"Yüksək ixtisaslı kadrlara ehtiyac var" - Məleykə Abbaszadə
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, insanlarda hələ həmin yerləri tutmaqla bağlı inam yaranmayıb.
DİN rəhbəri vurğulayıb ki, müsabiqənin test mərhələsində namizədlər məntiq, informatika və Azərbaycan dilindən daha yaxşı nəticə göstəriblər: “Lakin qanunvericiliklə bağlı sualların cavablandırılmasında çətinliklər müşahidə olunub ki, bu da qanunvericiliklə bağlı müəyyən sənədlərin tez-tez dəyişməsi ilə əlaqədardır. Məhz qanunvericilikdə olan dəyişikliklərlə əlaqədar bu il dövlət qulluğuna qəbul imtahanlarını il boyu keçirə bilmədik. Biz imtahanda mövcud qanunvericilik əsasında hazırlanmış suallardan istifadə edirik. Ona görə də namizədlər diqqətli olmalı və mütləq dəyişiklikləri izləməlidirlər”.
Mərkəz sədri onu da xatırladıb ki, hər bir icra orqanının rəhbərinin öz kadr siyasəti var: “Dövlət qulluğuna qəbul olmaq üçün iki növ (daxili və ümumi) müsahibə elan edilə bilər. Daxili müsahibənin keçirilməsi qərarını rəhbər şəxs özü verir. Yalnız həmin qurumda işləyən, vakant yerə iddiaçı olan şəxs daxili müsahibədə iştirak edə bilər. Qurumda hər hansı vakant yerə keçirilən ümumi müsahibədə isə dövlət qulluqçusu statusu olan başqa təşkilatlarda işləyənlər, eyni zamanda barəsində məlumatlar ehtiyat kadrlar bazasına daxil olan şəxslər iştirak edə bilərlər. Belə müsahibələr keçirilərkən icra orqanının səlahiyyətləri də məhdudlaşmır. Çünki keçirilən müsahibənin formasını biz yox, həmin orqanın rəhbəri müəyyənləşdirir.
Başqa məsələ budur ki, vakant vəzifələr regionlarda yerləşən dövlət orqanlarında olanda insanlar orada işləmək üçün həvəsli olmurlar. Bu sahədə müəyyən çatışmazlıq müşahidə olunur. Halbuki regionlarda yerləşən dövlət orqanlarında rəhbər vəzifələrə aid vakant yerlər mövcuddur və rayonlarda da yüksək ixtisaslı kadrlara ehtiyac var. Nədənsə, ölkədə insanların məhz Bakıda, amma aşağı vəzifədə işləməsi belə ailə-məişət mühitində uğur hesab olunur. Ancaq hamımız bilirik ki, paytaxtda işləyib yaşamaq daha çətindir. Çox vaxt gənclər valideynlərin himayəsi altında yaşamaq istəyirlər. Belə olmamalıdır. Gənclər öz sərbəstliyindən istifadə etməlidirlər. Öz üzərində çalışan hər bir insan regionda əmək fəaliyyətinə başlasa da, yaxşı vəzifəyə sahib ola bilər”.
DİM sədri qeyd edib ki, yeni ildən sonra inzbati icraçı (B növü) vəzifə qrupları üzrə müsahibələr elan olunacaq .
Aytən Zəhra
AzVision.az
Teqlər: DİM