Füzuli Musayev baş nazirlə məşq edib: “Sonradan bildi ki, dünya çempionuyam”

Füzuli Musayev baş nazirlə məşq edib: “Sonradan bildi ki, dünya çempionuyam”
  17 Yanvar 2018    Oxunub:59262
Karate üzrə dünya çempionu, Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev sosial şəbəkədəki hesabında ötən gün Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstanın baş naziri Boyko Borisovla birgə çəkdirdiyi fotoları paylaşıb.
Fotodan göründüyü kimi qarlı havada F.Musayevlə Borisov məşq edirlər. Dünya çempionunun paylaşdığı görüntülər izləyicilərin böyük marağına səbəb olub, istifadəçilər tərəfindən ona şəklin nə zaman lentə alınması, onların şəxsi əlaqələrinin olub-olmaması barədə suallar ünvanlanıb.



AzVision.az sosial şəbəkə istifadəçilərini maraqlandıran suallara cavab tapmaq üçün F.Musayevlə əlaqə saxlayıb. Dünya çempionu saytımıza bildirib ki, təqdim etdiyi foto 6 il öncə Bolqarıstanda qonaq olarkən çəkilib.

“Bolqarıstanın baş naziri Boyko Borisov da karate ilə məşğul olub. Sonradan Azərbaycana qonaq gələndə burada görüşmüşük. Bir neçə ildir münasibətimiz var. Münasibətimiz olandan sonra bildi ki, karate üzrə Dünya çempionu olmuşam. Bildirdi ki, özü də cavanlığında uzun müddət karate ilə məşğul olub. Bildiyiniz kimi bu günlərdə ölkəmizə rəsmi səfərə gəlmişdi. Onun Azərbaycana münasibəti çox yaxşıdır və ölkəmizi sevir. Ümumilikdə isə Bolqarıstanla əlaqələrimiz yüksək səviyyədədir” , deyə F.Musayev vurğulayıb.



Qeyd edək ki, ötən gün Bolqarıstanın baş naziri Boyko Borisov Azərbaycanda işgüzar səfərdə olub. Baş nazir səfər zamanı Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşlər keçirib. Dövlət rəsmiləri daha sonra mətbuata bəyanatla çıxış ediblər. Görüşlər zamanı iki ölkə arasında əlaqələr, o cümlədən enerji məsələləri geniş müzakirə mövzusu olub.



Anar Kəlbiyev
AzVision.az


Teqlər: Füzuli-Musayev   Borisov   Bolqarıstan  





Xəbər lenti