Hərbi hissədə bir gün - Video

Hərbi hissədə bir gün - Video
  04 Yanvar 2018    Oxunub:1950
Dəniz sahili, təmiz hava, genişliyi və səliqə-səhmanı ilə gözoxşayan həyət. Malik olduğu rahatlığı ilə müasir istirahət mərkəzlərini xatırlatsa da, bura Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin ərazisidir.
AzVision.az nazirliyə istinadən məlumat verir ki, hərbi hissəyə daxil olduğumuz elə ilk andan orduda döyüş qabiliyyətinin artırılması məqsədilə yaradılan şəraitin, göstərilən xüsusi diqqət və qayğının, eyni zamanda şəxsi heyət qarşısında qoyulan yüksək tələblərin şahidi oluruq.

Günün nizam qaydalarına uyğun olaraq şəxsi heyətə milli-mənəvi dəyərlərə sədaqət, möhkəm intizam, cəsurluq kimi müsbət keyfiyyətlərin qazanılmasında mühüm rol oynayan ictimai-siyasi hazırlıq dərsi keçirilir.

Qrup rəhbəri ulu öndər Heydər Əliyevin siyasi irsindən və onun Azərbaycanda ordu quruculuğundakı rolundan, Qarabağ müharibəsi tarixindən, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərbi qüdrətinin artırılması istiqamətində həyata keçirilən islahatlardan danışır.
Günün nizam qaydalarına görə hərbi hissənin dərs otaqlarında hər bir bölüyün yerinə yetirdiyi tapşırığa uyğun olaraq müxtəlif dərslər keçirilir. Döyüş hazırlığı dərsləri zamanı əsgərlərə silah və sursatdan düzgün istifadə etmə və təhlükəsizlik qaydaları öyrədilir.

Atəş hazırlığı dərsində təlimatçı zabit xüsusi gecəgörmə cihazlarının texniki göstəriciləri və imkanları barədə əsgərlərə dolğun məlumat verir.
Rabitə bölüyündə keçirilən dərslərdə əsgərlərə döyüş zamanı önəmli yer tutan rabitə sisteminin sirləri, yeni alınan rabitə avadanlıqlarının istifadə qaydaları öyrədilir.

Praktik dərslər üçün ayrılmış geniş sahədə hərbi hissənin zabitləri tərəfindən keçirilən məşğələlər zamanı əsgərlərə döyüş şəraitində düşməni məhv etməyin yolları öyrədilir. Təlimatçı zabitin göstərişindən sonra əsgər əl qumbarası ilə hədəfi məhv edir. Növbəti tapşırıqda isə mövqelərin dəyişdirilməsi ilə əl qumbarasının səngərdən atılması öyrədilir. Döyüş cütlükləri ilə hərəkət, maneələr zolağının dəf edilməsi və bu kimi döyüş tapşırığı dərsləri zamanı əsgərlər hər an hücuma hazır olmağın vacibliyini anlayaraq tapşırıqları dəqiq və qüsursuz yerinə yetirməyə çalışırlar.

Hazırda Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatlarında iştirak edən Sülhməramlı bölüyün xüsusi hazırlıq məşqlərini izləyirik. Bu tapşırığı yerinə yetirmək üçün Kabil Hava Limanının buraxılış məntəqəsinə uyğun olaraq şərti buraxılış məntəqəsi qurulub. Əsgərlər keçid məntəqəsində yoxlanış tədbirlərinin düzgün yerinə yetirilməsi qaydalarını öyrənirlər. Ümumiyyətlə isə alınan tapşırıqlar məşqlər zamanı tam yerinə yetirildikdən sonra hazır olan sülhməramlılar Əfqanıstana - missiyanın yerinə yetirilməsinə yola salınırlar.

Onu da qeyd edək ki, Sülhməramlı bölüyü Azərbaycan Silahlı Qüvvələrinin tərkibində 1997-ci ildə yaradılıb. O vaxtdan bəri Azərbaycan Sülhməramlı Qüvvələri İraqda, Kosovoda, Əfqanıstanda sülhün dəstəklənməsi proqramlarında iştirak edib. Bu gün də onlar bu missiyanı könüllü şəkildə layiqincə davam etdirirlər.

