintaq təcridxanasına baş çəkilib

DTX-nın istintaq təcridxanasına baş çəkilib
  17 Yanvar 2018    Oxunub:1584
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.
Ombudsman Aparatından AzVision.az-a verilən məlumata görə, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd bu müəssisədə saxlama şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin, habelə Ombudsmanın ünvanına daxil olmuş müraciətlərin araşdırılması olub.

Başçəkmə zamanı saxlanılma şəraiti, qidalanma, tibbi yardım, gəzinti, telefon danışıqları və digər hüquqların təmin olunması vəziyyəti, habelə rəftar məsələləri araşdırılıb, müəssisədə saxlanılan bir sıra şəxslər fərdi qaydada qəbul edilib. Həmin şəxslər Müvəqqəti saxlama yeri və istintaq təcridxanası əməkdaşlarının rəftarından şikayət etməyıblər, saxlanma şəraitindən, keyfiyyətli qida və tibbi xidmətdən razılıqlarını bildiriblər.

Qəbul edilmiş şəxslərə hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah olunub. Fərdi qaydada dinlənilən zaman bəzi saxlanılan şəxslər tərəfindən barələrində aparılan istintaqla bağlı qaldırılan məsələlər üzrə onlara hüquqi məsləhətlər verildi və aidiyyəti qurumlara müraciət olunacaq.

Başçəkmənin yekununda Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının rəhbərliyi ilə müəssisədə həyata keçirilən işlər üzrə müzakirələr aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun müvafiq tövsiyələr verilib.

AzVision.az


Teqlər: Ombudsman   DTX  





Xəbər lenti