Quba “ASAN həyat” kompleksi vətəndaşların xidmətində - (FOTOLAR)

Quba “ASAN həyat” kompleksi vətəndaşların xidmətində - (FOTOLAR)
  27 Dekabr 2017    Oxunub:9752
Bu ilin dekabrın 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Quba “ASAN həyat” kompleksinin açılışı olub.
Kompleks Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 12-ci Mərkəzidir. Qubanın Heydər Əliyev prospektində yerləşən, öz möhtəşəmliyi ilə seçilən Quba regional “ASAN həyat” Kompleksinin tikintisi yüksək səviyyədə həyata keçirilib.

“ASAN-xidmət”in təşkilatçılığı ilə bir qrup jurnalist kompleksin fəaliyyəti ilə yaxından tanış olmaq üçün Quba rayonuna səfər edib. AzVision.az-ın əməkdaşı da mediaturda iştirak edib.

“ASAN-xidmət”in informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov jurnalistlərə açıqlamasında bildirib ki, Quba “ASAN xidmət” mərkəzi 25 dekabr 2017-ci il tarixindən etibarən vətəndaşların istifadəsinə verilib.

Şöbə müdiri qeyd edib ki, Quba “ASAN xidmət” mərkəzi Quba, Qusar, Xaçmaz və Şabran rayonlarları üzrə ümumilikdə 500 minə yaxın vətəndaşa xidmət edəcək.



Mediatur çərçivəsində jurnalistlər kompleksdə yaradılan şəraitlə tanış olublar. Quba “ASAN Həyat” konsepsiyası Quba “ASAN xidmət” mərkəzi ilə yanaşı ictimai iaşə obyektlərini istifadəyə verib. Belə ki, vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə bilərlər. “ASAN Həyat” kompleksi vətəndaş rahatlığı üçün, həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.



“ASAN həyat” kompleksi 4 mərtəbəli inzibati binadan və 6 ictimai iaşə obyektləri üçün nəzərdə tutulan binalarından ibarətdir. Bunlar “ASAN xidmət” mərkəzi, “ABAD” mərkəzi, “ABAD” Məktəbi, Kinoteatr (2 zal, böyük 122 nəfərlik, kiçik 72 nəfərlik), Quba regional ASAN Təlim Mərkəzi, kafe və bank (ödənişlər üçün mərkəz). “ASAN Həyat” kompleksi üçün ayrılan ərazidə park, fontan və oturacaqlar, 91 yerlik avtomobil duracağı və digər rayonlardan gələcək vətəndaşlar üçün 2 avtobus dayanacağı yaradılıb. Həmçinin vətəndaşların istirahəti üçün park və uşaq meydançası salınıb.



Quba regional “ASAN xidmət” mərkəzində 10 dövlət orqanı (Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Milli Arxiv İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və İqtisadiyyat Nazirliyi) tərəfindən 32 növ xidmət göstərilir.



Eyni zamanda mərkəzdə 112 növ funksional yardımçı xidmətlər (bank
xidmətləri, sığorta xidmətləri, hüquqi yardım xidmətləri, tərcümə xidmətləri və
s.) təşkil edilib. Mərkəzdə əməkdaşların sayı 170, könüllülərin sayı 45 nəfərdir.



Quba şəhəri, Heydər Əliyev prospekti 32-33 məhəllədə yerləşən Quba “ASAN xidmət” mərkəzi Quba rayonu (əhalisi 168 356), Qusar rayonu (əhalisi 96199), Xaçmaz rayonu (əhalisi 174800), Şabran rayonu (əhalisi 58 300) ərazisində qeydiyyatda olan, ümumilikdə 497 655 vətəndaşa xidmət göstərir.



Şimal regionunda rəqabətqabiliyyətli ailə təsərrüfatlarının qurulmasına dəstək göstərən Quba regional “ABAD” mərkəzində ailə təsərrüfatlarına biznes-planlaşdırma, marketinq, dizayn və brendinq, hüquqi yardım, maliyyə-mühasibat, logistika, satışın təşkili xidmətləri göstəriləcək. Məqsəd şimal regionunda yeni ailə brendləri yaratmaq, ailə təsərrüfatlarının məhsullarının daxili və xarici bazarda satışını təşkil etmək, özünüməşğulluq proqramının icrasına dəstək göstərməkdir.



Həmçinin burada “ABAD” Məktəbi yaradılıb. Quba regional “ABAD” mərkəzinin tabeliyində yaradılan “ABAD” məktəbində xalçaçılıq, tətbiqi incəsənt və nəzəri kurslar olmaqla, üç istiqamət üzrə dərslər keçiriləcək. Məktəbdə şimal regionunda dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olan “ABAD”çı ailələrin sayınıartırılması istiqamətində iş aparılacaq, təlimlər keçiriləcək, o cümlədən ərzaqməhsullarının istehsalı ilə məşğul olan ailə təsərrüfatları üçün biznes-planlaşdırma, marketinq, maliyyə-mühasibat kimi sahələrdə nəzəri kurslar təşkil olunacaq.



Quba regional ASAN Təlim Mərkəzi “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən əməkdaşlara, digər dövlət orqanları və funksional xidmət əməkdaşlarına və xidmət sahəsində fəaliyyət göstərən digər dövlət və özəl müəssisələrin əməkdaşlarına ASAN təcrübəsi əsasında formalaşmış vətəndaş axınının idarə olunması, stressin idarə olunması, etik davranış və s. təlimlərin keçirilməsini təmin edəcək.









Anar Kəlbiyev
AzVision.az


Teqlər: ASAN-xidmət   Quba  





Xəbər lenti