Ölkəmizdə rəsmi səfər edən qonaqların qarşılanmasında, bayram və paradlarda, şəhidlərin dəfn mərasimində iştirak edən Müdafiə Nazirliyinin Fəxri Qaravul bölüyünün hərbi hissədə məşq prosesini izləyirik. Müddətli hərbi xidmət qulluqçularından təşkil olunmuş bölük nümunəvi çıxışları ilə növbəti dəfə də bizə qürur hissi yaşatdı.

Şəxsi heyətin fiziki cəhətdən də hər an hazır olması üçün qidalanma xususi yer tutur. Yeməkxanaya ayaq basan andan hərbi qulluqçuların gündəlik qida rasionunun yüksək səviyyədə təşkil olunduğunu görmək mümkündür. Elə hərbi hissədəcə isti çörək və bulkalar bişirilərək bir baş əsgərlərin süfrəsinə gəlir. Gün ərzində şəxsi heyətə 3 dəfə yemək hazırlanır. Milli mətbəximizə isə xüsusi üstünlük verilir. Təklif olunan yeməklərin çeşid müxtəlifliyi, hər bir əsgərə ürəyi istəyən yeməyi seçmək imkanı verir.

Hərbi hissədə müasir tələblərə cavab verən, tamamilə avtomatlaşdırılmış hamam-camaşırxana kompleksi fəaliyyət göstərir. Burada camaşırlar yuyulub, ütülənib çeşidləndikdən sonra yenidən bölmələrə təhvil verilir.
Şəxsi heyətin geyiminin səliqəliliyini qorumaq məqsədilə burada dərzi otağı da yaradılıb. Hamamxana bölməsində isə əsgərlərin yuyunması üçün hər bir şərait var və eyni zamanda sauna da fəaliyyət göstərir.

Silahlı Qüvvələrdə şəxsi heyətin sağlamlığının qorunması ən vacib məsələlərdən biridir. Hərbi hissədə fəaliyyət göstərən Tibb xidməti bölməsində peşəkar həkim qrupu şəxsi heyətin sağlamlığının keşiyində şərəflə xidmət edir. Bölmədə tibbin ən son yeniliklərini özündə əks etdirən avadanlıqlarla təmin edilmiş stomatoloji kabinet, gözün xüsusi müayinəsini həyata keçirən oftolmoloq otağı, xəstəliklərin ultrasəs müayinəsi və ümumi müayinə kabinetləri, kardioloq və sarğı otaqları fəaliyyət göstərir.

Xəstəliklərin qarşısının əvvəlcədən alınması məqsədilə mütəmadi olaraq bölmələrdə geniş profilaktik işlər aparılır, xəstəliktörədən viruslardan qorunmağın yolları haqqında tövsiyyələr verilir. Hərbi texnika və canlı qüvvələrin döyüş nöqtəsinə vaxtında çatdırılmasında böyük rolu olan hərbi hissənin avtomobil parkı adi günlərdən birini yaşayır. Günün nizam qaydalarına uyğun olaraq sürücülər avtomobillərə texniki qulluq göstərirlər. Həftənin şənbə günləri keçirilən park günlərində isə avtomobillər bir daha xüsusi yoxlama və baxışdan keçirilərək hazır vəziyyətə gətirilir.

Hərbi hissədə gün ərzində döyüş hazırlığı ilə yanaşı mənəvi-psixoloji vəziyyətin yüksək səviyyədə saxlanılmasına da xüsusi önəm verilir. Şəxsi heyətdə mənəvi kamillik və estetik mədəniyyətin yüksəldilməsi məqsədilə gün ərzində 2 saat müddətində asudə vaxt təşkil olunur. Bunun üçün ideoloji otaqda hər bir şərait yaradılıb. Bu müddət ərzində onlar qəzet, jurnal və kitab mütaliəsi edir, stolüstü oyunlar oynayır, istirahət otağında hərbi vətənpərvərlik mövzularında filmlərə tamaşa edirlər.
Hərbi hissədə hər bir bölüyün şəxsi əşyalarının saxlanma otağı mövcuddur. Bu otaqda Fəxri Qaravul bölüyünün səxsi heyəti geyim formalarını səliqəli şəkildə saxlaya bilir ki, bu da onların hər zaman səbrsizliklə gözlədikləri qələbə paradına hazır olduqlarını göstərir.

Bu gün hərbi hissələrdə yaradılan şərait, şəxsi heyətin yüksək döyüş ruhu, Silahlı Qüvvələrin regionda qazandığı nüfuzu ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi bu fikrə bir daha işıq salır: "Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!"



AzVision.az


Teqlər: hərbçi   əsgər  





Xəbər lenti