Zaxarova Azərbaycanla bağlı həqiqətləri dedi

Zaxarova Azərbaycanla bağlı həqiqətləri dedi
  15 Yanvar 2018    Oxunub:3260
Ötən həftə ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski yüksək olan ölkələr sırasında təqdim etməsi haqlı olaraq rəsmi Bakının etirazına səbəb olub. ABŞ-ın açıqlaması Azərbaycan XİN ilə yanaşı rəsmi Moskvanı da təəccübləndirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ötən həftə keçirdiyi brifinqdə bəyan edib ki, ABŞ Dövlət Departamentinin Azərbaycan haqqında açıqlaması tam cəfəngiyyatdır.

Zaxarova Azərbaycanın istər idman, istərsə də mədəniyyət sahəsində beynəlxalq miqyaslı tədbirləri çox uğurla keçirməsini qeyd edib. XİN rəsmisi Azərbaycanla bağlı çıxışında deyib:

“Görünür, bizim qərbli tərəfdaşlarımız elə hesab edirlər ki, bizi həmişə “tonusda” saxlamaq lazımdır. Onların fikrincə, nəyəsə nail ola bilən, o cümlədən turizm sahəsində uğur qazanan, qonaqpərvər ölkələr unutmamalıdırlar ki, təbliğat vasitəsilə, uydurma materiallar vasitəsilə müəyyən təhlükə obrazı yaratmaq həmişə mümkündür. Bunu o adamlar yaza bilərdi ki, heç vaxt Bakıda olmayıblar. Mən dəfələrlə, həm də böyük məmnuniyyətlə Azərbaycanda, Bakıda olmuş, onun tarixi mərkəzini, restoranlarını, muzeylərini görmüş, orada çoxlu dostları olan bir insan kimi tam səmimiyyətlə deyə bilərəm ki, turistlərin Azərbaycana getmələrini məsləhət görməmək sadəcə cəfəngiyyatdır. Bunu yalnız o adamlar deyə bilər ki, onların Azərbaycan barədə təsəvvürləri yoxdur, bu ölkənin mədəniyyəti, onun siyasi reallıqları haqqında heç nə bilmirlər. Ümumiyyətlə, mən həmin adamların Azərbaycanı xəritədə göstərə biləcəklərinə şübhə edirəm”.



Rusiya Azərbaycanı niyə müdafiə etdi?

Politoloq Sahil İskəndərov AzVision.az-a bildirib ki, ABŞ-ı Azərbaycanda baş verə biləcək terror narahat edirsə, açıq şəkildə terror təhlükəsinin mənbəyini, yəni erməni terrorunun mövcudluğunu hesabatda göstərməli idi:

“ABŞ Dövlət Departamentinin hesabatında konkret şəkildə bildirilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu səbəbindən Azərbaycan terror riski yüksək olan dövlətlər siyahısına daxil edilib. Əgər doğrudan da ABŞ-ı Azərbaycanda baş verə biləcək terror ehtiyatlandırırsa, açıq şəkildə terror təhlükəsinin mənbəyi göstərilməlidir. Həmçinin, Ermənistanın təkcə Azərbaycana qarşı yox, həmsərhəd ölkələrə qarşı terror siyasəti qabardılmalı idi. Bir halda ki, bu faktı öz dilləri ilə deyirlər, o zaman necə olur ki, Azərbaycan və Ermənistan bir səviyyədə göstərilir? Yəni, hesabatda Azərbaycanın kim tərəfindən terrora məruz qaldığı, terror riskini kimin yaratdığı bildirilmir”.



S.İskəndərov hesab edir ki, məsələyə yanaşmada Rusiyanın mövqeyini təqdirəlayiqdir: “Rusiyanın rəsmi mövqeyini açıqlayan bu ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova haqlı olaraq qeyd edir ki, yalnız Azərbaycana getməyən şəxslər belə bir hesabat hazırlaya bilərlər. Azərbaycan Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin qarantı, lider dövlətdir. Bunu dəfələrlə beynəlxalq qurumlar bəyan ediblər. Bu baxımdan Zaxarovanın bəyanatı təqdirə layiqdir. Həmçinin Zaxarovanın bəyanatı Rusiyanın üzərinə böyük məsuliyyət qoymalıdır. Çünki, Rusiya həm ATƏT-in Minsk qrupunun həmsədri, həm də Ermənistana konkret təsir gücünə malik olan ölkə kimi terror riski yaradanın kim olduğunu yaxşı bilir. Ona görə də ikinci bir addımı atmalıdır. Bundan əlavə Rusiya Qarabağ münaqişəsinin həll olunmasında əhəmiyyətli rol oynamalıdır”.



Politoloq, həmçinin əlavə edib: “Hesabatı yayan ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ATƏT-in Minsk qrupunun iki həmsədr dövləti bir-birini təkzib edən bəyanatlar verir. Bu, bir daha onu göstərir ki, onlar arasında ümumi məxrəc tapılmayana qədər Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi uzanacaq. Bu məsələdə bir-birinə zidd bəyanat verən iki həmsədr dövlətin üzərinə son məqamda belə bir məsuliyyət düşür ki, onlar hər şeyi öz adı ilə çağırmağı bacarmaldıırlar. ABŞ Dövlət Departamnetinin 24-25 ildən artıq arxivdə qalmış və hər il təkrarlanan bəyanatı kağız parçasından başqa bir şey deyil. Bu hesabat o vaxt qiymətli olardı ki, orada məhz terror riski yaradan dövlətin adı çəkilərdi”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Rusiya   XİN   Zaxarova  





Xəbər lenti