Generallar İrəvanı yox, məhz Bakını seçdilər - SƏBƏB

Generallar İrəvanı yox, məhz Bakını seçdilər - SƏBƏB
  08 Yanvar 2018    Oxunub:9288
Bakıda NATO və Rusiya generallarının mühüm görüşü keçiriləcək. Məlumata görə, NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş Komandanı general Kertis Skaparroti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimov danışıqlar aparmaq üçün bu ay Azərbaycana gələcək. Generalların Bakı görüşünün dəqiq vaxtı bilinmir.
Xatırladaq ki, bundan öncə də Bakıda Rusiyanın hərbi rəhbərliyinin iştirakı ilə bir sıra görüşlər baş tutub. Belə ki, ötən ilin fevral ayında Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordun görüşü keçirilib. Sentyabrda isə Valeri Gerasimov NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel ilə danışıqlar aparıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc AzVision.az-a bildirib ki, növbəti mühüm görüşün ölkəmizdə keçirilməsi Bakının diplomatik və siyasi mərkəz olması anlamına gəlir. Onun sözlərinə görə, NATO və Rusiya generallarının məhz Bakıda danışıqlar aparması çox əhəmiyyətli hadisədir:

“İrəvanda və Tbilisidə belə danışıqları aparmaq mümkün deyil. Çünki Azərbaycan nə Qərbin əlində Rusiyaya qarşı, nə də Moskvanın əlində Avropa əleyhinə alət deyil. Biz ölkə başçısının iradəsi ilə öz siyasi neytrallığımızı qoruyaraq, hər iki cinahın anlaşmaya gəlməsində marağımızı ifadə etmişik. Ölkəmiz heç bir halda açıq və gizli üzvlərlə Rusiya əleyhinə sanksiyaları, təxribatları, diversiyaları bölüşməyib. Eləcə də Qərbin ziyanına gedən döyüşlərdə hansısa cəbhədə iştirak etməmişik”.



Z.Oruc qeyd edib ki, müzakirə olunacaq məsələnin mahiyyətindən asılı olmayaraq, bu görüş ilk növbədə Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir: “Biz iqtisadi addımlarımız və diplomatik cəhdlərimizlə indiyə qədər konfliktləri deyil, barışı stimullaşdırmışıq. 2015-ci ildə Rusiya ilə Türkiyə arasında yaranmış gərginlikdə biz barışdırıcı mövqe tutduq. Gərginliyin Qafqazda vurduğu ziyanları hesablayaraq çox mühüm addım atmış olduq. Eləcə də Türkiyə-İsrail münasibətlərində Azərbaycan tənzimləyici rolda çıxış etdi”.

Millət vəkilinin fikrincə, ABŞ və Rusiya arasındakı əməkdaşlıq şübhəsiz ki, dünyanın təhlükəsizliyinin əsasını təşkil edir: “Biz Rusiya və ABŞ-ın toqquşmasını qətiyyən istəmirik. Azərbaycan sübut edir ki, Bakı Yaxın Şərqdə, eləcə də digər ölkələrdə konfliktlərin çözülməsində, Rusiya və ABŞ-ın bir masa arxasında əyləşməyini arzulayır. Rəsmi Bakı həm də belə görüşlərlə Qarabağ məsələsini, regiondakı prosesləri, təhlükəsizlik məsələlərini ortaya qoyur”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Zahid-Oruc  





Xəbər lenti